“Öyrədəndə xoşbəxt oluram”
Murad Allahverdiyev 2001-ci ildə Şərur rayonunda anadan olub. 2003-cü ildə valideynləri Bakıya köçdüyündən Naxçıvan deyil, Bakı məktəblisi olub. İndi isə tələbə magistrdir. Amma Azərbaycanda deyil, Rumıniyada. Rumıniyadan tələbə kimi Amerikaya da gedib çıxıb. Hökumətlərarası Təqaüd Proqramı ilə Rumıniyada Azərbaycan təhsilini, “İş və səyahət” Proqramı ilə isə Amerikada Azərbaycan işgüzarlığını təmsil edir.
 
Ailəsi polis olmağını istəyirdi, o müəllimliyə qərar verdi
 
Murad Allahverdiyevin Rumıniyada davam edən təhsil həyatı Bakı şəhəri 24 nömrəli tam orta məktəbdə başlayıb. Sonra abituriyent olub, ali məktəbə hazırlaşıb. X sinifdən abituriyent olmağın gərginliyini öz üzərində hiss etməyə başlayıb: “Bilirsiniz ki, abituriyenti olan hər ailə bu gərginliyi yaşayır. Ailəmdə polislər olduğundan məni də bu peşəyə təşviq edirdilər. Onların təkidi ilə Polis Akademiyasına hazırlaşırdım. O günlərdə ailəmin təsiri hissedilən idi”.
 
Ancaq bu təsir uzun çəkməyib: “Bir müddət sonra özünüdərk prosesi başladı. Həyata baxışım fərqli idi. Atamı razı saldım ki, son qərarı imtahandan sonra verək. Bu arada da onu öz qərarıma hazırlamağa çalışdım”.
 
Beləliklə, atası ilə razılaşıblar ki, imtahan nəticələrindən asılı olaraq ixtisas seçəcək. M.Allahverdiyevin imtahanı uğurlu keçib. O, 609 balla ixtisas seçimi mərhələsinə qatılıb. “Elə bir ixtisas seçməliyəm ki, xaricə çıxış imkanı yaratsın”, - deyə düşünsə də, ilk sırada müəllimliyi yazıb: “Ümumiyyətlə, 18 yaşlı biri üçün elə də asan deyil qərar vermək. Ona görə qərar verməkdə çətinlik çəkən yeniyetmə və gəncləri çox yaxşı anlayıram. Həqiqətən, seçmək çox çətin olur. Mən birinci yerə Azərbaycan Dillər Universitetinin “İngilis dili müəllimliyi”ni yazdım, elə bu ixtisasa da qəbul olundum və bakalavr təhsili almağa başladım. Çox həvəslə oxuyur, seçimimdən heç peşmanlıq duymurdum. Yaxşı müəllimlərim vardı, pedaqogikanı öyrəndim, necə öyrənməyi və necə öyrətməyi, bilgini ötürməyi öyrəndim. Burada anladım ki, öyrədəndə xoşbəxt oluram, bu prosesdən zövq alıram”.
 
Özündə yeni keyfiyyətlər, fərqli bacarıqlar aşkarlayan Murad Allahverdiyev bakalavr təhsilini uğurla tamamlayıb, ortalama 89 balla məzun olub.
 
Seçdiyi ixtisas - müəllimlik ona xaricə çıxış imkanı yaratmazdı hər halda, amma getməyinə də mane olmayacaqdı. Odur ki, o da bütün gücünü pedaqoji işi öyrənməyə sərf edib. Amma dostlarının təkidi ilə ağlına xaricdə təhsil fikri düşüb: “IV kursun sonlarına yaxın dostlarımın təkidi ilə onlarla birlikdə İELTS seftifikatı almaq üçün imtahanlara hazırlaşdıq və xarici ölkə macəram belə başladı”.
 
“10 üzərindən 9.7 nəticə ilə I kursu bitirdim”
 
Sonra başlayıb xaricdə təhsil almaq yollarını araşdırmağa: “Araşdırarkən diqqətimi Hökumətlərarası Dövlət Proqramları çəkdi və mən də şansımı sınadım. Rumıniya üzrə proqramın qalibi olduğum vaxt Estoniya və Polşadan da qəbullar almışdım. Estoniyanın Tartu və Polşanın Lodz universitetlərinə qəbuldan imtina etdim. Rumıniyanın Buxarest Universitetində təqaüdlə təhsil almaq imkanından yararlanmağa qərar verdim”.
 
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Hökumətlərarası Təqaüd Proqramı ilə “Təhsilin idarə edilməsi” ixtisası üzrə təhsil alan M.Allahverdiyev rumın dilində oxuyur: “Rumın dili öyrəndim, bu il 10 üzərindən 9.7 nəticə ilə I kursu bitirdim. İlk il üçün mükəmməl nəticəm var. Nəzərə alsaq ki, rumın dilində təhsil alıram və bu nəticəyə məhz rumın dilində nail olmuşam, özümlə qürur duya bilərəm”.
 
“Gəz, gör, öyrən və öyrət”
 
O bu prinsiplə yaşayır. Dediyinə görə, yeniyetməliyindən belə düşünür və pasport alan gündən də bu prinsipini gerçəkləşdirir: “Gəzməyi, səyahət etməyi çox sevirəm. Pasportumu alandan 1 ay sonra səyahətlərə başlamışam”.
 
Artıq Gürcüstan, İran, Türkiyə, Bolqarıstan, Macarıstan, Avstriya, İtaliya, Serbiyada olub: “Yeniyetməlik dövründən bəri belə düşünürəm ki, çox gəzib, çox öyrənmək və gördüklərini, bildiklərini, öyrəndiklərini başqalarına anlatmalısan”.
 
Amerika macərası
 
İyun ayının 15-dən isə Amerika macərası başlayıb. Sentyabr ayında bitəcək bu macəranın səbəbkarı da dostlarıdır: “Amerikadakı dostlarımın təhriki və təkidi ilə “Amerikada iş və səyahət” Proqramına müraciət etdim. Hazırda burada işləyirəm. Burada yaşamaq, işləmək, həyat qurmaq kimi arzum yoxdur”.
 
Müəllim işləməyə vətən yaxşı
 
Bir sözlə, Murad Allahverdiyev heyrətləndirən ölkə olmayıb. 21 yaşlı azərbaycanlı tələbə sentyabrda Amerikadakı “İş və səyahət” proqramını, gələn il isə Rumıniyadakı magistratura təhsilini tamamlayıb Azərbaycana qayıtmağın xəyalını qurur: “Fərqli mühitdə böyümüş biri üçün başqa bir yerdə sıfırdan başlamaq çətin olur. Öz ölkəmə qayıdıb işləmək istəyirəm. Hesab edirəm ki, uğurlu təhsilim olub və bu, mənə yaxşı iş imkanı yaradacaq. Ölkəmə qayıdandan sonra hərbi xidmət keçib sonra Elm və Təhsil Nazirliyinə müraciət edəcəyəm. Görüşlərimizdə nazirlik nümayəndələri mənim kimi kadrlara ehtiyac olduğunu demişdilər. Elm və Təhsil Nazirliyində hər hansi şöbədə işləməyi arzulayıram. Amma müəllim kimi işləmək, təcrübə yığmaq da məqsədlərimdən biridir, bu sahədə uğurlarım olsun istəyirəm”.
 
Ruhiyyə DAŞSALAHLI


05.07.2024 | 09:14