Xəzər Universiteti Avropanın ən yaxşı 400 universiteti sırasında yer alıb
Xəbər verdiyimiz kimi, iyulun 10-da dünyanın nüfuzlu “QS Quacquarelli Symonds” Agentliyi Avropanın ən yaxşı universitetləri reytinqinin ikinci buraxılışını – Avropa Şurasına üzv ölkələrin ali təhsil müəssisələrini əhatə edən “QS Europe University Rankings 2025” sıralamasını açıqlayıb. Xəzər Universiteti “QS World University Rankings: Europe 2025”-in nəşrinə əsasən, 12 pillə irəliləyərək, 360-cı yerdə qərarlaşıb. Eyni zamanda Qərbi Asiya universitetləri arasında 16-cı yeri tutub.
 
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, Xəzər Universiteti "Məqaləyə sitat gətirmə" üzrə 53 pillə irəliləyərək, Avropanın ən yaxşı 685 universiteti arasında öz mövqeyini gücləndirərək 17-ci yerdə qərarlaşıb.
 
Bu nüfuzlu reytinqdə Avropa Şurasına daxil olan 42 ölkədən 685 ali təhsil müəssisəsi yer alıb. Azərbaycandan siyahıda 9 universitet təmsil olunub.
 
Reytinq qlobal təhsil məkanında tanınma, tədqiqat nəticələri, tədris resursları, beynəlmiləlləşmə, məzunların işlə təminatı və digər göstəriciləri özündə birləşdirir.


11.07.2024 | 11:57