Gələcək peşələrin ünvanı - REPORTAJ
Məzahim Babayev bu il IX sinfi bitirib peşə təhsili almağa qərar verən minlərlə yeniyetmədən biridir. O, 136 nömrəli tam orta məktəbin məzunudur. Növbəti tədris ilindən “İnformasiya kommunikasiya texnologiyaları üzrə texnik” ixtisası üzrə təhsil alacaq. İxtisası kimi, təhsil alacağı peşə məktəbini də özü seçib. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində oxuyacaq. Qəbul olunduğu ixtisas üzrə qeydiyyatdan keçmək, seçdiyi ixtisası oxumaqda qərarlılığını ifadə eləmək üçün gəlib.
 
 
Anası da yanındadır. Aybəniz Babayeva deyir ki, ailə başçısını itirənlərə güzəşt nəzərdə tutulduğundan, oğlu ödənişdən tamamilə azad olunub. Odur ki, Məzahim Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində ödənişsiz təhsil alacaq.
 
 
Peşə təhsili almaq üçün kənddən şəhərə gəldi
 
Dünya Rəhimova “İnformasiya kommunikasiya texnologiyaları üzrə texnik” ixtisası üzrə təhsil alacaq: “Özüm arzuladım, seçdim və qeydiyyatdan keçdim”. Tovuz rayonu Köhnəqala kənd tam orta məktəbindən məzun olan Dünya deyir ki, öz ixtisası üzrə işləmək, hətta təhsilini ali məktəblərdən birində davam etdirmək istəyir.
 
 
Peşə təhsili alıb qardaşı ilə birlikdə şirkət quracaqlar
 
Kamran Piriyev 240 nömrəli məktəbin məzunudur. Məzun olarkən də hədəfi, təkcə peşə təhsili almaq yox, məhz Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində oxumaq olub. Onun sözlərinə görə, bu peşə məktəbini seçmək ailə üçün yenilik deyil: “Qardaşım da burada oxuyur, o, artıq III kursa keçdi. İkimiz də “Avtomobil mexatronikası üzrə texnik” ixtisası üzrə təhsil alacağıq. Peşə təhsil müəssisəsini bitirib ikimiz də bir yerdə işləyəcək, öz işimizi quracağıq”. 
 
 
Kamran maşınlar haqqında az-maz məlumatlı olsa da, təhsil alacağı müəssisəyə güvənir: “Qardaşım da deyib, özüm də müşahidə edirəm ki, burada təhsil çox yüksək səviyyədədir. Burada alacağımız təhsil sayəsində peşəkar olacağımı düşünürəm. Sonra təhsilimi ali məktəbdə davam etdirəcəyəm. Gələcəkdə də qardaşımla bərabər şirkət qurmaq istəyirik”.
 
 
Kollecə də qəbul olmuşdu, lakin peşə təhsilini seçdi
 
Ağahüseyn Əsgərov Şabran rayon E.Mütəllimov adına Ağalıq kənd tam orta məktəbin məzunudur. “Sənaye və mülki binalarda elektrik avadanlıqlarının quraşdırılması” ixtisasına Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsil Mərkəzində yiyələnəcək. İndiyədək sadəcə lampa “quraşdırıb”, bundan sonra əlini böyük avadanlıqlara alışdıracaq: “İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinə də qəbul olmuşdum Mən orada “Zootexnik” ixtisası üzrə oxumağı yox, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini seçdim”. 
 
 
“Avtomobil mexatronikası üzrə texnik” ixtisasına qəbul olunan Canpolad Hacıkərimov subbakalavr olacaq. İlk yazdığı yerə - Sənaye və İnnovaiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə qəbul olunub. Planı odur ki, ali təhsil müəssisəsində də oxusun. Amma bu barədə danışmaq hələ tezdir. Əvvəlcə, seçdiyi peşəyə yiyələnəcək. 
 
Ödənişli də olsa, oxuyacaqdı
 
Seyidəli Şıxsadayev “Avtomobil diaqnostikası və təmiri ustası” ixtisası üzrə təhsil alacaq. Dediyinə görə, ödənişli də olsa, oxuyacaqmış, amma ödənişsiz yerə qəbul olunub. Xaçmaz rayonu Abamüslüm Səlimov adına 7 nömrəli tam orta məktəbin məzunu artıq Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsidir.
 
 
Hər biri peşə təhsili müəssisələrinə qəbul olunanların siyahısına düşüb, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil alacaq. Onlar sözügedən müəssisəyə qəbul olunan 848 nəfərin arasında qeydiyyatdan keçməyə tələsənlərdir. 
 
Qəbul komissiyası: məcburi köçkünlər imtiyazlı deyil
 
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində biri psixoloq olmaqla 6 nəfərdən ibarət qəbul komissiyası işləyir. Hər gün 100 nəfərə qədər şəxsi qəbul edir, sənədlərini araşdırır, qiymətləndirir, qeydiyyata alır, varsa problemləri bildirir, tövsiyələr verirlər. Budur, atası ilə komissiya üzvü Zeynəb Atakişiyevaya yaxınlaşan Rəbiyyə burada öyrənir ki, məcburi köçkün olaraq qəbul olunduğu peşə təhsil müəssisəsində ödənişsiz oxuya bilməyəcəklər.
 
Rəbiyyə Güləliyeva qeydiyyatdan keçir. 223 nömrəli tam orta məktəbin məzunu, artıq Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbəsidir. O, burada “Kompüter sistemlərinin proqramlaşdırılması” ixtisası üzrə ödənişli yüksək texniki peşə təhsili alacaq. 
 
 
Rəbiyyə ali təhsil müəssisələinə qəbul imtahanlarına da qatılıb. Amma balı ürəyincə olmayıb və istəmədiyi ixtisasda təhsil almaqdan imtina edib. Orta təhsili yaxşı qiymətlərlə başa vurduğu üçün attestat balı onun Sənaye və İnnovasiylar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə qəbul olunmasına imkan yaradıb. Qəbul olunduğu ixtisas üzrə oxumağa hazır olduğunu deyir: “Yeni nəsilik, kompüterdən başımız çıxır”.
 
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşı, Qəbul Komissiyasının üzvü Zeynəb Atakişiyeva “Azərbaycan müəllimi”nə məlumat verib ki, bu problemlə tez-tez qarşılaşırlar: “Məcburi köçkün kimi sənədlərini  gətirənlər çox olur. Lakin biz onlara izah edirik ki, məcburi köçkünlər kollec və ali təhsil müəssisələrində təhsil haqqından azad olunsa da, bu imtiyaz peşə təhsili müəssisələrinə aid edilmir”.
 
“Qeydiyyat prosesinə qatılmamaq qəbul olunduğu ixtisas üzrə oxumaqdan imtina kimi qəbul edilir”
 
Z.Atakişiyevanın sözlərinə görə, avqustun 17-dən fəaliyyətə başlayan qəbul komissiyası hər gün bu və ya digər məlumatsızlıq xarakterli faktlarla qarşılaşır: “Ən çox qarşılaşdığımız məsələ düzgün aparılmayan ixtisas seçimi ilə bağlı olur. Sıralayarkən arzuladığı ixtisası sonrakı yerlərdə qeyd edir, sonra çıxış yolu axtarırlar. Yəni, ixtisasları düzgün sıralamayanlar daha çoxdur”. 
Qeydiyyat prosesinə qatılmamaq qəbul olunduğu ixtisas üzrə oxumaqdan imtina kimi qəbul edilir: “Biz bunu imtina olunmuş olaraq sistemə qeyd edirik. Həmin ixtisaslar qəbulun ikinci mərhələsində boş qalan yerlərin siyahısına əlavə edilir”.
 
 
“Danışıdıra-danışdıra problemlərini araşdırıram”
 
Komissiya üzvü, psixoloq Mehparə Əlizadə psixoloji iş aparır, diqqətini çəkənləri dəvət edərək söhbət edir: “Danışıdıra-danışdıra problemlərini araşdırıram. Komissiyanın digər üzvlərinin də diqqətini çəkənlər ola bilər. Hər hansı “şübhə” varsa, həmin tələbəmizlə qeydiyyatdan keçdiyi gündən başlayaraq işləyirik. Bu məsələdə komissiya üzvləri bərabər çalışır. Bu il psixoloji problemi olan hər hansı şəxs aşkarlanmayıb. Məsələn, ötən il biri oldu, Nevrologiya İnstitutunda müayinə olunmasını tələb etdim. Bu il kompleksləri, utancaqlığı olan uşaqlarla qarşılaşmışam”.
 
Psixoloq belə şəxslərlə mütəmadi işlədiyini deyib: “Onlarla söhbət aparır, həmin tələbələrimizi dərs ilində də diqqətdə saxlayıram. Mütəmadi söhbət edərək komplekslərini aradan qaldırırıq”.
Psixoloq müəssisəyə qəbul olunan şəhid ailələri, əlil və ümumiyyətlə, imtiyazlı tələbələrin də siyahısını tutur. Bu il Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində imtiyazlı təhsil alanlar arasında şəhid ailəsi üzvü də olacaq, əlillər də.
 
Mərkəzin direktoru Şaban Cəərçiyev “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, müəssisəyə qəbul bu il daha da artacaq: “Bu il Mərkəzimizə 1080 nəfər tələbənin qəbulu gözlənilir. İlk dəfə müəssisəmizə qəbul olunan tələbə sayı çox olacağı üçün ikinövbəli sistemə keçəcəyik. Hazırda qəbulun birinci mərhələsinin nəticələrini gözləyirik. Qeydiyyat bitdikdən sonra tam əmin olacağıq ki, 848 nəfərin neçəsi qeydiyyatını təsdiqlədi. Boş qalan yerlərlə bağlı avqustun 27-dən sonra ikinci turda tələbə qəbulunu davam  etdirəcəyik”.
 
 
Ən çox bu ixtisaslarımızı bitirənlər iş tapırlar
 
Ş.Cəərçiyev müəssisənin ən çox tələb aldıqları ixtisaslarından da danışıb: “Qaynaqçı ixtisaslarımızda boş yerlər qalır. Bu da ixtisaslarımız, onlara əmək bazarında olan tələbatla bağlı yanlış informasiya, yaxud məlumatsızlıqla bağlıdır. “Qaynaq”, “sənayedə quraşdırma”, - deyiləndə yanlış anlayırlar. Nəticədə ixtisas seçimində narahatlıq yaranır. Halbuki məzunlarımızın işə götürülmə faktlarına baxanda görürük ki, ən çox qaynaqçı, “Torna və Frezer dəzgahlarının operatoru” üzrə ixtisaslarımızı bitirənlər iş tapırlar”.
 
Onun sözlərinə görə, kadr hazırlığı aparılan “Avtomobil diaqnostikası”, “Dizayner və proqram təminatçısı” ixtisasları üzrə mövcud yerlərin hamısı dolub, hətta kibertəhlükəsizlik ixtisası üzrə ödənişli yerlərdə də boş qalan yoxdur: “Yüksək texniki peşə təhsili üzrə ödənişli ixtisaslara ilk dəfə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində qəbul aparılacaq. Hamısının birinci mərhələdə dolmağı çox yaxşı nəticədir”.
 
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlər Peşə Təhsil Mərkəzində bu il 3 yeni ixtisasın tədrisi aparılacağını deyən Ş.Cəərçiyev əmək bazarının tələbinə uyğun kadr hazırlığı təşkil edildiyini deyib: “Tibbi avadanlıqların təmiri və xidmət elektromexaniki”, “Alternativ enerji qurğu və avadanlıqların istismarı” və “Elektrik və hibrid avtomobillərin təmiri üzrə texnik” ixtisasları üzrə tədris başlayacaq”.
 
Mərkəz direktorunun sözlərinə görə, bəzi ixtisaslarla bağlı kadr hazırlığı tələbi alıblar: “Sənayedən gələn başqa tələblərlə bağlı kadr hazırlığı gələcəkdə də həyata keçiriləcək”.
 
Ruhiyyə DAŞSALAHLI
Foto: Kənan QAFAROV


23.08.2024 | 16:00