Qlobal istiləşmə: planetimizdə oksigen qıtlığı sürətlə artır
Tədqiqatçıların qənaətinə görə, Yerin su hövzələrində həll olunmuş oksigenin miqdarı sürətlə azalır ki, bu da planetimiz üçün çox ciddi təhlükə mənbələrindən biridir.
 
Məlumdur ki, atmosferin əsas tərkib hissələrindən biri olan oksigen quruda yaşayan bütün canlılar üçün həyati vacib komponentdir. Eynən su ekosisteminin varlığı üçün də suda (şirin və ya duzlu dəniz suyunda) həll olunmuş oksigenin müəyyən miqdarda varlığı zəruridir. Su həm su hövzələrindəki, həm də qurudakı varlığın mövcudluğu üçün əsas faktorlardan biridir.
 
Bu barədə "Azərbaycan müəllimi"nə Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
 
Mövzu ilə bağlı tədqiqat “Science Alert” saytında dərc edilib.
 
Rensselaer Politexnik İnstitutunun (ABŞ) alimlərinin yeni tədqiqatlarında aşkar olunub ki, hazırda su ekosistemində oksigenin miqdarı sürətlə azalır. Həmin alimlərin təklifinə görə, oksigenin azalması planetimizin qlobal problemləri siyahısına təcili salınmalı, suda mövcud oksigenin miqdarının kritik həddi müəyyən edilməlidir.
 
Qeyd edək ki, hazırda planetar problemlər siyahısına qlobal iqlim dəyişkənliyi, okean sularında kimyəvi turşuluğun yüksəlməsi, atmosferin ozon qatının tədricən yoxa çıxması, flüor və azotun qlobal tsiklinə insan fəaliyyətinin təsiri, biomüxtəlifliyin dəyişmə tempi, içməli suyun azalması, atmosferin aerozol çirklənməsi, planetin kimyəvi çirklənməsi daxildir.
 
Alimlər bildirirlər ki, su hövzələrində oksigenin hazırkı templə - sürətli azalması və kritik həddə yaxınlaşması eko və sosial sistemlərin gələcək mövcudluğuna birbaşa təsirə malikdir. Bu fakt təcili nəzərə alınmalıdır. Suda oksigenin miqdarı bir sıra səbəblərdən azala bilər. Məlumdur ki, isinmiş suda oksigenin miqdarı soyuq sudakından azdır. Suda həll olmuş oksigen onun istifadəçiləri tərəfindən daha sürətlə mənimsənilir. Məsələn, kənd təsərrüfatının orqanik və gübrə tullantılarının sulara daxil olması sularda yosunların və bakterial mənşəli törəmələrin sürətlə çoxalmasına səbəb olur ki, onlar da oksigenin əsas istifadəçiləridir. Bu proses davam edərsə onunla nəticələnə bilər ki, oksigen çatışmazlığı səbəbindən oksigen istifadə edən mikroblar kütləvi şəkildə məhv olar və onların əvəzinə oksigen istifadə etməyən mikroblar əmələ gələr. Beləliklə, qlobal olaraq boğucu Evtrofikasiya tsiklinə start verilmiş olar.
 
Su hövzəsində oksigenin miqdarının azalma səbəblərindən biri də onun stratifikasiyasının dəyişməsi ola bilər. Suyun üst qatları onun alt qatlarına nisbətən sürətlə qızır. Buzlaqların əriməsi isə üst qatların duzluluğunu azaldır. Beləliklə, suyun müxtəlif qatlarının sıxlığı kəskin fərqlənir. Bu cür stratifikasiya qatlar arasında kütlə axınlarını yavaşladır.
 
Tədqiqatçıların fikrincə, oksigen qıtlığının yaranması ilə bağlı planetar fəlakətin qarşısı hələ ki alına bilər. Bunun üçün atmosferə qaz tullantıları, o cümlədən təbiətə orqanik birləşmə axınlarının miqdarı kəskin azaldılmalıdır.


24.07.2024 | 16:51