TKTA tərəfindən ekspertlər üçün təlimlər təşkil edilib
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Təlim və metodologiya şöbəsi tərəfindən 2024-cü ilin II yarımilində həyata keçiriləcək təhsil müəssisələrinin və təhsil proqramlarının akkreditasiya qiymətləndirilməsi prosesinə hazırlıq çərçivəsində ekspertlərin seçimi prosesi davam etdirilir.
 
Agentlikdən "Azərbaycan müəllimi"nə bildirilib ki, bu məqsədlə 29 iyul tarixində modul təlimlərini müvəffəqiyyətlə başa vurmuş ekspertlərin bu sahədə praktiki səriştələrinin artırılması məqsədilə təlim təşkil edilib.
 
Agentliyin İdarə Heyətinin sədri Tural Əhmədov cəmiyyətimiz üçün akkreditasiya prosesinin faydaları, təhsil müəssisələrinin və təhsil proqramlarının müəyyənləşdirilmiş standartlarına uyğunluğunun yoxlanılması haqqında məlumat verib.  
 
Tural Əhmədov akkreditasiya prosesində hesabatlılığın önəmini vurğulayıb. O, təhsil müəssisələrinin akkreditasiyasının qiymətləndirmə nəticələri əsasında hazırlanmış Yekun Hesabat, hesabatda əksini tapan tövsiyə və göstərişlərin əhəmiyyətini nəzərə çatdırıb. Bu baxımından ekspertlərin hazırlayacaqları Yekun Hesabatların kifayət qədər əhəmiyyətli olduğunu bildirib.
 
O, həmçinin təlimlərin simulyasiya formasında keçirilməsinin ekspertlərin fərdi səriştələrinin üzə çıxmasında mühüm rol oynadığını vurğulayıb.
 
Təşkil edilən təlimə müxtəlif ali təhsil müəsissələrindən 9 ekspert cəlb olunub. Ekspertlər iki komanda olmaqla, şərti komissiya və ATM nümayəndələri rollarında çıxış ediblər. Qeyd edək ki, namizədlərin qiymətləndirilməsi komandada işləmək, ünsiyyət, akademik yazı və təhlil bacarıqları kimi meyarlar əsasında aparılır. 


30.07.2024 | 14:30