Dendrologiya İnstitutu ümumrespublika müsabiqəsi elan edir
Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu “Yaşıl həyat” mövzusunda ümumrespublika müsabiqəsi elan edir.
 
İnstitutdan "Azərbaycan müəllimi"nə bildirilib ki, “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş müsabiqənin keçirilməsinin məqsədi milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunmasına, iqlim dəyişikliyinin qarşısının alınmasına diqqət çəkmək və proseslərə gənclərin daha fəal cəlb olunmasını təşviq etmək məqsədi daşıyır.
 
Müsabiqə şagird və tələbələrin təqdim etdiyi şeir, mahnı, rəqs, foto və əl işlərindən ibarət olacaq.
 
Seçilmiş şeirin mövzuya uyğunluğu, məzmuna uyğun jest və mimikalardan, səs tonundan, intonasiyadan məqsədyönlü istifadə edilməsi, nitqin aydınlığı, səlisliyi, ifadəliliyi, düzgünlüyü və ifa üçün ayrılmış vaxta riayət edilməsi əsas meyarlardır.
 
Mahnı və rəqslər vətənə məhəbbət hisslərinin yüksəldilməsi, ölkənin təbii gözəlliklərini tərənnüm edən nümunələr olmalıdır.
 
Foto, rəsm və əl işləri isə qlobal iqlim dəyişkənliyinin ekoloji mühitə təsiri mövzusunu əks etdirməlidir. Rəsm əsərlərinin işlənmə texnikası sərbəstdir (qələm, quaş, akvarel, pastel, yağlı boya, akril və s.) və ölçüsü azı A4 formatında olmalıdır, təsvirlər süni intellekt aləti və ya alqoritmindən istifadə etməklə, rəngli və yüksəkkeyfiyyətli formada, gəncin özü tərəfindən yaradılmalıdır.
 
Müsabiqədə yaş məhdudiyyəti yoxdur.
 
Müsabiqədə iştirak etmək istəyənlər təqdimatları haqqında məlumatı, əlaqə nömrəsini, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməli, təqdimatlarını sentyabrın 1-dək [email protected] ünvanına göndərməlidirlər.


26.07.2024 | 13:01