Qarabağ Universitetinin rektoru: Tələbələrimiz üçün maraqlı sosial həyat vəd edirik
“İlk tələbələrimiz üçün maraqlı tələbə həyatı vəd edirik. Qarabağ Universitetindəki sosial həyat çox maraqlı olacaq. Təbii ki, gənclərin tələbəlik illəri, universitet həyatı yalnız auditoriyalardan, laboratoriyalardan ibarət deyil. Bununla bağlı konkret düşüncələrimiz var”.
 
Bu fikirləri Qarabağ Universitetinin rektoru Şahin Bayramov “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində deyib.
 
Ş.Bayramov qeyd edib ki, tələbələrin çoxsaylı sosial fəaliyyətlərə cəlb olunması, könüllülük fəaliyyətlərində aktiv iştirak etməsi, startap layihələrinə qoşulması, müvafiq qrup işləri yerinə yetirməsi, bölgənin ictimaiyyəti ilə əlaqələrinin qurulması, region ekosisteminin əsas iştirakçılarından birinə çevrilməsi istiqamətində planlar mövcuddur: “Tələbələrimizin idmanla məşğul olması üçün geniş imkanlar formalaşdırırıq. Xankəndi şəhərinin yerləşmə mövqeyi elədir ki, bununla bağlı çox yaxşı imkanlar var. Təbii ki, infrastrukturun qurulması ilə bağlı proses müəyyən zaman alacaq. Əminik ki, nəzərdə tutduğumuz sosial həyatın formalaşdırılmasında tələbələrimiz də öz ideyaları ilə fəal iştirak edəcəklər.
 
Çünki universitetimiz tələbə fokuslu universitetdir. Bunun mahiyyəti odur ki, universitet tələbələrin arzu və istəkləri üzərində qurulur. Məhz həmin sosial, qeyri-akademik fəaliyyətlərin formalaşdırılmasında tələbələrimizin rəy və istəklərini mütləq şəkildə nəzərə almağı düşünürük. Qarabağ Universitetində təhsil alan tələbələrimiz üçün Xankəndi şəhərində gənclərin arzusunda olduğu bütün fəaliyyətlər təmin ediləcək”.
 
Günel ABBAS


16.08.2024 | 16:16