Aqrar Universitetlə Ege Universiteti arasında ikili diplom proqramı ilə bağlı növbəti görüş keçirilib
"2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin üzvləri, Kənd Təsərrüfatı Nazirliyinin və Elm və Təhsil Nazirliyinin nümayəndələri Ege Universitetində səfərdədirlər.
 
Bu barədə universitetdən "Azərbaycan müəllimi"nə xəbər verilib ki, səfərin ilk günündə Azərbaycan nümayəndə heyəti Ege Universitetinin rektoru Necdet Budakla görüşərək, ikili diplom proqramının fəaliyyəti haqqında fikir mübadiləsi aparıblar.
 
Sonra beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin üzvlərinin və qonaqların iştirakı ilə rəhbər komitənin növbəti iclası keçirilib.
 
İclasda ADAU-nun rektoru Zəfər Qurbanov, Ege Universitetinin rektoru Necdet Budak, Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Aparat rəhbəri Azad Cəfərli, KTN-nin Aparat rəhbərinin müavini, Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov, müdir müavini Emin Əliyev, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman, həmin şöbənin baş məsləhətçisi Vüsalə Qurbanova, “2019-2023 Dövlət Proqramı”nın İdarəetmə qrupu üzrə layihə rəhbəri Aytən Şadlinskaya, ikili diplom proqramının direktoru Lamiyə Quliyeva, proqram katibi Elcan Məmmədov və Ege Universitetinin əməkdaşları iştirak ediblər.
 
Zəfər Qurbanov iclasda çıxış edərək, proqramın uğurla həyata keçirildiyini və gələcəkdə daha da təkmilləşdirilərək fəaliyyət istiqamətlərinin genişləndiriləcəyini diqqətə çatdırıb.
 
Sonra proqram direktoru Lamiyə Quliyeva proqramın uğurlu icrası ilə bağlı geniş təqdimatla çıxış edib.
 
Sonda cari məsələlər müzakirə olunub.


12.06.2024 | 10:47