SABAH qrupları 10 yaşını qeyd edir - FOTOLAR
Beynəlxalq Muğam Mərkəzində SABAH qruplarının 10 illiyinə həsr olunmuş “SABAH” incəsənət festivalının ilk günü baş tutub.
 
Festivalın keçirilməsində məqsəd SABAH qrupları layihəsinin incəsənətlə bağlı müvafiq ali təhsil müəssisələrində təhsil alan tələbələrinin nailiyyətlərini nümayiş etdirmək, tələbələrin təhsilə və yaradıcılığa həvəsini artırmaq və milli mədəniyyətimizi təbliğ etməkdir.
 
Tədbirin ilk günündə elm və təhsil nazirinin müavini İdris İsayev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, tanınmış mədəniyyət və incəsənət xadimləri, ali təhsil müəssisələrinin rektorları və digər qonaqlar iştirak ediblər.
 
Əvvəlcə qonaqlar SABAH qruplarının tələbələrinin müxtəlif layihələri, əl işləri ilə tanış olublar. 
 
Festival Dövlət Himninin səslənməsi ilə başlayıb. Ardınca tədbirin açılışında çıxış edən İdris İsayev artıq 5-ci dəfədir keçirilən “SABAH” incəsənət festivalının əhəmiyyətindən və SABAH qruplarının uğurlu fəaliyyətindən danışıb. İ.İsayev, həmçinin qeyd edib ki, incəsənət sahəsində istedadlı gənclərin fəaliyyətini dəstəkləməliyik və beləcə, həmin gəncləri incəsənət sahəsində liderlərə çevirə bilərik.   
 
Sonra SABAH tələbələrinin ifasında musiqi proqramı təqdim edilib. Festivalın ilk günündə canlı tamaşalar göstərilib, klassik musiqi əsərləri ifa olunub, rəssamlıq, keramika, xalçaçılıq, qobelen və dizayn sahəsində SABAH tələbələrinin nailiyyətləri təqdim edilib. Festivalda, həmçinin memarlıq layihələri və ustad dərsləri təqdim olunub.
 
Antonio Vivaldinin "İkili Konsert"i ilə bədii hissəinin açılışını edən Gülnar Nəcəfova və Nəzrin Muradlı musiqinin incə nüanslarını dinləyicilərə ustalıqla çatdırdılar. Onları müşayiət edən Telmina Bayramzadə, Fidan Quluzadə, Ləman Piriyeva və Ülviyyə Mustafazadənin həssas notları konsertə xüsusi bir rəng qatdı. 
 
Daha sonra səhnəyə çıxan Cavidan Rəsulov Nordbert Burqmüllerin "Duet"ini klarnetdə ifa edərək salondakı hər kəsi musiqinin ahəngdar dünyasına apardı. İluzər İbrahimzadənin müşayiəti isə ifaya mükəmməl bir balans gətirdi.
 
Enrik Qranadosun "İspan rəqsi" fortepianoda Şəkərxanım Cavadzadə tərəfindən ifa edildikdə hər kəs ispan musiqisinin enerjisini dərindən hiss etdi. Ardınca Astor Pyatsollanın "Oblivion" əsəri klarnetdə Namiq Səlimovun ifasında Fidan Yunusun müşayiəti ilə səsləndi və tamaşaçıları duyğusal bir səyahətə çıxardı.
 
Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyasından "Fantaziya" əsəri Fidan Novruzova və Nərmin Hüseynlinin fortepianoda zərif və coşqulu ifası salondakı hər kəsi valeh etdi.
 
Karl Bomun "Daimi hərəkət"i, Tofiq Quliyevin "Vals"ı və Qara Qarayevin "İldırımlı yollar" baletindən valsı, simli ansambl "Detaşe SABAH" tərəfindən səsləndirildi. Əsmər Alxazova və Nuray Əliyevanın müşayiəti bu əsərlərə canlı və ruhlandırıcı ab-hava qatdı.
 
Fazıl Sayın "Paqanini mövzusuna variasiyalar" əsəri Rəşad Ağayevin fortepianoda ifasında dinləyicilərə fərqli və müasir musiqi təcrübəsi yaşatdı.
 
Şərif Bağırovun "Çahargəh" klarnet üçün işləməsi Cavidan Şeydayev tərəfindən ifa edilərkən, Ayla Həsənovanın müşayiəti ilə hər kəsi Azərbaycan musiqisinin zəngin melodiyalarına qərq etdi. Tofiq Quliyevin "Qaytağı" əsəri isə Nəriman Məsimovun fortepianoda ifasında səsləndi. İlk günün sonunda Dimitri Babayevin bədii rəhbərliyi ilə “SABAH” xorunun ifasında klassik musiqi proqramı təqdim olunub. Onların enerjili və dinamik ifası tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılandı və festivalın ilk gününü möhtəşəm bir notla tamamladı.
 
Xatırladaq ki, 24-25 iyun tarixlərində keçirilməsi planlanan festivalın sonuncu günündə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH tələbələrinin hazırladığı Qurban Səidin “Əli və Nino” tamaşası nümayiş olunacaq. 
 
Qeyd edək ki, 2014-2015-ci tədris ilində yaradılan SABAH qruplarının məqsədi tələbələrin intellektual və yaradıcılıq potensialının inkişafı və ixtisaslar üzrə kompetensiyalara tam yiyələnməsini, ali təhsilin keyfiyyətinin yüksəldilməsini və tədrisin təşkilində mütərəqqi forma və metodların tətbiqini təmin etməkdir.
 
Vaqif FƏTULLAYEV


25.06.2024 | 12:20