Məktəb direktoruna qarşı zorakılıq pislənilir

Noyabrın 20-də  Bakı şəhər 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəyev aktyor Rza Rzayev tərəfindən fiziki zorakılığa məruz qalıb. Nəticədə  ciddi xəsarət alan direktor xəstəxanaya yerləşdirilib. T.Mirzəyev hazırda 3 saylı şəhər klinik xəstəxanasında müalicə olunur. Təhsil Nazirliyi tərəfindən cinayət hadisəsi kimi qiymətləndirilən  və qınanılan olayla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu gün açıqlama verib. Açıqlamada qeyd olunur ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtdakı 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyevə qarşı baş vermiş fiziki zorakılıq halını pisləyir və şiddətlə qınayır.

 

Bir təhsil müəssisəsinin rəhbərinə qarşı şəxsi toxunulmazlıq və digər hüquqi prinsiplərin kobud şəkildə pozulması ilə müşahidə olunan fiziki zor tətbiq edilməsi və bədən xəsarətləri yetirilməsi ölkəmizin təhsil ictimaiyyəti tərəfindən hiddətlə qarşılanır.

 

Bəyanatda o da bildirilir ki, məsələ Təhsil Nazirliyinin rəhbərliyi tərəfindən  diqqət mərkəzində saxlanılır.

 

Noyabrın 20-də aldığı ağır xəsarətlər səbəbindən 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmiş 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyevə baş çəkilib, səhhəti ilə maraqlanılıb.

 

“Tural Mirzəliyevə şəfa diləyir və hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırması aparılan məsələnin ədalətli hüquqi qiymət alacağına inanırıq” - deyə açıqlamada daha sonra qeyd olunur.



21.11.2018 | 14:56