“Peşəkar qadınlar” layihəsi çərçivəsində “Bərbər” xanımların bacarıqlarının qiymətləndirilməsi həyata keçirilib
“PAŞA Holding” MMC-nin maliyyə dəstəyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı və “Schwarzkopf Professional Azerbaijan”ın təşkilati dəstəyi ilə “Peşəkar qadınlar” adlı qadınların kvalifikasiyalarının qiymətləndirilməsi və tanınması layihəsi çərçivəsində növbəti praktik imtahan həyata keçirilib.
 
TKTA-dan "Azərbaycan müəllimi"nə bildirilib ki, “Bərbər” peşəsi üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi "Schwarzkopf Professional Azerbaijan" və TKTA-nın tərəfdaşlığı ilə həyata keçirilib. Nəzəri imtahan TKTA-nın inzibati binasında keçirilib. Bu mərhələni uğurla keçən namizədlər praktiki imtahan üçün müəssisənin istehsalat bazasına dəvət olunublar.
 
TKTA-nın nümayəndəsinin sədrlik etdiyi Qiymətləndirmə Komissiyasının tərkibində işəgötürən tərəfin nümayəndəsi qismində “Gözəlliyə xidmət sahəsində sahibkarlara dəstək” İctimai Birliyinin sədri Elnarə Nəhmədova, sahə üzrə müstəqil ekspert qismində təlimçi-ekspertlər Gülşən Musayeva, Dmitriy İsxakov və Günel Ələkbərova iştirak ediblər.
 
Sözügedən layihənin əsas məqsədi qadınların bilik, bacarıq və təcrübələrinin qiymətləndirilməsi yolu ilə onların sosial müdafiəsinin gücləndirilməsinə, o cümlədən, rifah, özünüməşğulluq və dayanıqlı məşğulluq imkanlarının artırılması, gəlir əldə etmək imkanlarının genişləndirilməsi və cəmiyyətə inteqrasiyasına dəstək verməkdir.
 
Yekunda qiymətləndirmə prosesində yüksək nəticə göstərmiş ərizəçilər “Bərbər” peşə ixtisası üzrə sertifikatla təltif olunacaqlar.


30.07.2024 | 17:18