Tanınmış imzalar qəzetimizdə

Mehdi MEHDİZADƏ,

pedaqoji elmlər namizədi

 

...Respublikamızın qabaqcıl  müəllimləri  yeddiillik və orta məktəb şagirdlərini əməli fəaliyyətə hazırlaşdırmaq məqsədilə bir sıra qiymətli işlər görmüş və  diqqətəlayiq nəticələr əldə etmişlər.

 

Qabaqcıl müəllimlərimizin bu sahədəki təcrübələrini hesaba almaq, ümumiləşdirmək və onu geniş müəllim kütləsinin malı etmək- qarşımızda duran əsas vəzifələrdəndir.

 

...Qabaqcıl məktəblərimizin  bu barədə əldə  etdikləri ən  qiymətli təcrübə bioloji fənlərin tədrisi ilə əlaqədar olaraq məktəbyanı sahədə bir  sıra  faydalı  və mühüm işlərin aparılmasından ibarətdir.

 

Məktəblərimizin əksəriyyətində, artıq bioloji fənlərin tədrisi sosyalizm kənd təsərrüfatı ilə bağlanır, şagirdlərə  kənd təsərrüfatına aid müxtəlif vərdişlər qazandırılır və onlar bioloji dərslərində aldıqları bilikləri tətbiq etməyə alışdırılırlar.

 

Yalnız 1948-1949-cu tədris ilində respublikamızın məktəblərində 207,5 hektarlıq məktəbyanı sahədə şagirdlərin qüvvəsilə 103.757 meyvə ağacı və 42.946 bəzək ağacı əkilmiş, 1.534 meyvə ağacına calaq vurulmuş, 374,4 hektarlıq məktəbyanı  sahədə isə tərəvəz və bostan bitkiləri əkilmişdir. Bir sıra qabaqcıl müəllimlərimiz bu böyük dövlət əhəmiyyəti olan vəzifəni planlı surətdə aparır və bütün şagirdlərin bu əməli işdə iştirak etmələrini təmin edirlər.

 

...Bütün bunlar  göstərir ki, məktəbyanı sahədə  şagirdləri çalışdırmaq işi artıq kütləvi bir hal almışdır...

 

6 oktyabr 1949-cu il

 

 

Dahi Azərbaycan şairi

 

Səməd VURĞUN,

Stalin mükafatı laureatı 

 

Azərbaycan xalqı Sovet İttifaqının bütün başqa xalqları ilə birlikdə öz böyük şairi Nizaminin anadan olmasının 800 illiyini bayram edir.

 

800 il bundan əvvəl Azərbaycan torpağının ən bərəkətli və ən şairanə bir yerində - qədim Gəncədə xalqımızın şeir və sənət dühası olan ölməz Nizami yaşamış və yaratmışdır.

 

Azərbaycan xalqının doğma oğlu və sevimli şairi Nizami Gəncəvi Azərbaycan torpağını, onun sehrli mənzərələrini, uca dağlarını, coşğun çaylarını, ceyranlar gəzən və turaclar oxuyan ucsuz-bucaqsız düzlərini alovlu bir ilhamla tərənnüm etmişdir. O, doğma elinin qədim şöhrətini, şəhər və kəndlərini, yaylaq və otlaqlarının səfalı gözəlliyini böyük iftixar hissilə təsvir etmişdir. O, böyük şair və böyük vətəndaş idi. O, öz xalqını böyük bir şair məhəbbətilə sevir və onun taleyinə ürəkdən yanırdı.

 

...Nizami heç bir zaman həyatı ətalətdə, fəaliyyətsiz müşahidə edən şairlərdən olmamış və təkcə gözəl arzularla kifayətlənməmişdir.

 

Nizami öz dövrünün əməkçi insan surətlərini, başı bəlalar çəkmiş xalqın sadə nümayəndələrini böyük məhəbbətlə tərənnüm etmiş və əbədiləşdirmişdir. Nizami bununla müsəlman şərqində ilk dəfə saray ədəbiyyatı ənənələrinin dar çərçivəsindən kənara çıxmışdır. O, bədii yaradıcılıq aləminə daş yonan Fərhad, kəniz, çoban, sənətkar, elm adamları və fiziki əməklə məşğul olan zəhmətkeşlər gətirmişdir..

 

Nizaminin böyük milli qürur hissinə malik olmasını göstərən onlarca misal gətirmək olardı. Yaşadığı dövrdən asılı olmayaraq hər bir sənətkarda milli qürur hissi ilə döyünən qəlb olmalıdır. Milli qürur hissi olmayan yerdə ümumiyyətlə heç bir yaradıcılıq təsəvvür etmək mümkün deyildir.

 

...Nizami öz xalqının gözəl ideallarını tərənnüm etməklə bütün bəşəriyyətin duyğu və düşüncələrini, saf əməllərini tərənnüm edirdi. Məhz ona görə böyük insanpərvər şairin yaratdığı əsərlər bütün bəşəriyyətin sevimli neməti olmuşdur.

 

26 sentyabr 1947-ci il

 

 

A.S.Puşkin və M.F.Axundov

Şıxəli QURBANOV

 

 Azərbaycan xalqının qabaqcıl oğlu M.F.Axundovun zəngin və çoxcəhətli yaradıcılığına böyük rus xalqının ədəbiyyat və mədəniyyətinin dərin təsiri və köməyi olmuşdur.

 

Qabaqcıl rus ədəbiyyat və mədəniyyəti, böyük rus xalqının yetişdirmiş olduğu görkəmli sənətkarların zəngin yaradıcılığı hələ gənc ikən Tiflis mühitinə düşmüş Axundov üçün misilsiz bir məktəb oldu. Bu məktəb M.F.Axundovu böyük rus xalqı ilə, onun ədəbiyyat və mədəniyyəti ilə qırılmaz tellərlə bağladı...

 

...Təsadüfi deyildir ki, M.F.Axundov hələ 25 yaşlı bir gənc ikən rus ədəbiyyatının görkəmli  klassikləri haqqında, onlardan hər birinin bu ədəbiyyatın inkişaf tarixində oynadıqları rol haqqınd10a düzgün təsəvvürə malik idi...

 

...A.S.Puşkin poeziyasını “Aləmdə yanan məşələ” bənzədən M.F.Axundov, əlbəttə, belə bir qərara birdən-birə gələ bilməzdi. M.F.Axundovun A.S.Puşkinin yaradıcılığına verdiyi yüksək qiymət, hər şeydən əvvəl onun dahi rus şairinin əsərlərindən aldığı canlı təəssüratın nəticəsi idi.

 

A.S.Puşkinin əsərləri ilə xalqımız daha sonralar, əsasən keçən əsrin 90-cı illərindən etibarən tanış olmağa başlamışdır. Lakin A.S.Puşkini ilk dəfə olaraq Azərbaycan xalqına yaxından tanıdan, ədəbiyyatımızda ölməz Puşkin obrazı yaradan M.F.Axundov olmuşdur...

 

9 aprel 1953-cü il

 

 

 

Böyük itki

 

Şövkət MƏMMƏDOVA,

SSRİ xalq artistkası

 

Azərbaycanda opera sənətinin banisi, istedadlı bəstəkar Üzeyir Hacıbəyovun ölümü xalqımız üçün böyük itkidir. Bu itki incəsənət işçiləri üçün daha ağırdır. Çünki biz incəsənət adamları hər gün, hər saat Üzeyir Hacıbəyovun qayğıkeş və mehriban atalıq məhəbbətini hiss edir və duyurduq.

 

Əsl xalq bəstəkarı olan Üzeyir Hacıbəyov öz əsərlərində sosyalizm dövrünün qüdrətini, xalqımızın qəhrəmanlıq epopeyasını tərənnüm etməyə çalışmışdır. Əziz Üzeyirin yaratdığı operalarda Azərbaycan qadınlığının öz azadlıq və səadəti uğrunda mübarizəsi həmişə bariz bir şəkildə qoyulmuşdur. Mən bir artistka olaraq Üzeyir Hacıbəyovun yaratdığı qadın surətlərini böyük həyəcan və sevinclə yaratmağa çalışmış və rollarda böyük bəstəkarın coşğun istək və arzularını daim hiss etmişəm.

 

Öz şanlı həyatını sovet incəsənətinin tərəqqisinə həsr etmiş Üzeyir Hacıbəyovu biz heç bir zaman unutmayacağıq.

 

25 noyabr 1948-ci il

 

 

 

 

İyirmi gün İngiltərədə

 

Xudu MƏMMƏDOV,

geologiya-mineralogiya elmləri namizədi

 

Bu ilin fevral ayında məşhur ingilis alimi Con Bernalın dəvəti ilə İngiltərəyə getdim. Orada Con Bernalla görüşdüm. 20 gün burada qalıb, professor Con Bernalın elmi fəaliyyəti, laboratoriya sistemi və onun əldə etdiyi elmi nəticələrlə yaxından tanış oldum.

 

Professor Con Bernalın ilk elmi əsəri dünyada məşhur olanda mən və mənim kimi gənc sovet alimləri hələ anadan olmamışdı...

 

Sement kimyası sahəsində aparılan elmi və laboratoriya işi ilə çox maraqlanan Con Bernalla bir neçə dəfə görüşdüm. O, xidmət etdiyimiz elmi sahənin bir çox məsələlərinin birlikdə həll olunmasını lazım bilirdi.

 

20 gün ərzində İngiltərənin bir çox şəhərlərində, o cümlədən Britaniya muzeyində və s. yerlərdə oldum. SSRİ-yə və onun qabaqcıl elm xadimlərinə rəğbət bəsləyən mütərəqqi fikirli adamlarla görüşümüz səmimiyyət şəraitində keçdi.

 

 Professor Con Bernalın rəhbərlik etdiyi kollektivlə də tanış oldum. Buranın iş xüsusiyyəti təxminən bizdəki aspiranturanı xatırladır. C.Bernalın zəngin laboratoriyasına baxdım, burada aparılan elmi və təcrübi işləri ilə tanış oldum.

 

 SSRİ-dən gəlmiş bir qonaq kimi məni hər yerdə səmimiyyətlə qarşıladılar. Məşhur ingilis alimi Fred Qlas və onun arvadı Lesli Qlasser məni mehmanxanadan öz evlərinə aparıb bir həftə qonaq saxladılar. Dostcasına təşkil olunan bir nahar məclisində oldum. Burada iştirak edən riyaziyyatçı professor keçən illərdə Moskvada olduğu zaman Azərbaycanın görkəmli kompozitoru Qara Qarayevin “Yeddi gözəl” baletinə tamaşa etmişdi...

 

Orada qaldığım müddətdə London şəhəri ilə tanış oldum. Burada küçələr darısqal olsa da səliqəli və təmizdir, lakin çoxmərtəbəli binaların sayı olduqca azdır. Şəhərdə metroların vəziyyəti o qədər də xoşa gələn deyildir.

 

Bir neçə kəlmə də şəhərin iqlimindən danışmaq istərdim. Burada qış mülayim keçir. Londonda fevral ayında əhalinin çoxu pencəklə gəzir. Qış aylarında demək olar ki, qar yağmır.  Havalar dumanlı və çiskinli olur...

 

26 may 1960-cı il

 

Bədii ədəbiyyatın əsas predmeti haqqında

 

Cəfər XƏNDAN,

filoloji elmlər doktoru, professor

 

Oxuduğumuz roman, hekayə, dram, şeir və başqa əsərlərdə həyat həqiqəti öz bədii ifadəsini olduğu kimi deyil, obrazlı bir şəkildə tapır. Biz bunlarda insan, təbiət və heyvanlar aləmindən alınmış müxtəlif  obraz və hadisələrə rast gəlirik. İlk baxışda adama elə gəlir ki, ədəbiyyatın predmeti onun əhatə etdiyi həyat həqiqəti qədər zəngin və çoxdur. Lakin məsələyə diqqətlə yanaşdıqda görürük ki, ədəbiyyatın əsas predmeti insandır...

 

Bədii əsərdə öz ifadəsini tapan həyat həqiqətini öyrənərkən biz, birinci növbədə, tiplərə - insan obrazlarına müraciət edirik. İnsan obrazlarının xarakteri, psixologiyası, mübarizəsi, ümumiyyətlə, həyata münasibəti oxucularda həyat həqiqəti haqqında tam real təsəvvür doğurur. Məsələn, C.Cabbarlının “Almas” pyesi kollektivləşmənin ilk dövründə kənddəki sinfi mübarizəni yalnız Almas, Hacı Əhməd və onların ətraflarına toplaşan adamlar vasitəsi ilə təsvir edir...

 

Ədəbiyyatın əsas predmetinin insan olduğunu bəşər tarixində yaranan ən gözəl sənət əsərləri də təsdiq etməkdədir...

 

6 oktyabr 1955-ci il

 

 

 



22.07.2024 | 14:09