Turan Topalova: Dövlət Proqramına bu il müraciətlər gözləniləndən çox olub
2024-2025-ci tədris ili üzrə Xaricdə təhsil proqramına sənəd qəbulu yekunlaşıb. Qəbulun nəticələrinə əsasən formalaşan və 295 gəncin yer aldığı ilkin siyahı ictimaiyyətə açıqlanıb. Tezliklə 500 nəfərə qədər gəncin adının yer aldığı tam siyahı da açıqlanacaq.
 
“Azərbaycan müəlimi” xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyində keçirilən brifinqdə Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova deyib. O, Dövlət Proqramında təhsil almaq imkanı əldə edən gənclərin 75 faizinin magistratura, 25 faizinin isə bakalavr təhsil səviyyəsi üzrə təhsil alacağını vurğulayıb:
 
"Beləliklə, bu il dünyanın ən nüfuzlu 15 ölkəsinə aid 85 nüfuzlu ali təhsil müəssisəsində təhsil alacaq 500 azərbaycanlı gəncin tam siyahısı bu günlərdə elan olunacaq. Siyahıya görə, 135 nəfər gənc dünya universitetləri üzrə reytinq cədvəlində ilk onluqda yer alan universitetlərdə təhsil alacaq".
 
T.Topalova bu il gənclərimizin üz tutduğu ölkələr siyahısında ilk beşliyi də açıqlayıb:
 
"Bunlar Böyük Britaniya, ABŞ, Türkiyə Respublikası, Niderland Krallığı, Çin Xalq Respublikasıdır. Ötən illə müqayisədə bu il informasiya texnologiyaları, statistika və verilənlərin təhlili, mühəndislik, dövlət idarəetməsi kimi ixtisas istiqamətləri yer alıb. Dölət Proqramına bu il müraciətlər gözləniləndən çox olub”.
 
T.Topalova ehtiyat siyahıdan da bəhs edib: “Dövlət Proqramına bu il yer ayrılan 500 nəfərlə yanaşı, müsbət nəticə əldə edən gənclər də var. Ola bilər ki, Dövlət Proqramına seçilən namizədlər arasında imtina edənlər olarsa, məhz gözləmədə olan həmin siyahıya istinad olunacaq”.


12.08.2024 | 19:12