ADPU tələbələri şair Vahid Əzizlə görüşüb

Noyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tədris Departamentinin Məzun, koordinasiya və karyera bölməsinin, “Səadət” Şairlər Cəmiyyətinin və Filologiya fakültəsinin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə istedadlı və tanınmış şair, tərcüməçi, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Vahid Əzizlə görüş keçirilib.

 

Görüşdə çıxış edən ADPU-nun Kimya və biologiya fakültəsinin müəllimi, “Səadət” Şairlər Cəmiyyətinin rəhbəri Səadət Abdullayeva, həmin fakültənin II tədris ili tələbəsi İqbal Əsədov bildiriblər ki, V.Əzizin müasir Azərbaycan poeziyasında öz yeri, mövqeyi və dəst-xətti var. O, çox gözəl şeirlərin, publisistik yazıların müəllifidir.

 

Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov  şairin həyat və bədii yaradıcılığı haqqında danışıb, noyabrın 23-də  73 yaşı tamam olacaq şairi doğum günü münasibətilə təbrik edib

 

V.Əziz görüşün keçirilməsinə görə universitetin rəhbərliyinə və bu işdə əməyi keçən hər kəsə təşəkkür edib. Sonra tələbələrə keçdiyi həyat yolundan, bədii yaradıcılığından danışıb, onların müxtəlif suallarını cavablandırıb, öz şeirlərini söyləyib.    

 

Görüşdə Əməkdar artist Vasif Məhərrəmli V.Əzizin şeirlərinə bəstələnmiş mahnıları ifa edib, tələbə-gənclər şeirlərini səsləndiriblər. Görüş hamıda xoş təəssürat yaradıb.

 

Sonda xatirə şəkli çəkdirilib.



21.11.2018 | 17:47