"Fəaliyyətimizi riyazi elmlər sahəsində davam etdirəcəyik" - BDU-nun olimpiada qalibləri

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin IV kurs tələbələri Vüqar Quliyev və Amil Cəbiyev Bolqarıstanda keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında böyük uğura imza atıblar. Vüqar Quliyev Olimpiadada I yeri qazanaraq qızıl medala, Amil Cəbiyev isə III yeri tutaraq bürünc medala sahib olub.
 

“Azərbaycan müəllimi” olimpiadada medal sahibi olan gənc tələbələrin təəssüratlarını öyrənib.
 

I yeri qazanaraq qızıl medala sahib olan Vüqar Quliyev oktyabrın 7-si 2003-cü ildə Tovuz rayonunda doğulub. 1-7 ci sinif təhsilini Tovuz rayon M.Novruzov adına Çeşməli kənd tam orta məktəbində, 8-11 ci sinif təhsilini isə Şuşa Rayon, Malıbəyli kənd 1 saylı tam orta məktəbində alıb.
 

V.Quliyev deyir ki, orta məktəbdə riyaziyyat üzrə respublika fənn olimpiadalarında iştirak edib və 9,10,11-ci siniflərdə bürünc, gümüş və qızıl medalla təltif olunub:
 

“Əlavə olaraq ölkə komandası tərkibində Balkan Riyaziyyat Olimpiadasında (BMO) bürünc, Beynəlxalq Riyaziyyat Olimpiadasında (IMO) həvəsləndirici sertifikat almışam. Universitetdə isə 3-cü kursda tələbələr üçün respublika olimpiadasında 2-ci yeri, 4-cü kursda isə eyni adlı olimpiadada 1-ci yeri tutmuşam. Biz BDU-nun təşkil etdiyi respublika tələbələri arasındakı olimpiadada qalib olduğumuz üçün universitet tərəfindən tələbələr arasında keçirilən IMC-yə (Intetnational Math Competuyion for University Students) göndərildik. Bu olimpiadada keçən il də iştirak etmişdik. Təbii ki, budəfəki olimpiada nəticəmi öyrənəndə çox sevindim”.
 

Vüqar Quliyev magistratura təhsilini də Riyaziyyat sahəsində davam etdirməyi düşünür:
 

“Mən orta məktəbdən olimpiadalara hazırlaşmağa başlamışam, əvvəl məktəb müəllimlərimin köməyi ilə özüm hazırlaşırdım. 10-cu və 11-ci siniflərdə isə Azərbaycan Respublikasının Təhsil İnstitutunun tərkibində olan olimpiadalara hazırlıq mərkəzində xüsusi dərslər almışam. Universitetə qəbul olduqdan sonra 2 ildir ki, həmin mərkəzdə öz təcrübələrimi şagirdlərlə bölüşürəm. Son olimpiadaya hazırlıq üçün isə Bakı Dövlət Universitetində müəllimlər dərsdən kənar bizimlə məşğul oldular. Ümumən bir çox müəllimdən dərs aldıq. Amma ən uzun müddət komanda rəhbərimiz Riyazi analiz kafedrasının rəhbəri prof. Rəşid Əliyev bizimlə məşğul olub. Ümummiyyətlə, hər bir fənn üzrə dekanlıq tərəfindən kursdan əlavə mövzular və olimpiadalar üçün dərslər təşkil edilib”.
 

III yeri tutaraq bürünc medala sahib olan Amil Cəbiyev isə sentyabrın 9-u 2003-cü ildə İsmayıllı rayon Minkə kəndində doğulub. 2009-2018-ci illərdə F.Hüseynov adına Minkə kənd ümumi orta məktəbdə, 2019-2020-ci illərdə V.Qəhrəmanov adına Keyvəndi kənd tam orta məktəbdə təhsil alıb.
 

Amil Cəbiyev deyir ki, 2023, 2024-cü illərdə Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilmiş tələbələr arasında Respublika olimpiadasında uyğun olaraq birinci və ikinci yerə çıxıb: “Tələbələr arasında Respublika olimpiadasının qalibi olduğum üçün beynəlxalq olimpiadaya getmək imkanım yarandı. Medal qazandığımı bilmək çox qürurverici idi. Çünki mən hər şeydən öncə vətənimi təmsil edirdim və ona layiq olmalı idim, həm də çəkdiyimiz əziyyətlər öz bəhrəsini verdi”.
 

A.Cəbiyev magistatura təhsilini də Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin Riyazi analiz kafedrasına davam etdirmək fikrindədir: “Gələcəkdə ixtisasım üzrə doktorantura təhsilini də almağı düşünürəm”.
 

Amil Cəbiyev bundan sonrakı dövrdə qızıl medal almağı da qarşısına məqsəd qoyub: “Təcrübə azlığı, həyəcan və digər amillərin təsiri ilə gümüş medalı cəmi 4 balla qaçırdım. Qarşıma qızıl medal da qazanmaq məqsədi qoymuşam. Növbəti illərdə bunun üçün əlimdən gələn hər şeyi edəcəyəm. Olimpiada sistemi adi sistemdən tam fərqlidir. Bunun üçün xüsusi hazırlıq lazımdır. Fakültənin müəllimləri, xüsusən də Riyazi analiz kafedrasının müdiri Rəşid müəllim bizə bu yolda böyük dəstək oldu. O həm də beynəlxalq olimpiadada bizim komanda rəhbərimiz idi. İnanıram ki, bundan sonra daha böyük uğurlar əldə edəcəyik ”.
 

Günel ABBAS



14.08.2024 | 16:25