Tərbiyəçi-müəllimlərin sertifikatlaşdırılmasını zəruri edən nədir? - Ekspert rəyi
Məlum olduğu kimi, 2026-ci ilə qədər bağça müəllimləri də sertifikatlaşdırma prosesinə cəlb olunacaq. Bu prosesi zəruri edən amillərdən biri vaxtilə bağçalara bu sahəyə aidiyyəti olmayan şəxslərin müxtəlif yollarla işə qəbul edilməsi və tədricən ortaya çıxan neqativ hallardır. Bu kimi situasiyaların təkrarlanmaması, bağçalarda peşəkar müəllim və tərbiyəçilərin fəaliyyət göstərməsi məqsədilə sertifikasiya prosesinin keçirilməsi labüddür.
 
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, "Bağçam'' Uşaq Bağçaları Şəbəkəsinin təsisçisi Rasif Dünyamalıyev məsələ ilə bağlı “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, tərbiyəçilərin qanunla tənzimlənən öhdəlikləri var:
 
“Elm və Təhsil Nazirliyi işə məhz o şəxsləri götürməlidir ki, onların ali təhsili həmin qanunda qeyd olunan bəndlərə uyğun gəlsin. Monitorinq keçiriləndə məlum olur ki, bağçalarda çalışan çox sayda qeyri-ixtisas sahibi olan şəxalər var. Onların məktəbəqədər təhsillə bağlı hansı bilik və bacarığa malik olduqlarını heç kim bilmir. Bu mənada həmin şəxslərin bilik və bacarıqlarının hansı səviyyədə olduğunun müyyən edilməsi əsas öhdəliklərdəndir. Buna görə də mütləq şəkildə məktəbəqədər təhsil pilləsində də sertifikatlaşdırma olmalıdır və o şəxslərin bilik və bacarıqları qiymətləndirilməlidir”.
 
 
R.Dünyamalıyev qeyd edib ki, sertifikatlaşdırma eyni zamanda müəllimləri öz üzərində işləməyə, bilik və bacarıqlarını artırmağa təşviq edir:
 
“Təhsilverənlərin sertifikatlaşdırılması prosesi ərzində öz üzərində işləyənlər yüksək nəticələr toplayıb, bunu ciddi qəbul etməyənlər isə işdən çıxarılıb. Bu, belə də olmalı idi, başqa bir yolu yoxdur. Bu baxımdan tərəfdarıyam ki, sertifikatlaşdırma aparılsın və bütün cəmiyyət olaraq gələcəyimizlə kimlərin məşğul olduğunu bilək. Bu həm də ona görə vacibdir ki, biz təhsilverənlərin hansı öyrənmə ehtiyacları olduğunu bilək. Digər tərəfdən bunun maddi tərəfi də var. Yəni, bildiyiniz kimi, əmək haqlarının artırılması da birbaşa sertifikatlaşdırma ilə əlaqəli bir vəziyyətdir. Ümumimyyətlə bu prosesdən məktəbəqədər təhsili kənarda saxlamaq olmaz”.
 
ADPU-nun Təlim-Tədris Mərkəzinin müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim Xalidə Həmidova da bildirib ki, sertifikatlaşdırma təhsildə çox vacib bir amildir:
 
“Ümumiyyətlə, yalnız müəllimlikdə yox, istənilən peşədə sertifikatlaşmanın olması zəruridir. Sertifikatlaşdırma peşə sahibinin hansı dərəcədə müvafiq sahəyə yararlı olduğunun göstəricisidir. Vaxtilə ucqar yerlərdə məktəbəqədər təhsil müəssisələrində işləyə biləcək tərbiyəçi müəllimlərin çatışmazlığından müxtəlif ixtisası bitirənlərin bu müəssisələrə qəbulu baş tutub. Qanunvericiliyə fikir vermədən qeyri-ixtisas sahiblərinin işə qəbul olunması bir sıra neqativ halların ortaya çıxmasına da şərait yaradıb. Bu situasiyanın istənilən halda prosesə təsir etməsi çox böyük bir məsələdir və bu neqativi aradan qaldırmaq üçün sertifikatlaşdırmanın keçirilməsi bir növ prosesə dəstək olmaqdır. Proses bir tərəfdən də aidiyyəti qurumların hazırkı vəziyyəti müəyyən edə bilməsinə şərait yaradır”.
 
 
X.Həmidova əlavə edib ki, sertifikatlaşdırma prosesindən öncə diaqnostik qiymətləndirmənin aparılması bizə, ilkin olaraq, mövcud vəziyyətin necə olduğunu görməyə imkan verəcək:
 
"Növbəti addımda sertifikatlaşdırma mərhələsinə gediləcək və onun nəticələrinə görə bağçalarda faktiki olaraq çalışan tərbiyəçi-müəllimlərin mövcud bilik səviyyəsi müəyyən ediləcək”.

 
Günel ABBAS


15.07.2024 | 11:35