Qarabağ Universitetinin ən yüksək ballı tələbəsi: Peşəkar hüquqşünas olub, vətənimə xidmət etmək istəyirəm
Bu il tələbələrin ali təhsil müəssisəsi seçimində böyük maraq göstərdikləri müəssisələrdən biri də yeni yaradılan Qarabağ Universiteti də olub. Kifayət qədər yüksək ballı tələbə ilk seçimində məhz Qarabağ Universitetini yazıb və bunun nəticəsində də ali təhsil müəssisəsinin əksər ixtisasları üzrə yüksək qəbul balı formalaşıb. Qarabağ Universitetinin ən yüksək ballı tələbəsi isə Zenfira Nəsirovadır. O, Salyan şəhərindəki 1 saylı məktəb-liseyi bitirib və bu il ali təhsil müəssisələrinə qəbul imtahanında III ixtisas qrupu üzrə 683.8 bal toplayıb.
 
Təəssüratlarını "Azərbaycan müəllimi" ilə bölüşən Zenfira bildirir ki, Qarabağ Universiteti gələcək üçün parlaq təəssürat bəxş edən ali təhsil müəssisələrindəndir.
 
"İnanıram ki, təhsil alacağım Qarabağ Universiteti növbəti illərdə təkcə regionun deyil, dünyanın ən yaxşı ali məktəblərindən birinə çevriləcək. 2-3 ay əvvəl bizdə tədbir olmuşdu və bu tədbirdə Qarabağ Universitetinin presprektivlərindən, karyeramızda oynaya biləcəyi roldan danışılmışdı. Bu görüş ali təhsil müəssisəsi seçimimə böyük təsir göstərdi və bundan sonra Qarabağ Universitetində təhsil almaq istədiyimi qətiləşdirdim. Həmçinin burada tədris aparacaq müəllimlərin xüsusən xaricdə təhsil almış şəxslər olması, təqaüd proqramları və güzəştlər də buranı seçməyimin əsas səbəblərindədir. Düşünürəm ki, gələcək karyeram üçün Qarabağ Universiteti yaxşı bir seçimdir".
 
Zenfira "Hüquqşünaslıq" ixtisasına onda 9-cu sinifdən maraq yarandığını, ailəsinin və müəllimlərinin də seçimini dəstəklədiklərini vurğulayıb: "Bu ixtisasda özümü daha uğurlu görürəm və gələcəkdə yüksək nailiyyət qazanacağıma inanıram. İstəyərdim ki, bu 4 ili ən yüksək nəticələrlə başa vurum və daha sonra İngiltərədə magistratura təhsili alım. Daha sonra dünyanın ən öndə gedən hüquq şirkətlərinin birində təcrübə keçib, peşəkar hüquqşünas olub, vətənimə xidmət etmək istəyirəm".
 
Qeyd edək ki, 2024-2025-ci tədris ili üzrə ali məktəblərə qəbulun birinci turunda 1104 abituriyent Qarabağ Universitetinə qəbul olub, onlardan 101 nəfəri 600 baldan yüksək nəticə göstərib. Ümumilikdə, ilk tədris ilində universitetinin bakalavriat səviyyəsində 27 ixtisas üzrə kadr hazırlığı həyata keçiriləcək.
 
Kubra ŞAHİN
 


26.08.2024 | 10:56