ADPU-da Novruz bayramı şənliyi keçirilib

Martın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə baharın gəlişi və ilaxır çərşənbəyə həsr olunan bayram şənliyi keçirilib. Bayram şənliyində ADPU-nun rəhbərliyi, müəllim və tələbələri iştirak ediblər. Bayram şənliyində əvvəlcə tələbələrin Novruz bayramına həsr etdikləri rəsm sərgisinə və bayram xonçalarına baxış keçirilib.

 

Bayram şənliyində Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağrışaqədər hazırlıq fakültəsinin tələbələrinin və Bakı şəhər 47 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında “Arşın mal alan” tamaşası təqdim edilib. Tamaşa iştiakçılar tərəfindən maraqla qarşılanıb. Milli geyimdə olan tələbələrin və şagirdlərin musiqi sədaları altında ifa etdikləri rəqslər, bayramın rəmzlərindən və adətlərindən olan səməni, xonça, eyni zamanda Novruz personajları Kosa, Keçəl və Bahar qızın şən zarafatları tədbir iştirakçılarına xoş ovqat bəxş edib. Xalq artisti Zabit Nəbizadənin ifasında səslənən mahnılar tədbirə xüsusi rəng qatıb.

 

Qeyd edək ki, bayram tədbirinin ərsəyə gəlməsində Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağrışaqədər hazırlıq fakültəsinin müəllim və tələbələri yaxından iştirak ediblər.

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov tədbirin təşkilatçılarına təşəkkür edib, müəllim və tələbələrə bayram  təbriklərini çatdırıb.

 

Bədii-musiqili hissədən sonra universitetin həyətində Novruz tonqalı alovlandırılıb. Tələbə-gənclər tonqal ətrafında dövrə vuraraq rəqs edib, maraqlı konsert proqramı nümayiş etdiriblər.



13.03.2018 | 16:50