2023-2024-cü tədris ilində BŞTİ tərəfindən 16 layihə həyata keçirilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 2023-2024-cü tədris ili ərzində məktəblərdə 16 layihə həyata keçirilib.
 
İdarədən "Azərbaycan müəllimi"nə bildirilib ki, “Məktəbdə...”, “Yaşıl layihə: Təbiəti qoruyanlar”, “Ailəm və məktəbim”, “7-dən 17-yə vətənpərvər!”, “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi”, “Dəyərlərimizi qoruyaq!”, “Onlayn kitab klubu”, “Zərərli vərdişlərə birlikdə yox deyək”, “Yeniləşən məktəb”, “Bir məktəb - bir klub”, “İdmansevərlər”, "Məktəblilər “Ədibin Evi”ndə", “Valideyn-müəllim-şagird üçbucağı”, “Məktəblərin əməkdaşlığı ilə 45 dəqiqəlik dərs nümayişi”, “Valideyn-müəllim-şagird üçbucağı” və valideynlər üçün “Payız məktəbi” adlı layihələrin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, istedadlı şagirdləri aşkara çıxarmaq, mütaliəyə marağı artırmaq, həmçinin paytaxt məktəblərinin fəaliyyətini daha geniş auditoriyaya təqdim etməkdən ibarətdir.
 
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri, eyni zamanda, Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Rəqəmsal bacarıqlar”, “eTwinning Plus”, STEAM, “Məktəblərdə Məhəmməd Füzuli ayı” layihələrində fəal iştirak edib.
 
Həmçinin paytaxt məktəblərində Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə tərəfdaşlığı ilə OCEP layihəsi (Olimpiya Mədəniyyəti və Təhsili Proqramı) həyata keçirilib. Layihəyə BŞTİ-nin tabeliyindəki 43 məktəb cəlb olunub.


12.06.2024 | 12:00