Xaricdə təhsili seçənlər bu universitetlərdən uzaq dursalar yaxşıdır – Mütəxəssis rəyi
Məlum olduğu kimi, ölkəmizdə çoxsaylı xaricdə təhsil şirkətləri fəaliyyət göstərir. Son illər xaricdə təhsilə maraq artsa da, tələbələrin çoxu xaricdə universiteti bitirdikdən sonra ölkəyə qayıdanda diplomların tanınmaması problemi ilə üzləşir. Bu isə onların sağlam seçim etməmələrindən irəli gəlir. 
 
Xaricdə təhsil almaq istəyən tələbələr düzgün universitet və təhsil şirkətləri məsələsində nələrə diqqət etməlidirlər?  
 
Təhsil ekperti Adil Vəliyev “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, son zamanlar xaricdə təhsil almaq istəyən həm abituriyentlərimizin, həm də magistratura təhsili almaq istəyən tələbələrimizin sayı getdikcə artır:
 
 
“Ancaq burada bir neçə məqam var. Məsələn, bəzən görürük ki, abituriyentlər Azərbaycanda ali təhsil müəssisələrinə qəbul ola bilmədikdə attestatla xaricdə təhsil almağa üstünlük verirlər. Bəziləri isə öncədən qarşılarına müəyyən hədəflər qoyur və bu hədəfə çatmaq üçün xaricdə təhsili seçirlər. Ancaq attestatla təhsil almaq istəyən abituriyentlər və onların valideynləri bəzən xaricdə təhsil şirkətini araşdırmadan müraciət edir və bir çox hallarda yanılırlar. Belə olanda Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən olunan qaydalara uyğun təhsil müddətini başa vurmadıqları üçün diplomları keçərsiz sayılır. Təəssüflər olsun ki, bu da tələbələrin xəyallarının puç olmasına gətirib çıxarır. Mən tövsiyə edərdim ki, ümumiyyətlə, xaricdə təhsil almaq istəyən hər kəs təhsil almaq istədiyi universitet, ölkə barəsində öncədən məlumat toplasın. Bu gün sosial şəbəkələrdə kifayət qədər imkanlar var. Xaricdə təhsil qruplarında xaricdə təhsil alan bizim həmvətənlərimiz, tələbələrimiz, hətta məzunlarımız təmənnasız olaraq istənilən universitet, istənilən ölkə haqqında öz fikirlərini və təcrübələrini bölüşürlər
 
Bəzi xaricdə təhsil şirkətləri insanları aldadır
 
Xaricdə təhsil şirkətini seçərkən mütləq şəkildə həmin şirkətin neçə il fəaliyyət göstərdiyinə, hansı universitetlərə qəbul aldıqlarına baxmaq lazımdır. Çünki ixtisas seçimi, universitetə qəbul vaxtı yaxınlaşanda xaricdə təhsil şirkəti adı ilə fəaliyyət göstərən şirkətlərin sayı artır və təəssüflər olsun ki, onların bir çoxu da insanları aldadır”.
 
Ekspertin sözlərinə görə, xaricdə təhsil almaq yalnız universitet seçimi ilə yekunlaşmır: 
 
“Bəzən görürük ki, tələbə xaricdə təhsil almaq üçün hər hansı bir ölkəyə gedir, ancaq oranın təbiətinə, mədəniyyətinə uyğunlaşa bilmədiyindən təhsilini davam etdirməsində çətinlik yaşayır. Seçim etməzdən öncə həmin universitetin təqaüd proqramı, tədris proqramı və maddi texniki bazası ilə də maraqlanmaq lazımdır. Diplomun tanınmasına gəldikdə, Azərbaycanda distant təhsil növü olmadığı üçün bu yolla təhsil alan tələbələrin diplomları birmənalı olaraq tanımayacaq. Ancaq əyani və qiyabi təhsil növünü seçənlərin təhsili müəyyən qaydalar çərçivəsində həyata keçirilirsə, sözsüz ki, onların diplomları tanınacaq. Yeni qaydalara əsasən, təhsil alıb geri gəldikdən sonra Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmək lazımdır. Müəyyən rüsumu ödədikdən sonra onlar diplomun tanınması barəsində yoxlanış etdikdən sonra ətraflı məlumat verirlər”. 
 
Xaricdə təhsil üçün universitet seçəndə reytinqlərə baxılmalıdır
 
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, ADA Universitetinin müəllimi Orxan Kərimzadə qeyd edib ki, tələbələrin müraciət etdikləri şirkət təhsil almaq istədiyi universitetin rəsmi nümayəndəliyi deyilsə, tələbələr özləri universitetlərə müraciət eləsələr, daha yaxşı olar: 
 
 
“Çünki rəsmi nümayəndəlik olmadıqları halda, prinsipcə, onların görə biləcəyi çox iş yoxdur, hətta onların etdiklərini tələbə özü də edə bilər. Bu sənədlərin arasında önəmli olan sənədlərdən biri motivasiya məktubudur ki, bunu da tələbə özü yazsa, daha effektiv olar və qəbul şansını artıra bilər. Daha məqsədəuyğun olar ki, tələbələr dünya reytinqində daha yüksəkdə olan universitetlərə müraciət etsinlər. Dünyada bir neçə reytinq var. Abituriyentlər RUR Ranking, “QS” tipli reytinqlərə istinad edərək daha yüksək pillələrdə olan universitetlərə müraciət etsələr, yaxşı olar. 
 
Ümumi baxdıqda isə diplomun tanınmasının müəyyən bir kriteriyaları var ki, bu da Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən tərtib olunub. Seçim edərkən bəzi universitetlərlə bağlı məlumatlarla Agentliyin saytından da tanış olmaq olar. Hesabatda diplomu tanınmayan universitetlər var ki, tələbələr onlardan uzaq dursalar yaxşıdır. Burada, əsasən, həmin universitetdə oxuduqları ölkədə qalma müddəti nəzərə alınır. Məsələn, müəyyən bir müddət ərzində tələbələr həmin ölkədə olmalıdırlar. Və digər kriteriyalar var ki, tələbələr getməmişdən əvvəl bunları bilsələr, qayıdandan sonra başqa problemlər yaranmaz”. 
 
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) mətbuat xidmətindən bildirilib ki, xaricdə təhsil almaq istəyənlər öncə seçəcəkləri ali təhsil müəssisəsinin akkreditasiyadan keçib keçmədiyinə diqqət etməlidirlər:
 
“Yəni, mütləq şəkildə maraqlanmalıdır ki, həmin ölkə özü universiteti tanıyır, yoxsa tanımır. Bu birinci nüansdır. Bundan başqa, təhsil alınan ölkənin ərazisində təhsilin normativ müddətdən az olması halı reallaşarsa, müraciət mənfi qərarla yekunlaşır. Dövlət nümunəli olmayan diplom, başqa sözlə, saxta diplom bizə təqdim olunan zaman biz bu barədə də mənfi qərar veririk. Bununla yanaşı, sosial şəbəkə hesablarımızda, internet səhifəmizdə diplomları tanınmayan xarici universitetlərin siyahısını yerləşdirmişik. Aşağıdakı keçidlərdən həmin universitetlərlə tanış ola bilərsiniz:
 
 
 
Tələbələr ora daxil olaraq həmin universitetlərin siyahısı ilə tanış ola bilərlər. Yəni, hansı universitetdə təhsil almaq qərarını verməmişdən öncə vətəndaş bu kriteriyalara diqqət etsə, bu onun üçün daha faydalı olacaq”.
 
Günel ABBAS


06.08.2024 | 11:17