“Innocamp Poland” şirkətinin akademik direktoru SDU-da mühazirə ilə çıxış edəcək
Ali təhsil sahəsində gənclər proqramlarında sosial dəyişiklik və innovasiya pedaqogikası mövzusunda effektiv bir təcrübəyə sahib sosial innovator və idarəçi olan Dr. Adam Jagiello-Rusilovski Sumqayıt Dövlət Universitetində “Təhsil proqramlarında tələbələrin təşəbbüsləri ilə yaşıl bacarıqların inkişafı” mövzusunda çıxış edəcək.
 
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, Adam Jagiello-Rusilovski “Innocamp Poland” şirkətinin akademik direktorudur və burada Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və universitetlərin daha yaşıl və inklüziv olmasına dəstək göstərən layihələri həyata keçirir. O, Avropada ali təhsildə liderlik və dəyişiklik yaradanların kampuslarının yaradılması sahəsində 25 ildən çox təcrübəyə malikdir. Dr. Rusilovski Ashoka təqaüdçüsü və məsləhət şurasının üzvü olmaqla yanaşı həm də Ashoka U-nun Sosial İnnovasiyalar Jurnalının baş redaktorudur. O, Avropa İttifaqı və Asiya universitetlərinə BMT-nin dayanıqlı inkişaf məqsədlərinin təhsil proqramlarına daxil edilməsi və davamlılıq üçün çoxtərəfli əməkdaşlıq ilə tələbələri xidmətin tədrisinə cəlb etməklə sosial təsirlər barədə konsultasiya verir. Dr. Rusilovski Ashoka Polşanın Qdansk Universitetində, Nyu-Yorkda Kolumbiya Universitetində və Fransada INSEAD-da təhsil alıb.
 
SDU-da keçiriləcək bu tədbirin məqsədi yaşıl keçiddə fəal oyunçular olması üçün eksperimental öyrənmədə tələbələrə dəstək olmaq məqsədilə iştirakçıları formal və qeyri-formal alətlər və strategiyalarla təchiz etməkdir. İştirakçılar tələbələrin ekoloji dünyagörüşünün və yaradıcı problemlərin həlli və təşkilati şəbəkə ilə ünsiyyət kimi gələcək bacarıqlarının inkişafı üçün imkanların yaradılması sahəsində təcrübələrini bölüşəcəklər. Əlavə olaraq, tədbirdə dəyişiklik yaradanların kampus strategiyaları və e-portfolio kimi qiymətləndirmə alətləri daxil olmaqla, qabaqcıl universitetlərin ən yaxşı təcrübələri təhlil ediləcək.
İştirak etmək istəyən şəxslərin aşağıdakı link vasitəsilə qeydiyyatdan keçmələri xahiş olunur. Seçilmiş iştirakçılara elektron dəvətnamə göndəriləcək.
 
 
Tarix: 10 sentyabr, 2024-cü il
Məkan: Sumqayıt Dövlət Universiteti
 
Vacib qeyd: Mühazirədə yalnız elektron dəvətnamə əldə etmiş şəxslər iştirak edə bilər. Tədbir ingilis dilindən Azərbaycan dilinə tərcümə ilə həyata keçiriləcək.


29.08.2024 | 09:19