Naxçıvan Dövlət Universitetinin Enactus komandası 5-ci dəfə ölkə çempionu olub
Naxçıvan Dövlət Universitetinin (NDU) Enactus komandası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu, Azərbaycan Tələbə Təşkilatları İttifaqı və Enactus Azərbaycanın təşkilatçılığı ilə keçirilən Enactus Azərbaycan milli çempionatının 5-ci dəfə qalibi olub.
 
NDU-dan "Azərbaycan müəllimi"nə bildirilib ki, universitetin Enactus komandası müxtəlif illər ərzində ölkəmizi beynəlxalq yarışlarda təmsil edib. Belə ki, 2011-ci ildə komanda Malaziyanın Kuala Lumpur şəhərində keçirilən SIFE dünya çempionatında iştirak edib. 2014-cü ildə isə Çin Xalq Respublikasında keçirilən dünya çempionatında ölkəmizi təmsil edib. 2023-cü ildə Niderlandın Utrext şəhərində keçirilən dünya çempionatında Azərbaycanı təmsil edən komanda, 2024-cü ildə də Qazaxıstanın paytaxtı Astana şəhərində baş tutacaq dünya çempionatında ölkəmizi təmsil etməyə hazırlaşır.
 
Qeyd edək ki, Enactus çempionatına “Fast EKQ” və “Zeropollution” layihələri ilə qatılan komandamız final mərhələsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin komandaları ilə mübarizə aparıb.


16.08.2024 | 17:49