ATU ilə İspaniyanın Qranada Universiteti arasında memorandum imzalanıb
Azərbaycan Texnologiya Universiteti (ATU) ilə İspaniyanın Qranada Universiteti (QU) arasında anlaşma memorandumu imzalanıb. 
 
Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən məlumat verilib. Sənədi ATU-nun rektoru v.m.i.e dos. Yaşar Ömərovla, QU-nun rektoru prof. Pedro Mercado Pacheco İspaniyanın Qranada şəhərində imzalayıblar.
 
ATU 2023-cü ilin may ayında imzalanmış müqavilə ilə bir müddətdir ki, Qranada Universitetilə Erasmus proqramı çərçivəsində müəllim və tələbə heyətinin mübadiləsini həyata keçirir.
 
Ötən semestr müddətində ATU tələbəsi QU-da təhsilini davam etdirib, QU professorunun isə ATU-da seminarları təşkil olunub.
 
18 iyul tarixində imzalanan memorandumla mövcud əməkdaşlığın bir neçə istiqamət üzrə daha da genişləndirilməsi nəzərdə tutulur. Sənəddə birgə elmi konfransların, layihələrin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsinin bundan sonra da davam etdirilməsi və s. öz əksini tapır.
 
QU-ya səfər edən nümayəndə heyətində strateji inkişaf və rəqəmsallaşma məsələləri üzrə rektor müşaviri Mehman Kərimov, Qida mühəndisliyi fakültəsinin dekanı Mehman İsmayılov da təmsil olunub. 
 
Səfər çərçivəsində ATU nümayəndə heyəti QU-da infrastruktur, fakültələrin maddi texniki bazası, həyata keçirilən elmi işlər və tədris prosesinin təşkili ilə yaxından tanış olublar.
 
Qeyd edək ki, Qranada Universiteti İspaniyanın ən yaxşı 2-ci universiteti hesab olunur. Bu ali təhsil ocağı bu il üzrə QS reytinqinin dünya universitetləri sıralamasında 431-ci yerdə, "Times Higher Education" reytinqində isə 501-600 aralığındadır.


26.08.2024 | 11:48