Balkan Riyaziyyat Olimpiadasından ölkəmizə qızıl medal gətirən ilk qız şagirdimiz - Uğur hekayəsi
Böyük olimpiadaların iştirakçısı
 
25-29 iyun tarixlərində Türkiyənin Antalya şəhərində Yeniyetmələrin 28-ci Balkan Riyaziyyat Olimpiadası (JBMO 2024) keçirilib. Olimpiadada 22 ölkədən 135 şagird iştirak edib. Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 9-cu sinif şagirdi Zəhra İbişova da qızıl medala layiq görülüb.
 
Uğurlarını “Azərbaycan müəllimi”nin oxucuları ilə bölüşən Zəhra deyir ki, 6-cı sinifdə oxuyarkən ilk dəfə riyaziyyat fənni üzrə keçirilən Respublika Fənn Müsabiqəsinə qatılıb və gümüş medala layiq görülüb.
 
"7-ci sinifdə isə kimya fənni üzrə RFO-da qızıl medal qazandım. 8-ci sinfin əvvəlində  Beynəlxalq Olimpiada Mərkəzinin seçimlərində iştirak edərək mərkəzin aşağı yaş qrupu üzrə, yəni 8-9-cu siniflərin olimpiada dərslərində iştirak etmək hüququ əldə etdim, elə həmin il Respublika fənn olimpiadalarında riyaziyyat fənni üzrə gümüş medal, həmçinin Özbəkistanın Daşkənd şəhərində keçirilən Əl-Xarəzmi Beynəlxalq Riyaziyyat Olimpiadasına seçilərək komandada ən yüksək nəticəni göstərib gümüş medala sahib oldum. Eyni zamanda 8-ci sinifdə onlayn formada təşkil olunan American Mathematics Competitions riyaziyyat yarışmasında dünya üzrə top 1%-ə düşdüm”.
 
Zəhra İbişova 9-cu sinfin əvvəlində yenə də Beynəlxalq Olimpiadalar Mərkəzinin yuxarı yaş qrupu üzrə seçimlərində iştirak hüququ əldə edib. Bu il həmçinin Gürcüstanın Tskaltubo şəhərində keçirilən Avropa Qızlar Riyaziyyat Olimpiadasında həvəsləndirici mükafata layiq görülüb. Bu olimpiadada bürünc medalı sadəcə 1 balla qaçırıb. Respublika Fənn Olimpiadasında və Əl-Xarəzmi Beynəlxalq Riyaziyyat Olimpiadasında isə qızıl medalla mükafatlandırılıb.
 
Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasından Azərbaycana qızıl medal gətirən ilk qız şagirdimiz
 
Gənc istedad Türkiyənin Antalya şəhərində keçirilən Yeniyetmələrin 28-ci Balkan Riyaziyyat Olimpiadasında (JBMO 2024) ən yüksək yerə layiq görülüb və qızıl medala sahib olub.
 
Qeyd edək ki, Azərbaycan məktəbliləri bu olimpiadaya 2010-cu ildən qatılıb və bu ilə kimi şagirdlərimiz 3 qızıl, 22 gümüş, 29 bürünc olmaqla, ümumilikdə 54 medal qazanıblar. Bu il ilk dəfə olaraq ölkəmiz yarışda ikinci yerə yüksəlib, həmçinin ilk dəfə bir qız şagirdimiz bu olimpiadada qızıl medal qazanıb.
 
"Sevincimi sözlə ifadə edə bilmirəm"
 
Zəhra deyir ki, qızıl medal qazandığını eşidəndə sevincinin hədd-hüdudu olmayıb: "Sevincimi sözlə ifadə edə bilmirəm. Sevinirəm ki, bu olimpiadadan qızlar arasında ilk qızıl medalı ölkəmə mən qazandırdım. Yaxşı hazırlaşmışdım və özümə güvənirdim. Çünki özümə qarşı çox tələbkaram. Bilirdim ki, yüksək nəticə göstərəcəyəm. Mənə dəstək olan müəllimlərim və valideynlərimin zəhməti, həmçinin çəkdiyim əziyyət gözümün önündə idi. Hər uğurum valideynlərimə və müəllimlərimə  böyük sevinc yaşadır. Hər dəfə uğura imza atanda liseyimizin pedaqoji heyəti məni xüsusi olaraq təbrik edir, sevinc və qürur hissi keçirdiklərini bildirirlər".
 
"Sosial şəbəkədən istifadə etmirəm"
    
Zəhra deyir ki, gələcəkdə hansı peşənin sahibi olacağını müəyyənləşdirməyib. Lakin bütün elmlərin açarının riyaziyyat olduğunu bilir: "Riyaziyyatın əsas olduğu bir peşəni seçməyi düşünürəm. Ali təhsilimi isə xaricdə davam etdirmək fikrindəyəm. Sosial şəbəkələrdən demək olar istifadə etmirəm. İnternetdən yalnız olimpiada materialları əldə etmək üçün faydalanıram. Vaxtımın çox hissəsini olimpiadaya ayırıram. Bu yolda valideynlərim, xüsusilə də anam mənə böyük dəstək olur.
 
Fortepiano və violonçeldə ifa etməyi bacarır...
 
Zəhra, eyni zamanda musiqi ilə də məşğul olur. Bu il Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin fortepiano ixtisasının 7-ci sinfini bitirərək məzun olub. Həmçinin bu məktəbin violonçel və rəsm ixtisasının 3-cü sinfini bitirib və 4-cü sinfə keçib. 2 alətdə - fortepiano və violonçeldə ifa edir. Klassik musiqiyə böyük marağı var. Müxtəlif konsertlərdə çıxış edir. Hələ fortepianonun 2-ci sinfində oxuyarkən, kamera orkestri ilə konsert verdiyini də qeyd edib. Zəhranın sözlərinə görə mütaliə etməyi çox sevir.
 
Sifai SƏFƏROVA


05.07.2024 | 13:22