Tələbələr kirayə mənzil axtarışı zamanı hansı məqamlara diqqət yetirməlidirlər?

Hər il ölkənin müxtəlif bölgələrindən paytaxt Bakı və digər böyük şəhərlərə tələbələr təhsil almaq üçün axın edirlər.

Nəzərə alsaq ki, yeni tədris ilinin başlamasına artıq bir aydan da az vaxt qalır. Bu ərəfədə bir çox tələbə və onların valideynlərini qayğılandıran məsələlərdən biri də uyğun kirayə mənzil axtarışıdır.
 

Mövzu ilə bağlı "Azərbaycan müəllimi"nə açıqlama verən daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev qeyd edib ki, 2016-cı ildən başlayaraq Bakı şəhərində istismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan köhnə çox mənzilli binalarının və fərdi  evlərdən ibarət yaşayış massivlərinin söküntüsü gedir:
 

"Sökülən hər köhnə çoxmənzilli yaşayış binalarının yerində yeni tikili binalar inşa olunduqca kirayəlik mənzillərin aylıq qiymətləri köhnə binalardan iki dəfəyə qədər daha baha qiymətə təklif olunur".
 


 

Ekspert qeyd edib ki, tələbələr mənzil axtararkən daha çox həmin mənzilə özləri vizual olaraq baxış keçirməli, mənzil sahibi ilə birbaşa danışıq aparmalıdırlar:
 

"Tələbələr mənzil kirayə götürərkən daha yaxşı olar ki, evdə olan bütün əşyaların siyahısını alsın və həmin mənzilin kirayə müqaviləsini rəsmi formada bağlasın.
 

Rəsmi formada bağlanan müqavilədə kirayə verən və kirayə götürənin bütün öhdəlikləri qeyd olunur və gələcəkdə heç bir tərəf həmin öhdəlikləri poza bilmir".
 

E.Fərzəliyev hər il baş verən tendensiya halını da vurğulayıb:
 

"Tələbələr və ya onların valideynləri hələ paytaxta gəlmədən, elan saytlarından ucuz kirayə evlərin məlumatlarını əldə edirlər. Dələduzlar da vətəndaşlara həmin mənzillərin daha qısa müddətə kirayə veriləcəyini bildirərək beh və ya mənzil pulunu əvvəlcədən alaraq onların pulunu mənimsəyirlər".
 

O bildirib ki, çox vaxt bu vəziyyət təqribən avqust ayının sonlarında baş verir:
 

"Tələbələr və valideynlər məcburən belə dələduzlara inanaraq mənzilə kirayə pulunu göndərir və daha sonra həmin şəxslərlə əlaqə saxlamaq mümkün olmur".
 

Bu baxımdan diqqətli yetirməli məqamlar mənzilin təmiri, içindəki əşyalar və evin sığortasıdır:
 

"Kirayə qalanlar mənzil sahibindən mütləq şəkildə həmin mənzilin sığortalanmasını tələb etməlidirlər. Çünki daha çox sığorta hadisələri kirayə verilən mənzillərdə baş verir və bu zaman mənzil sahibi dəymiş zərəri kirayənişindən tələb edir, bəzi hallarda isə məhkəmələrə qədər gedib çıxa bilir".
 

Qeyd edək ki, həmin müqavilə rəsmi formada bağlanılmalıdır ki, gələcək də mənzil sahibi həmin kirayənişinləri vaxtından tez evdən çıxartmasın və evin kirayə qiymətini artırmasın.
 

Bəs yataqxanalarda vəziyyət necədir?
 

Yataqxanalarla bağlı məsələyə əmlak məsələləri üzrə eksperti Ramil Osmanlı bildirdi ki, bu gün ölkədəki yataqxana sayı tələbələri qəbul etmək iqtidarında deyil:
 

"Yataqxana sayı azdır, tələbə sayı çoxdur, yəni mövcud yataqxanalar hazırda tələbələrin heç 10%-ni qəbul eləmək imkanında deyil".
 

 R.Osmanlı vurğulayıb ki, təklif azalır, tələb isə artır:
 


"Tələbələrdən savayı gənc ailələr, paytaxtda işləmək üçün gələnlər və ehtiyacı olan digər şəxslər də kirayə mənzil bazarında tələbin formalaşmasında aktiv iştirak edirlər və nəticədə, bu da qiymət artımına təsir göstərir".
 

Ekspert həmçinin qeyd edib ki, bu problem hələ qarşıdakı illərdə də oxşar şəkildə davam edəcək.
 

Kubra ŞAHİN



23.08.2024 | 11:58