ADPU e-universitet sisteminin tətbiqinə başlayır
Azərbaycan Dövlət Pedaqoji Universiteti yeni tədris ilindən başlayaraq tədris prosesində effektivliyi artırmaq və daha yüksək keyfiyyət təmin etmək məqsədilə elektron universitet sistemini (e-universitet) tətbiq etməyə başlayır.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu məqsədlə universitet “SINAM MMC” şirkətindən “EMPRO” proqram təminatını əldə edib.
 
“EMPRO” – tədris prosesinin idarə olunması, monitorinqi, sənədləşdirilməsi, hesabatlılığın təmin olunması, təhsil məzmununun çatdırılması və nəzarət vasitələrindən ibarət tətbiqi proqram təminatıdır.
 
Yeni tədris ilindən sistemdən səmərəli istifadəni təmin etmək məqsədilə 21 avqustdan etibarən universitetdə “SINAM MMC”nin mütəxəssisləri tərəfindən tütorlar üçün təlimlərə start verilib. Təlimlərdə yeni sistemdə qrupları və tələbələri əlavə etmək, məlumatları idarə etməklə bağlı əsas məqamlar izah edilir, həmçinin “EMPRO” sisteminin funksionallıqları və üstünlükləri barədə məlumat verilir.
 
Qeyd edək ki, Pedaqoji Universitet elektron universitet sistemi vasitəsilə təhsil prosesinin idarə edilməsində müasir texnologiyaların tətbiqini gücləndirməyi və tələbə-müəllim əlaqələrinin daha səmərəli təşkil edilməsini hədəfləyir.


22.08.2024 | 13:06