“Bilik və bacarığımı ölkəmin müasir inkişafına yönəltmək istəyirəm” - MIT-ni bitirən ilk azərbaycanlı qadının uğur hekayəsi
Son vaxtlar Azərbaycan gənclərinin parlaq zəkasından, istedad və bacarığından qürur hissi ilə danışır və yazırıq.
 
“Azərbaycan müəllimi” harada olmasından asılı olmayaraq əsas hədəfi təhsilimizin yetirməsi olaraq yüksək bilik və hərtərəfli dünyagörüşü ilə seçilmək, Azərbaycanı layiqincə tanıtmaq olan daha bir gəncimizin - Massaçusets Texnologiya İnstitutunu (MIT) bitirən ilk azərbaycanlı qadın Ləman Cəlilovanın uğur hekayəsini təqdim edir. 
 
Məktəb illərində fəal şagird kimi tanınırdım
 
- Ləman, oxucularımıza özünüz haqqında məlumat verməyinizi xahiş edirik.
 
- Bakı şəhərində ziyalı ailəsində anadan olmuşam.  Elm və Təhsil Nazirliyinin tabeliyindəki T.İsmayılov adına 6 nömrəli  məktəb-liseyin rus bölməsində təhsil almışam  və təhsil ocağını 2018-ci ildə qızıl medalla bitirmişəm. Orta məktəb illərində fəal şagird kimi tanınırdım. Belə ki, həmin dönəmlərdə “Nə? Harada? Nə zaman?” və “Xəmsə” Milli İntellektual Oyunu üzrə Azərbaycan çempionu olmuşam. Həmçinin təhsil aldığım məktəb-liseyin “Şən və Hazırcavablar Klubu” komandasının kapitanı  kimi Azərbaycan çempionluğunu qazanmışam. IX sinifdə “Dəniz suyundan alınan enerjinin avtomobillərdə tətbiqi” mövzusunda işlədiyim layihəm ilə “Sabahin alimləri” V Respublika Müsabiqəsində II yerə layiq görülmüşəm. Mən orta təhsillə yanaşı musiqi təhsili də almışam. K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbini fortepiano ixtisası üzrə “əla” qiymətlərlə bitirmişəm. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən konsertlərində iştirak etmişəm. 
 
 
Bakıda oxuyub Fransız Universitetinin diplomunu almaq unikal bir şansdır
 
- Ali məktəb seçimində Azərbaycan-Fransız Universitetinə ( UFAZ) üstünlük vermisiniz. Sizin üçün UFAZ-ın özəlliyi ...
 
- 2018-ci ildə 680 balla Azərbaycan-Fransız Universitetinin  “Kimya mühəndisliyi” ixtisasına daxil oldum. 
 Azərbaycan-Fransız Universitetini seçməyimdə  bir çox amillər var idi. Onlar arasında UFAZ-ı digər universitetlər arasında fərqləndirən ən önəmli səbəblərdən biri ikili diplomun əldə olunmasıdır. UFAZ tələbələri təhsillərini başa vurduqda iki milli diplom ədə etmək imkanına malikdir. Bunlardan biri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin diplomu, digəri isə seçilmiş ixtisasdan asılı olaraq Strasburq Universitetinin və ya Renn 1 Universitetinin diplomunun verilməsidir. 
 
Əlbəttə ki, fiziki olaraq Bakıda oxuyub Fransız universitetinin diplomunu almaq unikal bir şansdır. UFAZ-da dərslər və imtahanlar nə qədər çətin olsa belə, tələbələrin bilik və bacarıqları digər yerli universitetlərlə müqayisədə daha gözəçarpandır. Tam təhsili ingilis dilində almaq, fransız dilini xarici dil kimi intensiv şəkildə öyənmək, Fransadan gəlmiş professorlar tərəfindən gündəlik olaraq deyilən  mühazirə və  keçilən dərslərdə iştirak etmək, 2500 kvadrat metr sahəsi olan yeni, ən müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyada praktiki işlər aparmaq və ən əsası, yüksək bilik və bacarıqlara malik  tələbələrlə birlikdə  təhsil almaq imkanı və bu kimi çoxsaylı amillər UFAZ-ı ölkəmizin ən qabaqcıl universitetlərindən biri edir. UFAZ-ın tələbə və məzunlarının hazırda harada təhsil aldıqlarından və ya çalışdıqlarından  asılı olmayaraq əldə etdikləri uğurlar bu ali təhsil müəssisəsinin nüfuzunu daha da artırır. Təkcə bunlarla siyahı tamamlanmır- avropasayağı mühit də öz sözünü deyir. Dərslər arasında zənglərin olmaması, tənəffüslərdə tələbələrlə direktoru eyni masa arxasında söhbət edərkən görmək imkanı, Strasbuqda keçirilən yay məktəbi, tələbələr arasında olan sağlam rəqabətlilik və s. UFAZ-da tədris prosesini daha cəlbedici edir.
 
  
Təhsil prosesindən kənar tələbələr  bir çox müsabiqələrə qatılaraq qalib olurlar. Bilirsiniz ki, hazırda ölkəmizdə təşkil edilən hakatonlarda və startap müsabiqələrində demək olar ki, hər dəfə UFAZ-dan ən azı bir komanda qalıb olanlar sırasında yer alır.Təbii ki, əldə olunan uğurlara  bu universitetin  özünəməxsus  mədəniyyət və innovativ düşüncə tərzi  və böyük zəhmət nəticəsində nail olunur. 
 
Sual verə bilərsiniz ki, ixtisas olaraq niyə  kimya mühəndisliyini seçmişəm. Uşaqlıqdan dəqiq elmərlə və əsasən də riyaziyyata böyük maraq göstərmişəm.  Mühəndisliyə olan sevgim isə bəlkə də  məhz bundan, eləcə də  mühəndislər ailəsində böyüməyimdən irəli gəlir. Mənim babam  Azərbaycan MEA həqiqi üzvü, texnika elmləri doktoru, professor Qurban Cəlilovdur. Anam Nigar Cəlilova  hazırda “bp Azərbaycan” şirkətində  mühəndislik üzrə baş menecer vəzifəsini icra edir.
 
Kimya mühəndisliyi seçimimin arxasında duran əsas səbəb isə onun  kifayət qədər fənlərarası bir ixtisas olmasıdır. Belə ki, kimya mühəndisləri gündəlik işlərində layihədən asılı olaraq riyaziyyat, kimya, fizika, proqramlaşdırma, habelə iqtisadiyyat biliklərindən istifadə edə bilirlər ki, bu da mənə görə olduqca maraqlıdır. 
              
Mənim üçün ilk olmaq ölkəm adına qürurvericidir
 
 
- Siz Massaçusets Texnologiya İnstitutuna (MIT) tam təqaüdlə qəbul və məzun olan ilk azərbaycanlı qadınsınız. İlk olmaq sizin üçün nədir? Və MIT-in avantajları... 
 
- Əlbəttə ki, mənim üçün İlk olmaq ölkəm adına qürurvericidir. 2022-ci ildə UFAZ-ın tarixində ən yüksək göstərici ilə bakalavriatura pilləsindən məzun olaraq, dünya universitetləri reytinqində 1-ci yerdə qərarlaşan Massaçusets Texnologiya İnstitutuna (MIT) “Kimya mühəndisliyi” ixtisası üzrə magistraturaya  tam təqaüdlə qəbul oldum. Mənim üçün fəxrdir ki, bu il  həmin universiteti uğurla bitirən İlk Azərbaycanlı qadın kimi tarixə düşdüm. 
 
Bilirsiniz, MIT-də təhsil almaq insana  həyatda ən çətin problemlərlə üzləşərkən onları asanlıqla həll etməyə hazır edir. İşin ən əsas və ən böyük hissəsi tələbənin dərsdənkənar vaxtda öyrəndiklərindən asılıdır. MIT, həmçinin balanslı həyat aparmağı təşviq edir: bütün tələbələr nə qədər çox dərs oxuyub tədqiqat aparsalar belə, həmişə idmanla məşğul olmağa və əylənməyə də yetərincə vaxt ayırırlar. Bu ali təhsil müəssisəsində oxumağın digər üstünlüklərindən biri orada çalışıb oxuyan insanlardır, çünki günün sonunda  ən yaxşılardan öyrənmək və onların əhatəsində olmaq insanı mənəvi cəhətdən stimullaşdırır, yeni və daha innovativ düşüncə tərzini mənimsəməyə sövq edir.
 
 
- UFAZ-la MIT arasında təlim-tədrislə bağlı fərqliliklər barədə nə deyə bilərsiniz?
 
- Belə deyək də, ümumilikdə götürsək, Avropa və Amerikanın təhsil sistemləri də kifayət qədər fərqlidir. Hazırkı mərhələdə UFAZ digər ölkələrin ali təhsil müəssisələri ilə müqayisədə kiçik olmasına baxmayaraq  güclü bir universitetdir. MIT-ə gəldikdə gördüyüm ilk fərq kampusun olması idi. Əminəm ki, bir necə ilə UFAZ-ın da tədris və laboratoriya binalarından əlavə digər kampus elementləri də yaranacaq.
 
UFAZ-da hər semestrdə, adətən 8-12 fənn tədris olunur. Bu müxtəliflik tələbələrə hərtərəfli təhsil təcrübəsi əldə etməyə imkan verir. MIT-də bir semestr ərzində 4-5 dərs götürməli olurduq. Magistr kimi həmin fənnlərin bəziləri üçün seçim haqqımız var idi. Məsələn, mühəndislik oxuyaraq biznes və ya dillərə aid əlavə fənnlər də seçmək olurdu. Dərslərin sayca daha az olmasına baxmayaraq, proqramları daha intensivdir. Məsələn, hər fənn üzrə semestr boyunca həftəlik ev tapşırıqları verilir. Bundan əlavə olaraq, proqramlaşdırma bütün fənnlərin tərkib hissəsi idi. Çünki müasir dünya bütün problemlərin daha effektiv və avtomatlaşdırılmış halda həll olunmasını tələb edir. İmtahanlara gəldikdə isə, MIT-də bütün imtahanlar “açıq kitab” formatında keçirilirdi. Fikrimcə, fərqləndirici amil kifayət qədər çox olsa da, hər bir universitetin özünəməxsus özəllikləri vardır.
 
Həm təhsil almaq, həm də ictimai fəaliyyətlə məşğul olmaq 
- Ləman, siz ictimai fəaliyyətinizlə də seçilirsiniz. Dayanıqlı İnkişaf Məqsədi 7 çərçivəsində Azərbaycanı Təmiz və Əlçatan Enerji üzrə səfir kimi Dubayda keçirilən COP28-də və Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı baş qərargahında baş tutan Dayanıqlı İnkişaf Məqsədləri (DİM) sammitində təmsil etmisiniz. 2022-ci ildən etibarən isə “Goal+” startapının İdarə Heyətinin üzvüsünüz, həmçinin sadalamadığımız digər tədbirlərdə də adınız keçir. Həm də gündəlik dərslər, yeni biliklər əldə etmək, eyni zamanda ictimai fəaliyyətlə məşğul olmaq sizə çətin deyildi ki?
 
- Düşünürəm ki, insan qarşısına  məqsəd qoyanda bütün çətinliklərin öhdəsindən asanlıqla gələ bilər.Yetər ki, işində məsuliyyətli olasan və sənə göstərilən etimadı layiqincə doğrultmağı bacarasan. İlk işlərimdən biri hələ  UFAZ-da təhsil alarkən Tələbə Şurasının sədri olaraq 2020-ci ildə Fransa Prezidenti Emmanuel Makrona Qarabağ haqqında həqiqətləri çatdıran və ədaləti tələb edən məktub ünvanlamaq oldu.  
2019 və 2021-ci illərdə dünyanın ən böyük və  gənclər liderliyi sammiti sayılan “One Young World Summit”də Azərbaycanı təmsil etmişəm. 2021-ci ildə 7-ci Dayanıqlı İnkişaf Məqsədi - Sərfəli və təmiz enerji üzrə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən gənc səfir seçilmişəm. 2023-cü ildə Azərbaycanı BMT-nin qərargahında keçirilən “Economic and Social Council (ECOSOC) Youth Forum” və “SDG Youth Weekend” kimi tədbirlərdə çıxış edərək ölkəmizi  təmsil etmişəm. Həmçinin 2023-cü ilin dekabr ayında Dubay şəhərində baş tutmus COP28-də panellərin birində Azərbaycanı təmsil etmişəm.
 
2019-cu ilin oktyabr ayından 2021-ci ilin mart ayına kimi “Avropa Gənclər Parlamenti Azərbaycan” İctimai Birliyində Fandreyzinq üzrə İdarə Heyətinin  üzvü kimi, 2021-ci ilin aprel ayından 2022-ci ilin may ayına kimi isə həmin təşkilatın İctimayyətlə əlaqələr üzrə vitse-prezidenti vəzifəsini könüllü olaraq icra etmişəm. 2023-cü ilin avqustunda  baş tutan və Avropanın 40 ölkəsindən 300 iştirakçını Azərbaycana toplayan “Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiya”sının əsas təşkilatçılarından biri olmuşam. 2023-cü ildə Almaniya Bundestaqı Beynəlxalq Parlament Təqaüdü (IPS) proqramının Azərbaycandan qalibi seçilmişəm. 2024-cü ilin mart ayından Almaniya Bundestaqının “Yaşıllar” partiyasında fəaliyyət göstərən deputatlardan birinin parlament köməkçisi kimi çalışıram.
Azərbaycan, türk , rus,  alman, ingilis və  fransız dillərində səlis danışır və yazıram.  
 
Mənim üçün həm mükəmməl təhsilə malik olmaq, həm də ictimai fəalliyyətimi müxtəlif sahələrdə davam etdirmək  zövqvericidir. Onu da qeyd edim ki, “Avropa nüvə araşdırmaları təşkilatı” (CERN) (Cenevrə, İsveçrə), “SOCAR Polymer”, “eiLink Tədqiqat Mərkəzi”, “BP”, “Shell” (Hyuston, Texas, ABŞ) və “Emirates Global Aluminium (EGA)” (Dubay, BƏƏ) kimi şirkətlərdə təcrübə proqramlarını da tamamlamışam.
 
 
Əsas olan, yeni çağırışlara və öyrənməyə açıq olmaqdır
 
- Gələcək hədəfləriniz... 
 
- Mənim istər yüksək səviyyəli təhsil almağım, istərsə də geniş ictimai fəaliyyətlə məşğul olmağım, elə, əslində gələcək hədəflərimə daha tez çatmağıma geniş imkanlar açır. Bütün  bilik və bacarığımı Azərbaycanın müasir inkişafına yönəltmək istəyirəm. Düşünürəm ki, xaricdə qazandığım bilik və təcrübələr ölkəmizdə fərqli sektorlarda proseslərin təkmilləşdirilməsində və idarə edilməsində mənə böyük yardım olacaq. Əsas olan, yeni çağırışlara və öyrənməyə açıq olmaqdır.
 
- Uğurlu bir gənc olaraq Azərbaycanlı tələbələrə tövsiyəniz?
 
- Azərbaycan gənclərinə olan ən başlıca tövsiyəm dayanmadan şəxsi inkişafa vaxt ayırmaq və özlərinə inamla yanaşmaqdır. Son illərdə ünsiyyətdə olduğum gənclərimizdə ən çox riskə getməkdən ehtiyat etmələrinin, onlar üçün hər hansısa  bir taleyüklü məsələlərin həllində qərar verməyə tərəddüdlə yanaşmalarının şahidi olmuşam.  “Bəlkə alınmadı?, Bəlkə heç müraciət etməyə dəyməz? Onsuz da qəbul almayacağam” kimi kəlmələri geridə qoyub, əslində  bizim üçün açılan şanslardan yararlanmaq lazımdır. Nəyəsə nail olmaq xoş bir hiss olsa da, onun arxasında əziyyət, əzmkarlıq və çox hallarda bir neçə uğursuzluq da durur. Bu gün hər bir Azərbaycan gəncinin nəinki böyük potensialı, həmçinin inkişafı üçün geniş imkanlar var. Bu gün ölkəmizdə yüzlərlə təcrübə proqramı, təqaüdlər, mentorluq görüşləri, aktiv fəaliyyət göstərən gənclər təşkilatları, onlayn resurslar və saysız-hesabsız  bu kimi şəxsi inkişafa təkan verən imkanlar var. Mən gənclərimizi bu imkanlardan vaxtında yararlanmağı, fürsətləri dəyərləndirməyi tövsiyə edirəm.  
 
SAMİRƏ KƏRİMOVA


21.06.2024 | 13:07