Milli Müdafiə Universiteti bakalavr pilləsi üzrə Türkiyənin ali hərbi təhsil müəssisələrinə qəbul elan edir
Milli Müdafiə Universiteti 2024-2025-ci tədris ili üçün ali təhsilin bakalavr pilləsi üzrə Türkiyənin ali hərbi təhsil müəssisələrinə abituriyent qəbulu elan edir.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, tələblərə cavab verən namizədlər cari ilin 2 avqust tarixinədək xaricdə hərbi təhsil üzrə ilkin qeydiyyat forması (mmu.edu.az/qeydiyyat) üzərindən müraciət edə bilər.
 
Tələblər sırasında Dövlət İmtahan Mərkəzi tərəfindən I, II, III ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanlarında 450 bal və daha yüksək nəticə əldə etmiş, cari ildə ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşı olması var.
 
Hərbi ixtisaslarla yanaşı, verilən müvafiq ali peşə-ixtisasları "Aerokosmik mühəndislik", "Kompüter mühəndisliyi", "Elektrik və elektronika", "Mexanika", "Radiotexnika və telekommunikasiya", "Sənaye", "İnşaat", "Gəmi inşaatı" və "Gəmi mexanikası mühəndisliyi", "Müdafiə fəaliyyətləri" (menecment), beynəlxalq münasibətlər, tarix ixtisasına da yer verilib.
 
İmtiyazlara gəlincə, 500 manat məbləğində birdəfəlik ödəmə, 150 manat məbləğində aylıq təqaüd, 200 manat məbləğində ailə üzvlərinə aylıq maddi yardım, 200 manat məbləğində hesabda yığılan aylıq ödəniş, təhsil müddətində təhsilalanların bütün təminat növləri ilə təmin olunması (yataqxana, qidalanma, xüsusi geyim forması və s.) və ildə bir dəfə Azərbaycana gediş-gəliş xərclərinin təmin olunması daxildir.
 
Qeydiyyat üçün xaricdə hərbi təhsil üzrə ilkin qeydiyyat formasını (mmu.edu.az/qeydiyyat) dəqiq doldurmağınız xahiş olunur.
 
Qeyd edək ki, namizədlər müvafiq sənədlərini təqdim etməsi və ətraflı məlumat əldə etməsi üçün 03 avqust 2024-cü il tarixdə saat 15:00-da Heydər Əliyev adına Hərbi İnstitutda keçiriləcək tədbirə dəvət olunurlar.  Namizədlərdən qəbul imtahanlarının 1-ci və 2-ci mərhələsinin nəticələrini təsdiq edən sənədlər, 3x4 formatında 4 ədəd fotoşəkil və şəxsiyyət vəsiqələri ilə birlikdə (arzu etdikləri təqdirdə valideynləri ilə birlikdə iştirak edə bilərlər) yaxınlaşmaları xahiş olunur. Ünvan: Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi 9a.
 
Ətraflı məlumat üçün Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin (www.msu.edu.tr) və tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin (Kara Harp Okulu (kho.msu.edu.tr), Hava Harp Okulu (hho.msu.edu.tr) və Deniz Harp Okulu (dho.msu.edu.tr)) rəsmi saytlarına keçid edə və ya *0811 qısa nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

 



29.07.2024 | 14:59