Texnologiya Universiteti ilə Qranada Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycan Texnologiya Universiteti (ATU) ilə İspaniyanın Qranada Universiteti (QU) arasında Anlaşma Memorandumu imzalanıb.
 
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, sənədi ATU-nun rektoru vəzifəsini müvəqqəti icra edən dosent Yaşar Ömərovla, QU-nun rektoru Dr. Pedro Mercado Pacheco İspaniyanın Qranada şəhərində imzalayıblar.
 
ATU 2023-cü ilin may ayında imzalanmış müqavilə ilə bir müddətdir ki, Qranada Universitetilə “Erasmus” proqramı çərçivəsində müəllim və tələbə heyətinin mübadiləsini həyata keçirir.
 
Ötən semestr müddətində ATU tələbəsi QU-da təhsilini davam etdirib, QU professorunun isə ATU-da seminarları təşkil olunub.
 
18 iyul tarixində imzalanan memorandumla mövcud əməkdaşlığın bir neçə istiqamət üzrə daha da genişləndirilməsi nəzərdə tutulur. Sənəddə birgə elmi konfransların, layihələrin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsinin bundan sonra da davam etdirilməsi və s. öz əksini tapır.
 
QU-ya səfər edən nümayəndə heyətində strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə rektor müşaviri Mehman Kərimov, Qida mühəndisliyi fakültəsinin dekanı Mehman İsmayılov da təmsil olunub.
 
Səfər çərçivəsində ATU nümayəndə heyəti QU-da infrastruktur, fakültələrin maddi texniki bazası, həyata keçirilən elmi işlər və tədris prosesinin təşkili ilə yaxından tanış olublar.


23.07.2024 | 15:36