Elnur Nəsibov: “Məqsədimiz təhsil sahəsində çalışan daha çox insanı əhatə etməkdir” - MÜSAHİBƏ

Yarandığı cəmi 3 ildir. Bu müddət ərzində adından tez-tez söz düşən, işləri nümunəyə çevrilən, fəaliyyəti göz önündə olan bir təşkilatın - Təhsilin İnkişafı Fondunun qeydiyyat möhürünün suyu qurumadan əldə etdiyi razılaşmalar müqavilələrə çevrilib, əməli fəaliyyətə keçirilib. Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovla qət edilən uğurlu yola birlikdə nəzər salır, genişmiqyaslı fəaliyyətin statistikasını təhlil edirik.

 

İlk 3 ildə uğurlu layihələrimizi həyata keçirdik

 

- 3 il kiçik rəqəmdir, amma Təhsilin İnkişafı Fondunun 3 ilə sığdırdıqlarına baxanda rəqəm gözümüzdə böyüyür sanki...

 

- Əslində, Fondun effektiv fəaliyyət dövrü iki ildir. Belə ki, 3 il əvvəl, 2021-ci ilin iyulun 14-də dövlət başçısı İlham Əliyevin imzaladığı Sərəncamla Təhsilin İnkişafı Fondu Elm və Təhsil Nazirliyinin tabeliyində publik-hüquqi şəxs kimi yarandı. Yaradılandan bəri məqsədyönlü şəkildə fəaliyyət göstəririk. Məqsədlərimiz dövlət-özəl tərəfdaşlığı vasitəsilə təhsil sahəsində innovativ layihələrin həyata keçirilməsi  və proqramların icrasıdır. Bu ildən infrastruktur layihələrilə də məşğuluq. Fond hazırda 6 məktəbin tikintisi ilə məşğul olur. Belə ki, 2024-cü il üzrə əsas fəaliyyət istiqamətlərindən biri olan “Təhsil müəssisələrinin fiziki infrastrukturunun və maddi-texniki təminatının təkmilləşdirilməsi” istiqamətində Təhsilin İnkişafı Fondu və “Silk Vey Vest Aviaşirkəti” MMC arasında ianə müqaviləsi imzalanıb. Dövlət-özəl əməkdaşlığının bariz nümunəsi olan layihə çərçivəsində ölkəmizin müxtəlif şəhər və rayonlarında 6 ümumi təhsil müəssisəsinin tikintisini həyata keçiririk. 5 məktəb Abşeronda, 1-i isə Kürdəmir rayonunda inşa olunur. Layihənin uğurlu icrası nəticəsində təhsil müəssisələrində 4596 şagirdin təhsil şəraiti yaxşılaşdırılacaq.

 

Böyük sponsor qurumlarının dəstəyi ilə müxtəlif sosial layihələr həyata keçirilir. Bu məsələdə əsas diqqətimizi ali təhsil müəssisələrinə vermişik. Amma ümumi təhsil müəssisələrində də layihələrimiz var. Məsələn, Təhsilin İnkişafı Fondu ilə “Inci Group of Companies” şirkətinin birgə həyata keçirdiyi “Məktəblərə kitab ianəsi” layihəsi çərçivəsində regionlara kitab paylayırıq. Məktəbəqədər təhsil səviyyəsində də bəzi planlarımız var.

 

Bir sözlə, 3 il ərzində praktik layihələrimizi həyata keçirdik. Daha çox insanı əhatə edə bilən layihələrə, xüsusən Elm və Təhsil Nazirliyinin elan etdiyi 5 ən aktual mövzudan birinə - tələbə kartı ideyasına biz də qoşulduq.

 

Tələbələr üçün imtiyazlar verən vahid kart yaradılacaq

 

- Bu kart cəmiyyətdə böyük əks-səda yaratdı. Söhbət hansı imtiyazlardan gedir?

 

- Öncəliklə qeyd etməliyəm ki, bu layihə 200 minə yaxın tələbəni əhatə edəcək, yəni ölkə üzrə bütün bakalavr, magistr, doktorantların faydalanacağı bir layihədən söhbət gedir. Hazırda “Visa”, “Kapital Bank” beynəlxalq ödəmə sistemi ilə danışıqlar aparırıq ki, bu kart ölkəmizdəki bütün universitetlərin tələbələri üçün həm universitetlərə giriş kartı, həm bank ödəmə vasitəsi, həm də endirim kartı olsun, “Cashback” versin. Çalışırıq ki, bu kartla tələbələrimiz muzeylərdə, kitabxanalarda güzəştlər, sərgilərdə, nəqliyyatda endirimlər əldə etsinlər. Endirimlərin dəmir yolunda, o cümlədən uçuşlarda da tətbiqinə çalışacağıq. Bu məqsədlə həm də “AZAL”la danışıqlar aparacağıq. Bu istiqamətdə fəaliyyətimizi gücləndirmək istəyirik. Ümumi həcmli layihə kimi yataqxanalarla bağlı planlarımız var.

 

Bu ildən gəlir gətirən layihələrə başlayırıq

 

- Təhsil sahəsində nəticəsi 2026-cı ilə hədəflənmiş bir çox islahatlar həyata keçirilir. Təhsilin İnkişafı Fondunun hədəfləri hansı dövrü əhatə edir?

 

- Dövlət-özəl tərəfdaşlığını təhsilə cəlb etmək əsas hədəfimizdir. Özəl sahədə çox böyük potensial var. Təşkilati hədəfimiz odur ki, daha böyük sayda özəl sektor dövlət universitetləri ilə əməkdaşlıq etsin, innovasiya layihələri olsun. Hədəfi qarşımıza Elm və Təhsil Nazirliyi qoyub. 4 istiqamətdən biri elm və təhsil sistemində əməkdaşların maddi-sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə bonusların əməkhaqqılarına əlavə olunmasıdır. İkincisi, Elm və Təhsil Nazirliyinin istiqamət verdiyi sahələrə dəstək göstəririk. Məsələn, “Maarifçi”, “IELTS”, “Qızların təhsilinə dəstək” layihələrinin hər biri Elm və Təhsil Nazirliyinin göstərdiyi istiqamətlərdir. Üçüncüsü, fonddur. Kapitalın, toplanmış vəsaitin qorunması və artırılması fondun əsas vəzifəsidir. Bu ildən maliyyə və investisiyaların idarə edilməsi şöbəsi yaratmışıq. Fondun vəsaitlərinin - müxtəlif istiqrazlar, Mərkəzi Bankın banknotları və s., kapitalın idarə edilməsi əsas hədəfdir. IV istiqamət isə layihələrdir. İndiyədək sosial layihələr, yəni “Qızların təhsilinə dəstək”, “Women Tech” kimi  layihələr həyata keçirdik. Bu ildən dövlət-özəl tərəfdaşlığı ilə gəlir gətirə bilən layihələrə başlayırıq. Artıq 2 müqavilə imzalamışıq. SABAH.HUB və “NEQSOL Holdinq”lə bağladığımız müqavilələrə əsasən, 1000 m2 ərazidə İT məktəbi yaradılacaq. Məktəbin fəaliyyətinin birinci ilində 250-350 nəfər 10 aylıq proqramla İT təlimi keçəcək. İkinci müqavilə “BSC Capital”la imzalanıb. Bu razılaşma ilə 50 məktəbin idman meydançasının FİFA standartları ilə təmir olunması və birgə istifadəsi nəzərdə tutulub. Gələn gəlir fonda və təhsilə istiqamətləndiriləcək.

 

“Tərəfdaşlarımızın sayı artır”

 

- Söz davamlılıqdan düşmüşkən, “Qızların təhsilinə dəstək” məqsədli Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komtəsi ilə başladığınız layihə elə “Hənifə Məlikova - Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramı ilə məhdudlaşdımı, yoxsa başqa layihələrə də Komitədən dəstək verilir? Ümumiyyətlə, özəl və ya dövlət olmağından asılı olmayaraq, tərəfdaşlarınızın sayı artır. Bəs onlarla yaranan əməkdaşlıq nə qədər davamlı olur?

 

- “Hənifə Məlikova - Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramı 25 qızla başlayıb, artıq 80 qızı əhatə edir. Vahid Seçim Komitəsində mütəmadi görüşlər keçirilir, müzakirələr aparılır, planlaşdırılır. Qızların yalnız təqaüd alması deyil, mentorluğu, təcrübə proqramlarına cəlb edilmələri, təlimlər, ictimai tədbirdə iştirak məsələləri həll edilir. Bu layihədə iştirak etməkdə maraqlı şirkətlər var və layihəyə cəlb ediləcək qızların sayı bundan sonra da artmağa davam edəcək. Elm və təhsil naziri Emin Əmrullayevin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə yaradılan bu layihənin üstün cəhətlərindən biri də o oldu ki, qızlara dəstək məqsədilə həyata keçirilən digər layihələr  - “Zərif mühəndislər”, “Parla” bundan ilhamlandı və daha da konkretləşdi. Bu baxımdan layihəni yüksək dəyərləndiririk və əlavə donorlar olarsa, layihəyə cəlb olunanların sayını artıracağıq.

 

Qarşılıqlı əməkdaşlıqlarımızın uzunmüddətliliyinə gəlincə, doğrudur, tərəfdaşlarımızın sayı ildən-ilə artır. Qurulan münasibətlərimizin davamlı olması üçün tərəfdaşlıqlar qarşılıqlı maraqlara əsaslanmalıdır. Bunun üçün də fond əlindən gələni edir. Çalışırıq ki, tərəfdaşlıq məqsədli olsun. 

 

“Elə bir sistemli yanaşma tətbiq etmək istəyirik ki, regionlardakı tələbələri də əhatə etsin”

 

-  Qızlarla bağlı layihələrinizin ortaq nöqtələri var, aztəminatlı ailələrin qızları, təhsil göstəriciləri yaxşı olanlar təqaüd qazanır. İlk layihənizdə, əsasən, regionlardan olan qızlar seçilmişdi. Regionlardan olan, yaxud regionlarda təhsil alan tələbə qızların Təhsilin İnkişafı Fondundan  növbəti mərhələdə gözləntiləri ola bilərmi? Onlar üçün gözlənilən layihə, ya da bir plan varmı?

 

- Qızların təhsili üçün ilk layihə, yəni “Hənifə Məlikova - Zərdabi adına qızların təhsilinə dəstək” təqaüd proqramına bütün ixtisasları əhatə etdiyinə görə məhdudiyyət qoymamışıq. Amma digər iki layihə müəyyən sahələri əhatə edir. Mühəndislik və İT, kommunikasiyanı əhatə edən digər iki layihədə region məhdudiyyətini qoymadıq. Bakı və regionlardan olan və müəyyən ixtisaslar üzrə təhsil alan tələbələr arasından qoyulan tələblərə cavab verənləri seçdik. Ümumiyyətlə, sırf regionlarla bağlı deyil, regionları da əhatə edən irimiqyaslı layihələr həyata keçirmək istəyirik. Elə bir sistemli yanaşma tətbiq etmək, tələbə kartı, tələbə yataqxanası kimi elə mövzulara toxunmaq istəyirik ki, regionlardakı tələbələri də əhatə etsin.

 

“Təkliflər üçün mexanizm qurub icra edirik”

 

- Tezliklə təhsilin başqa səviyyələrində - ümumi təhsil və məktəbəqədər təhsil səviyyələrində TİF-in adını eşidəcəyik. TİF istedadlı uşaqlara dəstək verməyi planlaşdırırmı?

 

- TİF funksional deyil, yardımçı qurumdur. Hər problemi o sahənin peşəkarları görür və bilir. Hər hansı təklifimiz olanda da bunu qurumlarla razılaşdırırıq. Təklif şəklində irəli sürür, onların fikrini alırıq. Təhsilin İnkişafı Fondunun Elm və Təhsil Nazirliyi və onun tabe qurumları ilə işgüzar münasibətləri var və biz onların funksiyalarına daxil olan işlərini sadəcə olaraq dəstəkləməyə çalışırıq. Maliyyə dəstəyi, mexanizmlərin hazırlanması və icra ilə bağlı işləri görürük. Məsələn, hazırda Təhsildə Keyfiyyət Təminatı, Elm və Ali Təhsil üzrə Dövlət agentlikləri ilə danışıqlar gedir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Vətənə dəyər” adlı layihəsi ilə bizə müraciət edib. Layihə xaricdə dərs deyən azərbaycanlı müəllimlərin dəvət olunaraq bir semestr, ya da bir akademik il ərzində ölkə universitetlərində dərs deməsini, yaxud vətənə qayıtmaq istəyənlər üçün bu imkanı təmin etməyi nəzərdə tutur. Türkiyədə 300 müəllimimiz var. Layihə Türkiyədə, Avropada, Amerikada, Böyük Britaniyada yaşayıb işləyən müəllimlərin dəvət edilməsi ilə bağlıdır. Yaxud barəsində danışdığımız “Qızların təhsilinə dəstək” layihəsi təşəbbüsü Elm və Təhsil Nazirliyindən gəlib. IELTS-lə bağlı təklif də elm və təhsil nazirinin təşəbbüsüdür. Biz verilən təkliflər üçün mexanizmi qurub icra edirik. “Maarifçi” də belə gəldi. Nazirliyin İnsan resursları şöbəsi təklifi verdi, birgə qrup yaradıb məsələni müzakirə  etdik, dəstək verdik.

 

- Hazırlıq  mərhələsində olan başqa hansı təşəbbüslər var?

 

- Tələbə kartı və yataqxana üzərində çox ciddi işləyirik. Eyni zamanda universitetlərdə karyera mərkəzlərinin inkişafı yolları üzərində düşünürük. Hər təhsilin yekun məqsədi əmək bazarına məhsul hazırlamaqdır. Həmin məhsuldan özəl və dövlət qurumları istifadə edir. Baxırıq ki, universitetlərin məzunları işə tam hazır deyil, təcrübə keçməyiblər, iş şəraiti ilə tanış deyillər.Universitetlərdə karyera mərkəzləri ya yoxdur, ya da qənaətbəxş səviyyədə deyil. Bununla bağlı ali təhsil müəssisələrimizin rəhbərləri də vəziyyətdən razı deyillər, bizdən dəstək istəyirlər. Hazırda Dövlət Məşğulluq Agentliyi ilə bu sahəyə hansı formada dəstək verəcəyimizi müzakirə edirik.

 

“Gənc nəsil praqmatikdir, bəhrələnməsə, müraciət etməzdi”

 

- Fond 28 ali təhsil müəssisəsindən 300-dən çox tələbəni “Təhsilin inkişafında innovativ metodlar” müsabiqəsində birləşdirdi. Ötən il  IELTS imtahanında minimum 6.5 bal toplayan 300 nəfər akademik heyət üzvü və tələbənin ödənişlərini edərək Fond adını onların özkeçmişinə yazdı. “4Sİ Akademiyası” layihəsi çərçivəsində 10 minə yaxın şəxs “Coursera”nın təqdim etdiyi 700-dən çox kursa ödənişsiz qoşulmaq imkanı qazandı. Bu, nail olmaq istədiyiniz nəticə idi? Ümumiyyətlə, layihələrə başlayarkən nəzərdə tutduğunuz nəticələrə nail olmusunuzmu?

 

- Təhsilin İnkişafı Fondunun bütün proqramları ehtiyaclara əsasən müəyyən olunur. Ona görə səmərəli nəticələr verir. Məsələn, “IELTS imtahanına təşviq” layihəsinə 6 universitetlə başlamışdıq, artıq 9 universitetlə davam edirik. Bakı Mühəndislik, Sumqayıt Dövlət və Bakı Slavyan universitetləri sonradan qoşuldu. Hazırda 350-yə yaxın tələbə və müəllim bu layihədən bəhrələnib və biz onlara sertifikatlar təqdim etmişik. Bu, 2 il yarımda çox böyük nəticədir. Onların arasında dünyanın ən reytinqli universitetlərində IELTS imtahanından keçib dövlət xətti ilə xaricdə təhsil alanlarımız var. Bakı Dövlət Universitetində sertifikatların təqdimatında həm “Maarifçi”, həm də “IELTS imtahanına təşviq” layihəsində uğur qazanan tələbə ilə görüşdüm. Ona Elm və Təhsil Nazirliyinin Hüquq şöbəsində iş təklif olunub. Bu yaşda, BDU-nun hüquq fakültəsində təhsil ala-ala artıq ETN-dən iş təklifi alıb. Onun kimi 2-3 layihəmizdən bəhrələnən uğurlu gənclərlə tez-tez qarşılaşıram. Gənc nəsil praqmatikdir, bəhrələnməsə, müraciət etməz.

 

- 4Si Akademiyasında vəziyyət necədir?

 

- 200 minə yaxın insan bu platformadan ödəniş edərək yararlanıb. Deməli, tələbat var. Artıq 7000 nəfər bizim layihə çərçivəsində kurslardan yararlanıb və düşünürəm ki, növbəti tədris ilinədək hədəfimizə nail olacağıq. Hədəfimiz 10 min nəfərə lisenziya verilməsidir. Layihənin ikinci mərhələsinə hazırlıqlar başlayıb. 250 min nəfərlik daha geniş kütləni əhatə edəcək layihə həm də Azərbaycanca altyazılarla olacaq. Bu istiqamətdə 4Si Akademiyası ilə danışıqlar aparılır.

 

“İnnovasiyadan inkişafa”

 

- Ötən ilin planlaşdırılmış və uğurla həyata keçirilmiş layihələrinizdən biri də forum idi. Bu il forumun davamı gözlənilirmi?

 

- Bu forumda məqsəd ekosistemin yaradılması, dövlət-özəl tərəfdaşlığı, sənaye-universitet əməkdaşlığı məsələlərini qabartmaq idi. Forumda toxunulan mövzular, səsləndirilən fikirlər böyük ictimai rezonans doğurdu. Ötən müddətdə dövlət qurumları, özəl sektor müraciət edərək forumun davamlı olması ilə bağlı arzularını ifadə etdilər. Forumdan sonra görüş keçirdik və 50-dən çox dövlət-özəl tərəfdaş qurumun iştirakı ilə forumla bağlı platforma yaradıldı. Hazırda oktyabrın 4-də növbəti forumu keçirməyə hazırlaşırıq. Türkiyədən, Amerika Birləşmiş Ştatlarından, Avropadan dəvət etdiyimiz qonaqlar bir araya yığışaraq “Universitet sənaye tərəfdaşlığı”nı müzakirə edəcəklər. “İnnovasiyadan inkişafa”şüarı altında keçirməyi planlaşdırdığımız bu forumun gələcəkdə regional səviyyədə tədbir olmasına çalışacağıq. Məqsədimiz innovasiya sahəsində konkret layihələrdir. Bununla bağlı müəyyən nümunələr də var. 2024-cü ilin forumuna hazırlıq üçün 1 il ərzində hansı işləri gördükləri ilə bağlı sorğu göndərmişik. Bunun  təqdimatları forum zamanı olacaq. Məqsədimiz budur ki, forum beynəlxalq tədbirə çevrilsin.

 

Kitabı ver oxuyana...

 

- İstifadəçi məsuliyyəti baxımından bir layihənizin nə qədər uğurlu olduğu ilə, xüsusilə maraqlanıram. Regionlarda kitabların paylanması nə qədər effektivdir?

 

- Rayonlarımızda kitablara çıxış bir qədər məhduddur. Elm və Təhsil Nazirliyi müvafiq dövlət qurumları ilə birlikdə kitabxanalara kitab verir. Fond özəl təşkilatları prosesə cəlb edərək kitabxanalarımıza orada olmayan kitabları təmin etməyə çalışır. Bədii oxu, ingilis və başqa dillərdə ədəbiyyatın olmasına üstünlük verilir. Müşahidələrimiz əsasında deyə bilərəm ki, daha kiçik rayonlara getdikcə daha çox oxuyan, qiraətə vaxt sərf edən uşaqlarla qarşılaşırıq. Kitaba maraq böyükdür. Uşaqlardan hansı kitabı soruşanda da görmək olur ki, onlar klassikləri oxuyurlar.

 

“Davamlı inkişaf  mərkəzlərinin  sayını artırmağı düşünürük”

 

- Davamlı inkişaf mərkəzləri nə qədər effektivdir? 2 təhsil müəssisəsində müşahidələriniz nə deyir?

 

- Davamlı inkişaf mərkəzlərinin məqsədi auditoriyadan fərqli məkanlar yaratmaqdır. Dövlət və özəl tərəfdaşların görüşdüyü, təqdimatlar edə bildiyi, müzakirələr apardığı, özəl şirkətlərin nümayəndələri gəlib öz təcrübələrini bölüşdüyü qeyri-rəsmi, fərqli mühit yaratmaq istəyirik. Həm Azərbaycan Texniki Universitetində, həm də Azərbaycan Dövlət Pedaqoji Kollecində yaratdığımız mərkəzlərdən geniş istifadə edilir. Gələcəkdə karyera İnkişaf mərkəzlərini həmin davamlı inkişaf mərkəzlərində yaratmaq istəyirik. Bu il Sumqayıt Dövlət Universitetində və regionlardakı ali məktəblərin birində olmaqla, daha 2 universitetdə Davamlı İnkişaf Mərkəzi yaratmağı planlaşdırırıq. Mərkəzlərin sayını ildən-ilə artırıb  universitetlərin çoxunda reallaşdırmağı düşünürük.

“Görəcəyimiz işlər daha böyük  olacaq”

 

- Təhsilin İnkişafı Fondu elə də böyük yaşı olan qurum deyil. Amma artıq əmələ keçmiş planlarınız, planlaşdırılmış, o cümlədən hazırlıqları davam edən işləriniz var. Maraqlıdır, bu işlərinizin hansı çəkisinə görə daha ağırdır?

 

- Mərhələlərə bölsək, bir qurumun sıfırdan yaradılması müəyyən çətinliklərdən keçir. Sonra kollektivi qurmaq, doğru insanları işə götürmək, idarə etmək, tərəfdaşları inandırmaq, ictimaiyyəti məlumatlandırmaq kimi böyük proses başladı. Artıq TİF-i tanıyırlar. Amma zamanında bu, vaxt və resurs alırdı. Sonra ali məktəblərimizin rəhbərləri bizə kömək etdilər. Hansı sahələrdə universitetlərimizə dəstək ola biləcəyimizi məhz onlarla müzakirə etdik. Amma qarşıda böyük hədəflərimiz var. Həmin işlərin reallaşdırılması daha çox zəhmət tələb edəcək. Ona görə də biz dayanmırıq. Fond olaraq gözləntilərimiz böyükdür. Qeyd etdiyim kimi, 100-200 nəfəri əhatə edən layihələrdən başlamışdıqsa, artıq 100 minləri əhatə edən işlərdən bəhs edəcəyik. Tələbələr, yataqxanalar kimi hazırlıq tələb edən böyük layihələrdən söhbət gedir. Ona görə də görəcəyimiz işlər daha böyük, çəkisinə görə daha ağır olacaq. Amma bunun öhdəsindən gələcək təcrübəli, savadlı kollektivimiz var. 18 nəfərlə başladığımız komandamız bu müddətdə böyüyərək 25 nəfərə çatıb.

 

“Ədalətli, düzgün seçim apardıq”

 

- Söhbətimizin əvvəlində dediniz ki, 2 böyük iş var...

 

- Təbii ki, Təhsilin İnkişafı Fondu olaraq həyata keçirəcəyimiz hədəflər var. Onlara tez çatmaqda bizə kömək edəcək peşəkar əməkdaşlarımız çalışır. Qürurla qeyd etməliyəm ki, seçimi çoxlu namizəd arasında aparmaq və uyğun kadrın seçilməsi ən doğru yoldur. Ədalətli, düzgün seçim apardıq. Bundan sonrakı fəaliyyətimizi də ictimaiyyət daha çox görüb, daha yaxşı qiymətləndirə biləcək.

 

Məqsədimiz təhsil sahəsində çalışan daha çox insanı əhatə etməkdir.

 

Ruhiyyə DAŞSALAHLI

 



19.07.2024 | 08:57