İnstitut alimlərinin məqaləsi nüfuzlu jurnalda dərc olunub

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev və institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifovun həmmüəllifi olduqları “Elektron dövlətdə sosial şəbəkələrin rolu: risklər və təhlükəsizlik təhdidləri” (“Role of social networks in e-government: risks and security threats”) adlı məqalə “Web of Science” bazasına daxil olan “Online Journal of Communication and Media Technologies” jurnalında nəşr olunub.

 

Bu barədə institutun yaydığı xəbərdə deyilir.

 

Məqalədə qeyd olunur ki, hazırda istifadəçilər arasında populyar olan sosial şəbəkələrdə istifadəçilərin sayı sürətlə artmaqdadır. Sosial şəbəkələrin belə populyarlıq qazanması dövlət idarəçiliyinin açıq idarəçilik formatına transformasiyasına imkan verir. Bu baxımdan sosial şəbəkələr hökumətin şəffaflığına və demokratik cəmiyyətin inkişaf etməsinə kömək edir, hökumət və vətəndaş arasında kommunikasiya mühiti yaradır. Sosial şəbəkələrin populyarlığı onların istifadəçiləri üçün böyük risklərin yaranmasına səbəb olur. Sosial şəbəkə istifadəçilərinin paylaşdığı şəxsi məlumatların həcminin sürətlə artması onları bədniyyətli şəxslərin arzuolunan hədəfinə çevirir.

 

Yazıda e-dövlətdə sosial şəbəkələrin rolu və təhlükəsizlik məsələləri araşdırlır. Sosial şəbəkələrin təhlükəsizliyinə olan potensial təhdidlər analiz olunur və təsnifatlaşdırılır. Sosial şəbəkələrə olan hücumlar əsasən 4 kateqoriya (multimedia məzmunlu, fərdi məlumatların təhlükəsizliyi, sosial yönümlü, uşaqları hədəf alan təhdidlər) üzrə təsnif olunur.

 

Həmçinin sosial şəbəkələrin təhlükəsizliyinə olan təhdidlərin analiz edilməsi üçün çoxmeyarlı qiymətləndirmə metodu təklif edilir.

 

Qeyd edək ki, məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsi  çərçivəsində hazırlanıb.  

 

Yusif ƏLİYEV

 



20.11.2018 | 13:51