Strasburqda yay məktəbində iştirak edəcək tələbələrlə görüş keçirilib
İyunun 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov Fransanın Strasburq Universitetində təşkil olunan yay məktəbində iştirak edəcək Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələri ilə görüşüb.
 
Bu barədə "Azərbaycan müəllimi"nə UFAZ-dan məlumat verilib. Bildirilib ki, görüşdə rektor tələbələrə uğurlar arzulayıb və onların ölkəmizi, eyni zamanda universiteti layiqincə təmsil edəcəklərinə inamını vurğulayıb. O, yay məktəbinin tələbələrə verəcəyi üstünlükləri qeyd edib və bu müddətdə onlara verilən tapşırıqları vaxtında yerinə yetirməyi, həmçinin asudə vaxtlarından səmərəli istifadə etməyi tövsiyə edib.
 
Qeyd edək ki, UFAZ-ın 40 tələbəsi iyulun 1-dən iyulun 14-dək Fransanın Strasburq Universitetində təşkil olunan yay məktəbində iştirak edəcək. Yay məktəbinin proqramına gündəlik fransız dili kursları və danışıq klubları, eyni zamanda Strasburq Universitetinin elmi-tədris laboratoriyalarında dərslər daxildir. Proqramın mədəni hissəsinə yerli muzeylərə, beynəlxalq təşkilatlara ekskursiyalar daxildir. Yay məktəbində yalnız akademik göstəricilərinə görə fərqlənən tələbələr iştirak edəcəklər.


25.06.2024 | 17:16