GDU-da DIRNA layihəsi çərçivəsində yay məktəbi keçiriləcək
İyulun 29-dan avqustun 2-dək Xəzər Universitetinin koordinatoru olduğu Erasmus+KA2 proqramının “Azərbaycanda İnstitusional Repozitoriyalar (Elektron Arxiv) şəbəkəsi vasitəsilə tədqiqat potensialının inkişafı” (DIRNA) adlı layihəsi çərçivəsində Gəncə Dövlət Universitetində yay məktəbi keçiriləcək.
 
Xəzər Universitetindən "Azərbaycan müəllimi"nə bildirilib ki, yay məktəbində layihənin tərəfdaş Azərbaycan universitetləri – Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyası, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Avropa tərəfdaşları isə Yyuvyaskyulya Universiteti (Finlandiya), Università degli Studi dell’Aquila (İtaliya), İzmir Texnologiya İnstitutu (Türkiyə) iştirak edəcək.
 
Layihənin məqsədi Elektron arxiv şəbəkəsinin yaradılması ilə Azərbaycan universitetlərinin çap materialının, məqalələrin, kitabların və digər elmi nəşrlərin bir platformada toplanması, qorunub saxlanması, həmçinin bu materialların beynəlxalq aləmə çıxışının təmin edilməsidir. Azərbaycanda elektron arxiv işinin təkmilləşdirilməsi, aparılan elmi tədqiqatların profilini yüksəltmək və beynəlxalq sferaya inteqrasiya olmasına köməklik etməkdir.
 
Layihə yalnız elmi tədqiqatların idarə edilməsi deyil, həm də tədqiqat nəticələrinə açıq çıxışın təmin edilməsinə dəstək verəcək və ali təhsil müəssisələri arasında elmi əlaqələri gücləndirəcək.
 
Gəncə Dövlət Universitetində keçiriləcək yay məktəbində Avropa tərəfdaş universitetlərinin Yyuvyaskyulya Universiteti (Finlandiya), Università degli Studi dell’Aquila (İtaliya), İzmir Texnologiya İnstitutu (Türkiyə) nümayəndələri - “Açıq elm və institusional repozitoriyaların önəmi”, “Açıq nəşriyyat etikası/müəllif hüquqları/hüquqi problemlər” , “institusional repozitoriyaların texniki tələbləri və xüsusiyyətləri”, “Etibarlı tədqiqat və innovasiyalar, araşdırmam üçün etibarlı nəşriyyatlar” adlı təqdimatlar ilə çıxış edəcək və təcrübələrini bölüşəcəklər.


24.07.2024 | 09:10