İlahə Rəsulova: Valideynlərin təhsil və peşə səviyyəsi şagirdlərin oxu nailiyyətlərinə təsir edir
Oxu savadlılığı fərdlərin bilik və bacarıqlarının inkişafı üçün həm akademik nailiyyət, həm də şəxsi inkişafın əsas faktorudur. Məhz bu səbəbdəndir ki, beynəlxalq tədqiqatlarda da şagirdlərin oxuyub-anlama bacarığı önəmli faktorlardan biri kimi götürülür və müxtəlif alətlər vasitəsilə ölçülür.
 
Oxuyub-anlama bacarığı nədir?
 
Oxuyub-anlama yalnız akademik nailiyyət üçün deyil, həm də bütün həyat üçün vacib bacarıqlardan biridir. Bu konseptə yanaşmalar müxtəlifdir. Uzun illər oxuyub-anlama mətnlərinin hərfi mənada başa düşülməsi bütün söz və ifadələrin anlaşılması kimi qəbul edilirdi. Bir çox ölkələrdə və məktəblərdə bu yanaşma hələ də mövcudur. Oxuyub-anlama koqnitiv bacarıqların (sözlərin mənasını anlamaq, lüğəti genişləndirmək, sintaktik biliklər və s.) və metakoqnitiv bacarıqların (düşünmək, problem həlli, analitik düşünmək, özünü qiymətləndirmək, öz səhvlərini düzəldə bilmək) vəhdətini təşkil edən mürəkkəb bacarıqlar toplusudur. Bununla yanaşı, oxuyub-anlama həm də əvvəlki bilik və təcrübə ilə indi əldə edilmiş məlumatı müqayisə etmək, əlaqəni tapmaq bacarığıdır. Mətni oxuyarkən oxucunun əvvəlki bilik və təcrübələri, mətndəki məlumatdan istifadə edərək son nəticəni tapması da oxuyub-anlama bacrığının meyarlarından biridir. 
 
Oxuyub-anlama bacarıqlarının qiymətləndirilməsi
 
Oxuyub-anlama bacarıqlarını ölçmək üçün bir neçə beynəlxalq qiymətləndirmə proqramları var. Bunlardan biri PIRLS - Oxu Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Tədqiqatdır (Progress in İnternational Reading Literacy Study). PIRLS hər 4 ildən bir keçirilir və 4-cü sinif şagirdlərinin bədii və elmi mətn üzrə oxuyub-anlama bacarıqları üzrə qiymətləndirmədir. Bu tədqiqat iki məqsədlə aparılır:
-  Oxu savadlılığını qiymətləndirmək;
-  Oxunan mətndən məlumatı əldə etmək və ondan istifadə etmək bacarığını ölçmək: 
a) açıq şəkildə olan məlumatı əldə etmək; 
b) nəticə çıxarmaq; 
c) fikir və məlumatları təfsir və inteqrasiya etmək;
d) məzmun, dil və mətn elementlərini nəzərdən keçirib qiymətləndirmək. 
 
PIRLS 2016
 
Oxuyub-anlamanın beynəlxalq miqyaslı əhəmiyyətliliyini nəzərə alaraq 2016-cı il PIRLS statistik məlumatlarından istifadə edərək Azərbaycanda 4-cü siniflərin oxuyub anlama- bacarıqları ilə ona təsir edən faktorlardan biri olan valideynlərin təhsil-peşə əlaqəliliyi təhlil edilib. PIRLS 2016-nın nəticələrinə əsasən bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da 4-cü sinif şagirdlərinin oxuyub-anlama bacarıqlarının beynəlxalq standartlardan (500 bal) aşağı olması üzə çıxıb (472 bal). PIRLS 2016 hesabatına görə şagirdlərin oxuyub-anlama bacarıqlarına təsir edən faktorlardan biri valideynlərin sosial-iqtisadi rifahıdır. 
Sosial-iqtisadi status adətən 3 meyarla ölçülür: 
1. valideynlərin gəlirləri; 
2. valideynlərin təhsili;
3. valideynlərin peşəsi.
 
Valideynlərin təhsil səviyyəsi və uşaqların oxu nailiyyətləri
 
PIRLS beynəlxalq qiymətləndirmə hesabatlarında valideynlərin təhsil səviyyəsi ilə 4-cü sinif şagirdlərinin oxuyub-anlama bacarıqları arasında müsbət asılılıq göstərilir. Bunun səbəblərindən biri təhsilli valideynlərin uşaqların akademik nailiyyətlərini arzulaması, evdə oxu mühiti yaratması, uşaqları ilə birlikdə savadlılıq fəaliyyətlərinə qoşulmalarıdır. Sosial durumu yaxşı olan valideynlər savadlılıqla bağlı fəaliyyət və resurslara dəyər verir, uşaqlarının akademik nailiyyətləri və ömürboyu öyrənmə prosesini dəstəkləyirlər. Araşdırmalar valideynlərin təhsil səviyyəsinin övladlarının oxu materiallarına əlçatanlılığına və son nəticədə onların oxuyub-anlama bacarıqlarına müsbət təsir göstərdiyini üzə çıxarıb.
 
Valideynlərin peşə səviyyəsi və uşaqların oxu nailiyyətləri
 
Uşaqların oxuyub-anlama bacarığına təsir göstərən digər faktor valideynlərin peşə səviyyəsidir. Belə ki, valideynlərin peşə statusu onların bilik və təcrübələrinin yüksək olması kimi dəyərləndirilir. Yüksək gəlirli əmək fəaliyyəti ilə məşğul olan valideynlər övladlarının təhsilinə sərmayə yatırır, onların formal təhsili və oxu ilə bağlı fəaliyyətləri üçün evdə zəngin oxu mühiti yaradırlar. Aşağı gəlirli əmək fəaliyyəti ilə məşğul olan valideynlər uzun iş saatları, aşağı maaş səbəbindən övladlarının oxu ilə bağlı fəaliyyətlərinə kifayət qədər diqqət ayırmırlar. Onlar uşaqların daha çox formal təhsilinə fokuslanırlar (bilik alması, söz ehtiyatının zənginləşdirilməsi) və  məktəbdənkənar oxu fəaliyyətini çox da dəstəkləmirlər.  
Peşələrin növləri ilə uşaqların oxu nailiyyətləri arasında  da bağlılıq var. Valideynləri fəhlə və ticarətlə məşğul olanların övladlarının oxu nailiyyətləri digərləri ilə müqayisədə daha aşağı olur. Əksər hallarda fəhləlik edənlər təhsilli olmurlar, ticarətlə məşğul olanların isə vaxtları az olur. Araşdırmalar belə deməyə əsas verir.
 
Daha bir maraqlı fakt valideynlərin peşə və təhsil səviyyələrindəki fərqin uşaqların oxu bacarıqlarına təsiridir. Belə ki, valideynlərin peşə səviyyəsi ailənin sosial-iqtisadi statusunun meyarı kimi qəbul olunur. Fərziyələrdən biri budur ki, valideynlər yüksək təhsil pilləsinə çatmasalar da, daha çox gəlir əldə etmək məqsədilə müxtəlif işlərdə çalışır və beləliklə də, uşaqların təhsilinə daha çox yatırım edə bilərlər. 
 
PIRLS 2016 Azərbaycan konteksində 
 
2016-cı il PIRLS-in ölkə üzrə statistik məlumatlarının təhlilləri ataların təhsil səviyyəsinin uşaqların oxuyub-anlama bacarıqları üçün daha vacib olduğunu göstərir. Buna səbəb kimi qızların daha çox ailə qurmağı prioritet kimi görməsi, ailə qayğılarına görə təhsil səviyyələrini artıra bilməmələri və ya ailələrin daha çox oğul övladlarının təhsilinə önəm verməsi göstərilir.
 
Bununla yanaşı, beynəlxalq qiymətləndirmə proqramları valideynlərin peşə statuslarının da övladlarının oxu nailiyyətlərinə müsbət təsirini təsdiqləyir. Azərbaycan konteksində ataların peşə səviyyəsinin PIRLS 2016-da iştirak edən 4-cü siniflərin oxu nailiyyətlərinə vacib təsiri vurğulanır. Buna səbəb ataların karyera pilləsində irəliləməsi, anaların isə ailə qayğılarına görə iş həyatında irəliləmək istəməməsi və ya buna şəraitin olmaması göstərilir. 
 
Nəticə:
 
Beləliklə, PIRLS 2016-cı il tədqiqatının statistik məlumatlarına görə, digər ölkələrdə olduğu kimi Azərbaycanda da valideynlərin təhsil və peşə səviyyəsi 4-cü sinif şagirdlərinin oxu nailiyyətlərinə müsbət təsir etsə də, bu təsirlər ataların təhsil və karyera pilləsinin daha mühüm olduğunu göstərir.
 
İlahə Rəsulova
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri


20.06.2024 | 11:49