Ali təhsil müəssisələrinə qəbul olunan subbakalavrların sayı artıb
Subbakalavrlar 34 müxtəlif ali təhsil müəssisəsinə qəbul olunublar. Bu il ali təhsil müəssisələrinə qəbul olunan subbakalavrların sayı da artıb və ötənilki göstəricidən 695 nəfər daha çoxdur.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə bu gün keçirilən brifinqdə deyib.
 
“Subbakalavrlar say etibarilə daha çox Azərbaycan Texniki Universiteti (584), Mingəçevir Dövlət Universiteti (569 nəfər) Azərbaycan Texnologiya Universitetinə (527 nəfər) və Lənkəran Dövlət Universitetinə (505 nəfər) qəbul olunub. Ali təhsil müəssisələrinin qəbul planı və onların dolma faizinə baxdıqda isə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasına qəbul olunanların 56.84%-nin, Azərbaycan Texnologiya Universitetinə qəbul olunanların 43.52%-nin subbakalavrlar olduğunu görərik.
 
Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul olunanlar avqustun 28-dən sentyabrın 6-dək (saat 18:00-dək) elektron qaydada portal.edu.az saytı vasitəsilə qeydiyyatdan keçməlidirlər.
 
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.
Avqustun 28-dən sentyabrın 2-dək isə boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq” - deyə DİM sədri bildirib.
 
Günel ABBAS


26.08.2024 | 11:24