ABŞ-dən 6 qızıl medalla qayıdan məktəblilərimiz – TƏƏSSÜRAT

Xəbər verdiyimiz kimi, ABŞ-nin Nyu-York şəhərində Kolumbiya Universitetində keçirilən Beynəlxalq Kopernik olimpiadasında məktəblilərimiz 6 qızıl, 20 gümüş və 10 bürünc medal qazanıblar.

 

Olimpiadada iştirak edən qızıl medalçılarımız öz təəssüratlarını “Azərbaycan müəllimi”nin oxucuları ilə bölüşüblər.

 

İlk həmsöhbətimiz olan Cavid Mehdiyev Akademik Zərifə Əliyeva adına liseyin 11 sinfində təhsil alır. 2024-cü il onun üçün uğurlu olub. Çünki o, bu mötəbər olimpiadanın beynəlxalq turunda qızıl medala layiq görülüb. Medalçımız onun üçün həlledici olan anlarda yaşadığı hissləri bizimlə bölüşərək dedi:

 

 

“Kopernik olimpiadasında iştirak edəndə qürur hissi keçirirdim. Başqa cür ola da bilməzdi.  Çünki 16 yaşda bir gənc üçün Amerikanın möhtəşəm şəhəri Nyu -Yorkda Azərbaycanı belə bir bilik yarışmasında təmsil etmək mənim üçün ən böyük xoşbəxtlik idi. Deyərdim ki, lap nağıla bənzər bir xoşbəxtlik. Bilik yarışmasında iştirak etməklə bərabər, heç vaxt yuxuda belə görmədiyim bir ölkədə dostlarımla bərabər sərbəst gəzmək, özümə orada əcnəbi dostlar da qazanmaq şansı xoşbəxtlikdən savayı nə ola bilərdi?! Qızıl medal qazandığım anlarda yaşadığım həyəcanlı anları isə sözlə ifadə olunması mümkün olmayan dərəcədə yaddaqalan oldu. Qızıl medalçılar siyahısında “Javid Mehdiyev – Gold” yazılanda auditoriyada oturan hər kəs bizim üçrəngli bayrağımızı gördü və o an mən yenə də fəxarət hissi keçirdim. Yeri gəlmişkən, keçən ay Dubayda keçirilən FISO inglis dili olimpiadasında da mən dünya birincisi oldum. 2023-cü ildə isə Math Challenge riyaziyyat olimpiadasında qızıl medal qazandım. Uğurlarım məni hədsiz ruhlandırır və öz üzərimdə daha çox çalışmağa sövq edir. Bilik də idman kimidir, sükanı əldən verməmək üçün gərək çox əziyyət çəkəsən. Sevincimi ilk dəfə üzərimdə əziyyəti olan valideynlərimlə bölüşdüm.

 

Elmə necə bağlıyamsa, idmana da elə bağlıyam

 

Qeyd edim ki, mən paralel olaraq musiqi məktəbini də bitirmişəm. Bizim milli musiqilərimizi və ən əsası muğamlarımızı tar alətində yaşadıram. O qədər tara bağlıyam ki, ABŞ-yə gedəndə onu da özümlə apardım. İfalarım dostlarım tərəfindən maraqla qarşılandı, həm də xarici vətəndaşlar bizim milli dəyərlərimizdən, musiqilərimizdən xəbərdar oldular.

 

İdmanın mənim uğurlarımda əvəzolunmaz rolu var. Çox gözəl deyiblər ki, sağlam bədənə sağlam ruh hakim olar. Üzgüçülük, basketbol, futbol, tennis və s. idman növləri ilə mütəmadi olaraq məşğul oluram. Dərslərimin vaxtımın çox hissəsini aldığına baxmayaraq, məktəbdə idman yarışmalarının da fəal iştirakçılarından biriyəm. Voleybol və basketbol komandalarının kapitanıyam. Mənim üçün idman da bir elmdir. Elmə necə bağlıyamsa, idmana da elə bağlıyam".

 

Eltun Abdullayev 287 nömrəli Zəkalar liseyinin şagirdidir. Birinci sinifdən bir çox yarışmalara, olimpiadalara, intelektual yarışlara qatılmağı sevən şagird olub. Özünün söylədiyinə görə, beş yaşından toplamanı, çıxmanı, hətta vurma cədvəlini də başdan-ayağa bilirmiş. Hələ ibtidai sinifdə təhsil alarkən məntiq və riyaziyyat fənləri üzrə bilik yarışmalarında dəfələrlə birinci yerə çıxıb, kubok və diplomlarla təltif olunub, yüzdən çox sertifikat qazanıb.

 

 

Gəlin, uğurları barədə Eltun Abdullayevin öz dilindən eşidək:

Üç rəngli bayrağımla səhnəyə çıxdım 

“İbtidai sinif müəllimim Səadət Salahovanın uğurlarımda böyük rolu var. Beşinci sinifdən olimpiadalara qatılıram. Lütfi Zadə adına olimpiadada, Fənn müsabiqələrində, Respublika fənn olimpiadalarında, beynəlxalq olimpiadalardan Kenquru, IMO, TIMO, FISO, IMEC, FIMO, TALES, AIMO, Math Challenge və s. adlı olimpiadalarda medallar qazanmışam.

 

7-ci sinifdə oxuyanda Sinqapurda keçirilən SASMO olimpiadasının final mərhələsində 14 saat davam edən, 3 turdan ibarət olan yarışmada fərdi riyaziyyat yarışmasında gümüş, qrup riyaziyyat yarışmasında gümüş, məntiq qrup yarışmasında bürünc medal qazanaraq 3 medalla vətənə qayıtmışam.

 

Növbəti səfərim 8 sinfin birinci yarım ilində Vyetnamda keçirilən FIMO olimpiadasına olub. Bu bilik yarışmasının final mərhələsində iştirak etdim və gümüş medal qazandım. Nəhayət 14-18 iyul 2024 cü il tarixlərində Amerikanın Nyu-York şəhərində yerləşən Kolumbiya Universitetində  dünyaca məşhur olan Kopernik olimpiadasının final mərhələsində iştirak etdim. İmtahan çox cətin və maraqlı məntiq suallarından ibarət idi. Mən özümü itirmədən bilik və bacarığımdan istifadə edərək imtahan verdim və uğur qazandım. Mükafatlandırma tədbirində böyük səhnədə adımı eşidəndə sevincimin hədd-hüdudu yox idi. Üç rəngli bayrağımla səhnəyə çıxdım – alqışlar, həmin ab-hava, bir sözlə möhtəşəm idi. Mən bu uğurlarıma görə, ilk növbədə, valideynlərimə təşəkkür edirəm. Məni belə vətənpərvər ruhda böyütdükləri üçün çox xoşbəxtəm”.

 

Uğurlarımın başlıca səbəbkarı anamdır

 

Eltun, eyni zamanda kiçik yaşlarından voleybol, basketbol, futbol, şahmat, karate, cüdo və s.  idman növləri ilə məşğul olub. Bir çox nailiyyətləri, diplom və kəmər dərəcələri də var. Hazırda üzgüçülüklə məşğul olur. İngilis dilinə də marağı böyükdür. Mütəmadi olaraq ingilis dilini akademik səviyyədə öyrənir və ingilis dilində bədii əsərlər mütaliə edir.

 

Eltun deyir ki, xoşbəxt övladam ki, əziz valideynim anam da riyaziyyat müəllimimdir: “Mənim uğurlarımın başlıca səbəbkarı məhz anamdır. Başda anam olmaqla bütün müəllimlərimə təşəkkürümü bildirirəm. Təhsilimi xarici ölkədə davam etdirmək istəyirəm, yaxşı mütəxəssis olmaq ən böyük arzumdur”.

 

Digər qızıl medalçımız, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 10-cu sinif şagirdi Turab Haqverdiyev deyir ki, uşaqlıqdan dəqiq fənlərə maraq göstərib. Olimpiadalarda iştirakı da kiçik yaşlarından başlayıb. O, ibtidai sinifdə oxuyarkən məktəbdaxili yarışlara qatılaraq qalib olub. İlk uğuruna 5-ci sinifdə imza atıb. Belə ki, Kenquru beynəlxalq riyaziyyat olimpiadasında respublika birincisi olub. Bu günədək fərqli fənlər üzrə bir çox olimpiadalarda iştirak edib. Müxtəlif illərdə Respublika fənn müsabiqəsində fizika fənnindən qızıl, “Azercell CUP” 2021 informatikadan gümüş, Məktəblilərarası Astronomiya və Astrofizika Olimpiadasıdan gümüş, Respublika Fənn Olimpiadası informatikadan bürünc, Hour of Code proqramlaşdırma müsabiqəsindən qızıl, Naqif Nəbiyev adına Fizika Olimpiadasından bürünc, "İstedadların hazırlığı laboratoriyası" Yeniyetmələr arasında dəqiq elmlər üzrə V Beynəlxalq Olimpiadada bürünc, Fermat Beynəlxalq Riyaziyyat Olimpiadasında qızıl, Məktəblilərarası Astronomiya Olimpiadasında gümüş, Respublika Fənn Olimpiadası riyaziyyat fənni üzrə bürünc, Respublika Fənn Olimpiadası informatikadan qızıl, Respublika Fənn Olimpiadası 2024-cü il informatikadan gümüş, 2024-cü ildə Kopernik Beynəlxalq Riyaziyyat Olimpiadasında qızıl medallar və dünya  üçüncülüyü qazanıb.

 

 

Dünya üçüncülüyünü gözləmirdim

 

Turab deyir: “Mən bir çox şagirdlərdən fərqli olaraq, zamanımın çoxunu olimpiada hazırlıqlarına sərf etdiyimi deyə bilməyəcəyəm. Ümumiyyətlə, repetitor hazırlıqlarında vaxt sərf etməyi xoşlamıram. İnformatika fənni xaric olmaqla, digər fənlərdən heç bir xüsusi hazırlığım olmayıb. Qalibiyyətlərim bu fənlərə olan marağımdan qaynaqlanır. Onu da qeyd etmək istəyirəm ki, bütün deyilənlərin əksinə olaraq, mənə görə, zamanının çoxunu dərslərə, hazırlıqlara sərf edərək, uşaqlığını yaşamayan biri medal qazana bilər, amma bu gününü, uşağlığını itirər. Mən hər zaman bu düşüncədə olmuşam.

 

Kopernik olimpiadasına qatılarkən nəticə əldə edəcəyimi bilirdim, çünki sualları cavablandıranda nəticədən qismən məlumatlı olursan. İnanırdım ki, qızıl medal qazanacağam. Amma dünya üçüncülüyünü gözləmirdim. Bu mənim üçün də gözlənilməz oldu və çox sevindim. Azərbaycanı təmsil etmək və onun bayrağını ucaltmaq qürurverici idi. 

 

Gələcəkdə İT sahəsi üzrə AI Developer (Süni İntellekt Mütəxəssisi) olaraq ixtisaslaşmaq istəyirəm və xaricdə təhsil almağı düşünürəm. Başda informatika olmaqla, riyaziyyat və fizikaya xüsusi marağım var. Proqramlaşdırma mənim üçün gələcək ixtisas seçimim olmaqdan əlavə hobbim də sayılır. Hazırda talentigo.net saytını inkişaf etdirmək məqsədilə təşkil olunmuş təcrübə programında Front-End Developer olaraq fəaliyyət göstərirəm. Həmçinin bir dostumla birgə olimpiadaçılara dəstək məqsədilə olimpus.az saytını qurmuşuq və sayt hazırda fəaliyyətdədir.

 

Boş vaxtlarımda dostlarımda gəzib əylənməyi, xarici dildə elmi-fantastik janrda filmlər izləməyi, video oyunları oynamağı xoşlayıram. Yeni tərdis ilindən olimpiadalarda iştirak etməyi də davam edəcəyəm”.

 

Uğurlarından söz açan qızıl medalçımız Sadıq Sadiqli isə Bakı Avropa Liseyini 7-ci sinfini bitirdiyini deyir. Deyir ki, 2023-cü  ildə FISO IQ olimpiadasında gümüş, 2023-cü ildə IMEC olimpiadasında (riyaziyyat üzrə) qızıl, 2023-cü ildə AMO və SASMO olimpiadasında qızıl, 2023-cü ildə Sinqapur şəhərində keçirilən SIMOC final olimpiadasında  bürünc, 2024 FISO IQ olimpiadasında qızıl, 2024-cü ildə Math Challenge olimpiadasında (riyaziyyat uzrə) gümüş, 2024-cü il Kopernik olimpiadasından gümüş, 2023-cü ildə Teneagle olimpiadasında (ingilis dili üzrə) qızıl, 2024-cü ildə Teneagle olimpiadasında bürünc medallar qazanıb. Kangaroo Sience olimpiadasında Azərbaycan üçüncüsü olub.

 

Dünya ikincisi 

Bu il isə ABŞ-nin Nyu-York şəhərinin Kolumbiya Universitetində keçirilən Kopernik final olimpiadasından qızıl medal qazanıb və dünya ikincisi olub:

 

“Ən çox riyaziyyat və ingilis dili fənlərini sevirəm. İngilis dilində çoxlu ədəbiyyatlar oxuyuram. İngilis dilində mütaliə etmək nitqimi yaxşılaşdırır. Hələ ki, gələcəkdə hansı peşəni seçməyimə qərar verməmişəm. Bu yəqin ki, həkimlik və təbiət elmləri ilə əlaqəli bir sahə olacaq. Qızıl medal aldığımı biləndə ilk sevincimi anamla bölüşdüm. Dostlarım çoxdur. İdmanın üzgüçülük növü ilə məşğul oluram. Asudə vaxtlarımda müxtəlif daha çətin leqoları toplamağı xoşlayıram, kolleksiya toplamaq isə hobbimdir”.

 

İnanırdım ki, Kopernik olimpiadasından qızıl medal qazanacam:

 

“Adım dünya ikincisi kimi çəkiləndə sevincimin hədd-hüdudu yox idi. Çox həyəcanlandım. Azərbaycan bayrağını ABŞ-də Nyu-York şəhərində Kolumbiya Universitetində dalğalandırmaq mənim üçün böyük şərəf idi”.

 

Kopernik olimpiadasının beynəlxalq turundan qızıl medal qazanan Murad Ağazadə Bakıdakı Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 8-ci sinif şagirdidir. Qızıl medalçı deyir ki, bu olimpiadada sadəcə olaraq bir az həyəcan hissi keçirib. Azərbaycanın daxilində uğurları olduğu kimi, xarici ölkələrdə də uğurları çoxdur. Dubayda keçirilən FISO olimpiadasında iştirak edən Murad öz bilik və bacarığını nümayiş etdirərək uğurlu nəticə əldə edib. Bu günə kimi o, 13 qızıl, 12 gümüş, 3 bürünc və bunlarla yanaşı, 2 “diamond” medallara layiq görülüb. Kimya və Azərbaycan dili fənlərini sevir.

 

 

Xaricdə təhsilini kimya muhəndisliyi və tibb sahəsində davam etdirməyi düşünür. Murad Ağazadə həftədə 4 saat olimpiadalara vaxt sərf etdiyini bildirib. Düşünür ki, növbəti tədris ilində olimpiadalara qatılacaq, onun üçün əzmlə çalışır, sosial şəbəkələrdən istifadə etmir. Vaxtından səmərəli istifadə edir. Deyir ki, hər uğurunun arxasında yuxusuz gecələr, əzmkarlıq dayanır. Əlbəttə ki, çox çalışmalıyam, lap çox…

 

Sevincimi valideynlərimlə bölüşdüm

 

Digər qızıl medalçı Bakı Beynəlxalq Məktəbin şagird Tamerlan Həsənzadədir:

 

 

“Düzü inanmırdım ki, qızıl medal qazanacağam. Yaxşı hazırlaşmışdım, amma çox həyəcanlı idim. Qızıl medala sahib olduğumu biləndə sevincimin hədd-hüdudu olmadı. Sevincimi valideynlərimlə bölüşdüm. Böyük qələbə idi, alqışlar yağışına bürünmüşdüm. Dostlarımla Nyu-York şəhərinin gəzməli, görməli yerlərini ziyarət etdik. Şəhərin ən hündür göydələni olan Summit Vanderbilteyə qalxdıq Nyu-Yorkun ən gözəl mənzərəsinə tamaşa etdik. Başımız elə qarışmışdı ki, vaxtın necə keçdiyini bilmədik. Əcnəbi dostlarıma Azərbaycanın təbiəti, florası və faunası haqqında ətraflı söz açdım. Ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti barədə dərsliklərdən öyrəndiklərimi danışdım. Qeyd edim ki, bilik yarışmalarına qatıldığım müddətdə SAMSO-da qızıl, AMO-da gümüş, IMO-da bürünc medal qazanmışam.

 

2025-ci ildə də Kopernik və SASMO beynəlxalq olimpiadalarının növbəti turunda iştirak edəcəyəm. Çalışacağam ki, adım qaliblər sırasında olsun. Ən çox sevdiyim fənlər tarix, ədəbiyyat və dəqiq elmlərdir”. 

 

Sifai SƏFƏROVA

 



26.07.2024 | 15:15