Vüsal Xanlarov: Tələbələr öz məlumatlarını “mygov” portalı üzərindən rəqəmsal şəkildə əldə edə bilərlər
“Bütün təhsil pillələri üzrə cari təhsil alan vətəndaşlar öz məlumatlarını “mygov” portalı üzərindən rəqəmsal şəkildə əldə edə bilərlər”.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov jurnalistlərə açıqlamasında deyib.
 
“İlk olaraq, “mygov” portalına cari təhsil məlumatlarını və məzun məlumatlarını əhatə edən arayışları təqdim etmişik. Bu o deməkdir ki, bütün təhsil pillələri üzrə cari təhsil alan və məzun olan vətəndaşlar öz məlumatlarını “mygov” portalı üzərindən rəqəmsal qaydada əldə edə bilərlər. İkinci məqam isə ondan ibarətdir ki, Elm və Təhsil Nazirliyinin portalı vasitəsilə tələbə qeydiyyatı sistemini bu ildən müəyyən universitetlərdə tamamilə rəqəmsal formada həyata keçirəcəyik. Rəqəmsal formatda həyata keçirilən qeydiyyat onu ehtiva edir ki, universitetlər təkrar şəkildə həmin sənədləri kağız formasında almayacaqlar. Bununla bağlı maarifləndirici kommunikasiyalar edilir. Həm imtahanları həyata keçirən Dövlət İmtahan Mərkəzi qeydiyyat prosesini elan edərkən, həm də Elm və Təhsil Nazirliyi bu prosesi kommunikasiya edir. Təhsil müəssisələri də öz növbəsində informasiyaları gələcək tələbələrinə çatdırırlar”, - deyə Vüsal Xanlarov bildirib.


19.07.2024 | 12:42