Atalarının yolunu davam etdirmək istəyən şəhid övladları - “Təhsil” düşərgəsindən REPORTAJ
Bəzən insan bütün qaçaqaçlardan uzaqlaşıb elə bir yerə getmək istəyir ki, orada hər şey saf və təmiz olsun. Hələ insan ayağı dəyməmiş sahillərin dənizi qədər təmiz. O yerdə elə insanlar olsun ki, adamın ruhu dincəlsin. Onlarla susmaq belə qəlbə hüzur versin. Nə zaman daxilən sıxıntı içərisində olsam, hansısa bir formada taleyin qırmızı ipləri məni o insanlara tərəf çəkir. 
 
Görəsən, nədir o adamların sirri?! Öz-özümə bu barədə çox düşünmüşəm, ancaq məntiqi əsaslara söykənən bir cavab tapa bilməmişəm. Ona görə də həmin görüşlərin nəticəsi mənim üçün hər zaman sirli qalıb. Bəzi hallarda mistik bir variantın real olmasına üstünlük verirəm. Bəlkə də, onların üzərində ən ali zirvələrdən boylanan doğmalarının nəzəri var deyə, bu qədər sehrli təsir bağışlayırlar.
 
Yenə həmin günlərdən biridir. Taleyin qırmızı ipləri bu dəfə yolumuzu Zuğulbaya salıb. Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin dəstəyi ilə şəhid övladları üçün təşkil etdiyi “Təhsil” adlı yay düşərgəsinə gəlmişik. Hətta deyilən vaxtdan bir az da tez çatmışıq. Bir müddət sonra düşərgə iştirakçıları istirahət mərkəzindən çıxıb, oyun zalına tərəf istiqamət alırlar. Hər addımlarını, baxışlarını müşahidə etməyə başlayıram. Bu əsnada onlarla qəhrəman övladı arasından yazıma qəhrəman axtarıram. Amma işim çətindir, çünki bu uşaqların hər biri özəldir.
 
 
Zalın girişindəki oturacaqlarda əyləşən 15 yaşlı bir oğlan diqqətimi çəkir. Zəhmli baxışlarını zalın düz mərkəzinə zilləyib. Mən deyərdim, bu baxışların çəkisi onun yaşına görə ağırdır. Bəlkə, buna görə həmsöhbət olmaq mənə maraqlıdır. Əlimi xəfifcə çiyninə qoyub, yanında oturmaq üçün icazə istəyirəm. Başını çox da qaldırmadan təsdiq edir ki, əyləşim. Adını soruşuram, fərqli bir şəkildə cavablayır: “Mən şəhid mayor Şahlar Cəfərovun oğlu Fəzail Cəfərli. Məni çox vaxt həm xarici görkəm, həm də xarakter cəhətdən atama bənzədirlər”. Başını yana çevirib, azacıq gülümsəyərək, “sakit təbiətli olmağım atamdan mənə qalan bir mirasdır”, - deyə əlavə edir.
 
Fəzail bizə gələcək planlarından da danışır, deyir ki, gələcəkdə Fövqəladə Hallar Nazirliyində çalışmaq istəyir: “Hazırda Sabirabad rayon Xəlfəli kənd tam orta məktəbində təhsil alıram. Bizim ailədə hərbi sahəyə böyük maraq var, ona görə də gələcək təhsil planlarımı bu istiqamətdə qururam. Eyni zamanda ingilis dilini öyrənməyə də böyük həvəsim var”.
 
Həmsöhbətimizin sözlərinə görə, düşərgədə onu maraqlandıran, həvəskarı olduğu bir çox oyunları öz yaşıdları ilə bərabər oynamaq imkanı əldə edib: “Bu düşərgə həm də sosiallaşmaq üçün bizə şərait yaradır. Bundan əvvəl başqa düşərgələrdə iştirak etmişəm. Burada ən sevdiyim fəaliyyət hər gün futbol oynamaqdır, çünki bu, ən sevdiyim oyundur”.
 
 
Söhbətimizin yekunlarında yoldaşları futbol oynamaq üçün onu meydançaya çağırırlar. Bizimlə sağollaşdıqdan sonra topunu da götürüb gedir. Oyuna ara verib dincəlmək istəyən uşaqlardan biri gəlib yanımda əyləşir. O, şəhid Tural Ağcabəyovun oğlu Xəlildir. Xəlil böyüyəndə atası kimi hərbiçi olmaq istəyir: “Hazırda Xaçmaz rayon 9 nömrəli tam orta məktəbin 9-cu sinfində təhsil alıram. Təhsilimi Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirmək və gələcəkdə xüsusi təyinatlı qüvvələrdə çalışmaq istəyirəm. Atamın yolunu davam etdirəcəyəm”. 
 
Xəlil deyir ki, düşərgədə uşaqların özlərini inkişaf etdirmələri üçün bütün fəaliyyətlər təşkil edilib. Gün ərzində səhər idmanı və müxtəlif oyunlarla məşğul olurlar.
 
 
İlk vaxtlarda bizi görəndə çəkinən uşaqlar indi özləri yaxınlaşıb müsahibə verməyə can atırlar. Xəlillə müsahibəmizin sonlarına doğru hündür boylu, şux görkəmli uşaqlardan biri bizə yaxınlaşır. Sualları siz verirsiniz, yoxsa özümüz danışmalıyıq, - deyə soruşur. Bildirirəm ki, hər zaman müsahiblərimizə suallarla istiqamət veririk. Həmsöhbətim Əli şəhid polkovnik-leytenant Qərib Baxşəliyevin oğludur. Əli gələcəkdə proqramçı olmaq, informasiya texnologiyaları sahəsinə yönəlmək istəyir. O, təhsilini Harvard Universitetində almaq fikrindədir. Əli deyir ki, düşərgə onlara yaxşı dostluqlar qazandırıb və burada vaxtlarını səmərəli keçirməklərinə şərait yaradılıb. 
 
 
Şəhid gizir Səbuh Əliyevin oğlu Teyyub da söhbət boyu yanımızda əyləşib. Əli ilə söhbəti bitirdikdən sonra ona tərəf çevrilirəm. Teyyub da atasının peşəsini davam etdirmək niyyətindədir. O, gələcəkdə güc strukturlarında, xüsusilə Dövlət Sərhəd Xidmətində çalışmaq istəyir. Təhsilini də bu istiqamətdə almağı düşünür. Düşərgəyə qardaşı ilə birgə gəlib. Onunla da söhbət etmək istədiyimizi bildirirəm. Gülümsəyərək deyir ki, qardaşımı tapmaq çətindir, olduqca hiperaktivdir, bəzən özüm də tapa bilmirəm. Teyyubun sözlərinə görə, düşərgənin yaxşı tərəflərindən biri də telefon istifadə etmədən də əylənməyin mümkün olmasının uşaqlara əyani şəkildə göstərilməsidir.
 
 
Bayaqdan zalın giriş tərəfindəki gimnastika divarında idman hərəkətləri edən bir nəfər diqqətimi çəkir. Adını və yaşını öyrənirəm. 17 yaşlı Elmir şəhid çavuş Ruslan Rəhimovun oğludur. Həmsöhbətimiz deyir ki, həm idmana, həm də tarix və coğrafiyaya xüsusi marağı var, gələcəkdə isə iqtisadçı olmaq istəyir. Elmir deyir ki, bundan əvvəl də bir çox düşərgələrdə iştirak edib. Ancaq bu düşərgə elə maraqlıdır ki, heç bitməsini istəmir.
 
 
Oyunların bir qədər yekunlaşması ilə içəri daxil olandan söhbətləşmək istədiyim uşaqlardan biri axır ki, əyləşməyə vaxt tapır. Yaxınlaşıb, öyrənirəm ki, 13 yaşlı Cavid şəhid çavuş Canlar Cavadovun oğludur. O, gələcəkdə polis olmaq və təhsilini Amerikada almaq istəyir. Cavid deyir ki, düşərgə uşaqlara telefondan uzaqlaşıb real dostluqlara fokuslanmağa, sosiallaşmağa təkan verdi. Onun sözlərinə görə, ilk günlər telefonsuz vaxt keçirmək çətin olsa da, sonradan öyrəşiblər, fəaliyyətlər onlara elə maraqlıdır ki, heç telefon yadlarına da düşmür.
 
 
Söhbətimiz boyu atdığı hər topu basketbol səbətindən keçirən Adnan nəzərimdən qaçmır. Bir qədər sonra topu düz yanımıza düşür. Götürməyə gələndə onu da söhbətə qoşmaq istəyirəm. 14 yaşlı Adnan şəhid Muxtar Babayevin oğludur. Əslən Cəlilabad rayonundandır, ancaq Bakıda yaşayır. 149 saylı məktəbin 8-ci sinifində təhsil alır. Adnan da polis olmaq və təhsilini bu sahədə almaq istəyir. O, deyir ki, olduqca məhsuldar keçən düşərgə ona yeni dostluqlar da qazandırıb. 
 
 
Şəhid polkovnik-leytenant Soltan Məmmədovun oğlu Əli də yanımızdadır, maraqla müsahibəmizi dinləyir. Bir qədər də onunla həmsöhbət olmaq istəyirəm. Əli Bakı şəhər 3 nömrəli tam orta məktəbin 9-cu sinfində təhsil alır. Polis olmaq istəyir və təhsilini də bu istiqamətdə davam etdirməyi düşünür. Əli də düşərgədə keçirilən fəaliyyətlərdən olduqca razıdır, deyir ki, belə düşərgələrə ilk dəfədir gəlir. 
 
Oğlanlarla söhbət zamanı bir məqam xüsusi diqqətimi çəkir. Onların əksəriyyəti hüquq mühafizə orqanlarına, hərb sahəsinə meyillidirlər. Bu igidlərin hər biri gələcəyin aydınları, böyük şəxsiyyətləri olacaq, ən önəmlisi Vətənin müdafiəsində dayanacaqlar. Deməli, həqiqətən də ot kökü üstündə bitir. 
 
Bunları düşündükcə içimdə hüzur və qürur hissini eyni anda yaşayıram. Şəhid övladlarının gözlərində sevinc və gələcəyə dair böyük ümidlər görmək məni də xoşbəxt edir. Şübhə yoxdur ki, Vətən müharibəsində şəhid olanların əmanətləri unudulmur. Şəhid və qazi ailələri, onların övladları dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunur.
 
 
Dərin fikirlərdən həmkarlarımın məni səsləməsi ilə oyanıram. Deyirlər, qızlar həyətdəki çardaqlarda rəsm hazırlamaqla bağlı fəaliyyətlərə keçid edirlər. Yanaşı oturub eyni rəsm üzərində işləyən iki qız diqqətimi çəkir. Uzunsaçlı bir qadın rəsmi çəkirlər. Qızlara yaxınlaşır, yanlarında əyləşirəm. Mirzə Axundovun qızı Zərifə Axundzadənin 11 yaşı var. Zərifə adına uyğun bir peşə də seçib, deyir ki, böyüyəndə göz həkimi olacaq. Zərifə burada hər kəsin onlarla çox mehriban rəftar etdiyini bildirir. Burada qazandığı dostlarından biri yanında əyləşib, onunla birgə rəsm çəkir. 
 
Bir az da onunla söhbətləşirik. Yağmur şəhid çavuş Vasif Quluyevin övladıdır. 12 yaşlı Yağmur da həkim olmaq arzusundadır. O, Beyləqan rayon 7 nömrəli liseyin şagirdidir. Yağmur düşərgədə bütün oyunların maraqlı olduğunu, ancaq onu daha çox cəlb edən fəaliyyətin rəsm çəkmək olduğunu deyir. O, təbiətlə bağlı rəsmləri çəkməyə daha çox meyil edir. Bildirir ki, rəsmlərində, əsasən, atasının şəhid olduğu Füzulini təsvir edir. 
Yağmurun dərin düşüncələri insanı çox düşündürür. Əslində, şəhid övladlarının hamısı bir-birinə bənzəyirlər. Zahirən olmasa da, hər birinin sözlərində, baxışlarında dərin məna var. Bəzən elə anlamlı fikirlər söyləyirlər ki, bu ifadələri onların işlətdiyinə inanmaq çətin olur.
 
 
Fəaliyyətlərin sonunda xatirə fotosu çəkilməsi məqsədilə uşaqları amfiteatrda toplayırlar. Hamısı bir yerdə əl edirlər. Aralarından birinin azadlıq işarəsi tutması məndə xüsusi maraq yaradır. Çəkilişdən sonra, həmin qız və yanında əyləşən başqa bir qız orada qalır. İri addımlarla pilləkənləri çıxıram. Məni görən kimi, ikisinin ortasında əyləşməyim üçün yer göstərirlər. Elə bu cür də edirəm. Öyrənirəm ki, onlar Şuşanın azadlığı uğrunda şəhid olan Asif Qocayevin övladları Xədicə və Məryəmdir. İndi Məryəmin azadlıq işarəsi tutmasının mənasını daha yaxşı anlayıram. 
 
 
Məryəm 10 yaşındadır Gəncədə 12 saylı orta məktəbdə təhsil alır. Həm də incəsənətə marağı var. İki ildir ki, skripka ilə məşğul olur. Deyir ki, burada öz yaşıdlarından basketbol oynamağı da öyrənib. Ən sevdiyi fəaliyyət isə rəsm çəkməkdir, çünki bu sahədə çoxsaylı uğurları var. Məryəm rəsm üzrə müsabiqədə 3-cü yeri tutub. İncəsənətə bu qədər maraqlı olsa da, daha fərqli bir peşəni seçmək fikrindədir. O deyir ki, uşaqların hüquqlarını müdafiə etmək üçün hakim olmaq istəyir. 
 
 
Xədicə isə 12 yaşındadır, Azərbaycan dili üzrə respublika fənn olimpiadasında 2-ci yer tutub. Xədicə həm də fortepianoda ifa etməyi bacarır. Düşərgədə daha çox voleybol və stolüstü tennis oyunlarının diqqətini çəkdiyini deyir. Xədicə həkim olmaq istəyir. Bildirir ki, o, gələcəkdə xəstə uşaqları ödənişsiz əməliyyat edəcək. Uşaqların hər ikisinə qəlbləri qədər böyük və ülvi arzularına çatmaları yolunda uğurlar diləyirəm. Bir yerdə amfiteatrdan çıxırıq. Artıq sağollaşma zamanı çatıb. Qapıya tərəf yönəlirik. Məryəm qaçaraq yanıma gəlir. Əllərini bir-birinə möhkəmcə dolayaraq məni qucaqlayır. İçimdəki hüzur birə-beş artır. Belə olduqda heç getmək istəmirəm. Ancaq baxıram ki, maşındakılar məni gözləyirlər. Məryəmin hörüklü, uzun saçlarını oxşayıb, qapıya yönəlirəm.
 
Yol boyu düşünür, analiz edirəm. Şəhid övladlarının 4 il əvvəlki davranışı ilə bugünkü çox fərqlidir. Onlar böyüdükcə, yaşa dolduqca atalarının kim olduğunu daha yaxşı anlayırlar. "Mən şəhid oğluyam!", "Mən şəhid qızıyam!" ifadələrini qürurla söyləyirlər. Nə zaman gözlərini həsrət bürüsə bu müqəddəs ad onlara təsəlli verir, həyat eşqi və mübarizə ruhu aşılayır. Bizə isə yeri gələndə onların qəlbindəki təlatümləri duymaq, əmanətlərə sahib çıxmaq düşür…
 
Günel ABBAS


23.08.2024 | 14:33