Regional idarə: Kürdmahmudlu kənd tam orta məktəbi üçün yeni bina tikiləcək
İmişli rayonu Kürdmahmudlu kənd tam orta məktəbinin binasının vəziyyəti barədə sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsi məlumat yayıb.
 
Bildirilib ki, məktəb binasının mövcud vəziyyəti barəsində məlumatlıdırlar və bu istiqamətdə müvafiq addımlar atılıb.
 
Belə ki, Kürdmahmudlu kənd tam orta məktəbinin mövcud binasının sökülərək yerində yeni məktəb binasının tikintisinin aparılması üçün məktəb binasının layihəsi təsdiq olunduqdan sonra yeni məktəb binasının tikinti işlərinə başlanılacaq.
 
Həmçinin qeyd olununb ki, Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində 250 ümumtəhsil, 89 məktəbəqədər, 6 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Son 2 ildə Regional Təhsil İdarəsinin tabeliyində olan 74 təhsil müəssisəsi təmir olunmuş, 12 yeni təhsil müəssisəsi tikilib istifadəyə verilib.


15.08.2024 | 10:47