ADNSU-nun rektor əvəzi “Nexus Lab” komandasının üzvləri ilə görüşüb
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əskərov “Nexus Lab” komandasının üzvləri ilə görüşüb.
 
Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən məlumat verilib.
 
Görüş zamanı müxtəlif beynəlxalq layihələrdə ölkəmizi uğurla təmsil edən komanda ilə əməkdaşlıq imkanları nəzərdən keçirilib. ADNSU-nun rektor əvəzi dosent Vazeh Əskərov bildirib ki, ADNSU hər zaman komandanı peşəkar baxımdan dəstəkləməyə, birgə layihələrə hazırdır. O, layihələrin inkişaf etdirilməsi baxımından komandanın müxtəlif yerli və xarici qurumlarla əlaqələr qurmasının önəmli olduğunu vurğulayıb.
 
Azərbaycan-Fransız Universitetinin icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova UFAZ-ın hər zaman öz tələbələrinin və məzunlarının uğurları ilə qürur duyduğunu və dəstək olmağa hazır olduğunu nəzərə çatdırıb.
 
Ardınca, komanda üzvləri gələcək planları barəsində məlumat veriblər. Bildiriblər ki, “Nexus Lab”ın növbəti hədəfi startapın tətbiqi mərhələsinə qədəm qoymaq, data elmi və süni intellektdən istifadə vasitəsilə aviasiya sahəsindəki problemlərin həllinə yönəlmiş ideyaları təklif etməkdir. Görüş zamanı komanda üzvləri müxtəlif aviaşirkətlərlə əməkdaşlıq haqqında planlarından danışıblar.
 
Sonda xatirə şəkli çəkdirilib.
 
Qeyd edək ki, UFAZ məzunları Ömər Nuruzadə, Gülər İsmayılova, Sənan Çəhərkamə, Dilbər Əliyeva, Araz Şəfiyev, Rəsul Əmirov və Müğdət Həsənovun yer aldığı “Nexus Lab” komandası 2022-ci ildə yaradılıb. Hazırda komanda üzvləri Mayami Universiteti, Strasburq Universiteti, Kolorado Mədən Məktəbi də daxil olmaqla, dünyanın müxtəlif universitetlərində magistratura səviyyəsi üzrə təhsil almaqdadırlar.
 
“Nexus Lab” komandası 2022-ci ildə "Azərkosmos"un əsas tərəfdaşı olduğu “ActInSpace 2022” layihəsində 1-ci yer tutmuşdu. Ardınca, “Nexus Lab” Fransanın Kann şəhərində keçirilən beynəlxalq “ActInSpace” kosmik texnologiyalar üzrə hakatonun qalibi olmuşdu. Nəticədə, tələbələr həm hakatonun Qran-prisini, həm də Avropa İttifaqının Kosmik Proqramlar Agentliyinin xüsusi mükafatını qazanıblar. “Nexus Lab” komandası yanacaq sərfiyyatının səmərəliliyi və karbon emissiyalarının azaldılması üçün uçuş trayektoriyalarını optimallaşdıran həll təklif etmişdi. Qaliblər Qran-pri mükafatı olaraq, “Airbus 310 Zero G” ilə çəkisizlik şəraitində uçuş imkanı qazanıblar.
 
Komanda həmçinin 2023-cü ildə Danimarkada “Business Cup” yarışmasında finalçılardan biri kimi ilk beşliyə daxil olmuşdu. 2023-cü ildə Bakıda keçirilən “InMerge İnnovasiya Sammiti” çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi “IDDA Awards” müsabiqəsində də “Nexus Lab” iştirak edərək, “İlin Kəşfi” nominasiyası üzrə yer tutmuşdu.
 
Komanda 2023-cü ilin noyabrında Millinet mükafatına layiq görülmüş, həmçinin Amerikada keçirilən “Redhawk” yarışmasında 1-ci yeri tutmuşdu. Nəticədə isə 5000 dollar məbləğinda pul mükafatı qazanmışdı.
 
“Nexus Lab” komandası “Baku ID 2024” yarışmasında da iştirak edərək, 1-ci yeri tutmuşdu. Nəticədə, komandanın təqdim etdiyi layihə SABAH.HUB tərəfindən 100.000 dollar, “Caucasus Venture” tərəfindən isə 25.000 dollar məbləğində mükafata layiq görülmüşdü.


11.07.2024 | 10:00