105 yaşında magistr dərəcəsi aldı
Amerikalı Virciniya Hislop iyunun 16-da Stenford Universitetinin magistri dərəcəsini alıb. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, V.Hislop 1936-cı ildə Stenford Universitetinin Təhsil Məktəbinə daxil olduqda onun planı bakalavr dərəcəsi almaq idi. Bakalavr təhsilini bitirdikdən sonra, 1940-cı ildə  magistr dərəcəsi almaq fikrinə düşür.  
 
Lakin kurs işini başa vurduqdan sonra və diplom işini təhvil verməzdən əvvəl  hərbiçi Corc Hislopla ailə qurub. Corc Hislop İkinci Dünya müharibəsi dövründə hərbi xidmətə çağırılıb. Buna görə də Virciniya magistr dərəcəsi ala bilməyib. 83 il keçdikdən sonra o, Stenforda qayıdaraq magistr təhsilini tamamlayıb.
 
Stenford Universitetinin Təhsil Məktəbinin dekanı Daniel Svarts məzun günündə “bu gün biz 105 yaşlı məzunumuza təhsil sahəsində magistr dərəcəsi verməkdən qürur duyuruq" deyib.
 
Qoca məzun orta məktəblərdə və məktəb şuralarında 80 ildən çox müddət ərzində müəllimlik və təhsil fəaliyyəti ilə məşğul olduqdan sonra magistr dərəcəsinə sahib olub.  
 
Hazırda Hislop vaxtının əksəriyyətini ictimai işlərlə məşğul olmaqla, oxumaqla, ünsiyyətlə və bağçada işləməklə keçirir.
 
“Ondan öyrəndiyim ən böyük dərs heç vaxt oxumağı dayandırmamaqdır”,-deyə kürəkəni  Doug Jensen bildirib. "O, doymamış oxucudur və 105 yaşında hələ də aktiv hərəkət edir". 
 
Ötən illərə baxan Hislop Stanfordda keçirdiyi vaxta və bu müddət ərzində ictimaiyyətdəki tərəfdaşlarından öyrəndiklərinə, tələbələrə təsir göstərə bildiyinə görə təşəkkür edir.
 
"Düşünürəm ki, bu illər ərzində yerli məktəb sistemimiz üçün çox yaxşı işlər görmüşəm və onun inkişafına kömək etmişəm. Mənim üçün bu dərəcə yerli məktəblərdə və müxtəlif məktəb şuralarında çalışdığım illərin qiymətidir".
 
Təqdimat mərasimində dekan Daniel Şvarts qeyd edib ki, V.Hislop "nəhəng təhsil nailiyyətləri ilə dolu bir həyat sürüb".
 
Mərasimdə qocaman məzunu həmkarları, ailə üzvləri, nəvə-nəticələri alqışlayıblar. 
 
"Allahım, mən bu günü çoxdan gözləyirdim”, - deyə 105 yaşlı məzun bildirib. 
 
Oruc Mustafayev


19.06.2024 | 09:00