Vətən müharibəsi veteranı dövlət proqramı çərçivəsində ABŞ-də təhsil alacaq
Dövlət Proqramı çərçivəsində ABŞ-ın Merilend Universitetində informasiya texnologiyaları ixtisası üzrə magistratura təhsili alacağam. Bu sahə çox populyardır. XXI əsrin ən böyük elmi sıçrayışı bəlkə də bu sahədə olub. Süni intellektə, maşın öyrənməsinə tələbat gündən-günə artır. Hər yerdə - istər biznesdə, istər digər müəssisələrdə süni intellekt texnologiyalarını tətbiq etməklə mühüm irəliləyişlər əldə etmək olur. Bununla bağlı mənim də müəyyən fikirlərim var. Süni intellektin tətbiqi üçün layihələr həyata keçirmək olar. Dövlət Gömrük Komitəsinin Akademiyasında bu sahədə yüksəkixtisaslı mütəxəssis hazırlana bilər.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın iştirakçısı Habil Hüseynov söyləyib.
 
 
Habil Hüseynov hazırda Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatı Baş Gömrük İdarəsinin Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında gömrük inspektoru və xidmət leytenantı olaraq fəaliyyət göstərir.
 
“Üç ildir ki, gömrük sahəsində işləyirəm. Bu müddətdə müvafiq qanunvericilik sahəsində, eləcə də çalışdığım vəzifə üzrə müəyyən bilik və bacarıqlar əldə etmişəm. Lakin görürdüm ki, məndə çatışmayan cəhətlər süni intellekt, maşın öyrənməsi sahələri ilə bağlıdır. İnformasiya texnologiyaları üzrə bakalavr dərəcəmin olmaması məni çox geri atırdı. Düşündüm ki, magistratura təhsilimi bu istiqamətdə almalıyam. Öz üzərimdə işləməyə başladım. İngilis dilini öyrəndim. Digər imtahanları verdim. Universitetlərə müraciət etdim. Qəbul oldum”, - deyən Habil bakalavr dərəcəsini Azərbaycan Texniki Universitetində mexanika mühəndisliyi üzrə alıb.
 
 
Habil 2020-ci ildə universiteti bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmət müddətində, eyni zamanda, Vətən müharibəsinin ilk günlərindən başlayaraq Şuşa istiqamətində döyüşlərədək iştirak edib. Noyabrın 1-də Topxana meşəsində yüngül qəlpə yarası alsa da, döyüş yoldaşları ilə birlikdə yoluna davam edib. Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Xocavəndin, Şuşanın, Füzulinin işğaldan azad edilməsinə görə medallarla, habelə Müdafiə Nazirliyinin “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub. O, Vətən müharibəsi veteranıdır.

 
Müsahibimiz həm işlədiyi sahədə, həm də öz üzərində daim inkişaf etməyə çalışır. Asudə vaxtlarında elmi-fəlsəfi kitablar da oxuyur. Hər ay müxtəlif seminarlarda, kurslarda iştirak edir.
 
“Dövlət Proqramı çərçivəsində təhsil alıb geri döndükdən sonra ilkin məqsədim Dövlət Gömrük Komitəsində süni intellekt, maşın öyrənməsi mühəndisi kimi fəaliyyət göstərməkdir. Gömrük Komitəsinin bu ildən həyata keçirdiyi Avtomatlaşdırılmış Risk Analizi Sistemi süni intellektə əsaslanır. Ola bilsin ki, gələcəkdə süni intellektə əsaslanan belə layihələrin işğaldan azad edilmiş ərazilərdə tətbiqində iştirak edərəm”, - deyə Habil qeyd edir.



Həmsöhbətimiz Dövlət Proqramı iştirakçısı kimi təəssüratlarının da böyük olduğunu söyləyir: “Dövlət Proqramına seçim çox şəffaf, müsahibə prosesi dolğun, gözəl, dostcasına keçdi. Eyni zamanda, özümə inanırdım, dediklərimə, danışdıqlarıma güvənirdim. Əmin idim. Nə istədiyimi bilirdim. Düşünürdüm ki, təhsil təqaüdünü, böyük ehtimal, qazanacağam və qazandığımı da eşitdikdən sonra keçirdiyim hissləri sözlə ifadə etmək çətindir. Dövlət Proqramını İdarəetmə Qrupuna dərin təşəkkürümü bildirirəm”.

 



22.08.2024 | 09:28