Agentlik: Valideynlərin məktəbli forması ilə bağlı məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 mart 2022 ci il tarixli “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”nin təsdiq edilməsi haqqında qərarına əsasən, ümumi təhsil müəssisələrində 4 növ geyim formasından biri tətbiq edilir. Belə ki, 2022-ci ildə hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası bununla bağlı müvafiq qərar qəbul edib. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi valideynlərə yenidən çağırış edib:
 
"Valideynlər, xüsusilə övladları birinci sinfə gedənlər agentliyin və yerli bölmələrinin çağrı mərkəzi, eləcə də uşaqlarının təhsil alacağı məktəbdən bu barədə ətraflı məlumat əldə edə bilərlər. Xüsusi olaraq qeyd edirik ki, məktəbli formalarının əldə edilməsi üçün seçim sərbəst şəkildə həyata keçirilir. Valideynlərin məqsədli şəkildə hansısa satış məntəqəsinə yönləndirilməsi yolverilməzdir. Bununla bağlı agentliyin yerli bölmələrinə və tabe müəssisələrinə müvafiq tapşırıqlar verilib. Valideynlər məktəbli formaları ilə bağlı hər hansı sual və ya problem olduğu halda Agentliyin və yerli bölmələrinin “Çağrı Mərkəzi” ilə əlaqə yarada bilərlər. Vahid məktəbli geyimlərinin əldə edilməsinin asanlaşdırılması, əlçatanlığın təmin edilməsi məqsədi ilə vətəndaşlar ölkəmizin şəhər və rayonlarında fəaliyyət göstərən istənilən satış məntəqələrinə müraciət edə bilərlər".  
 
Qeyd edək ki, məktəbli formalarının satış məntəqələri barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.


30.08.2024 | 08:00