Neft və Qaz İnstitutunun alimi "Fulbright" proqramı çərçivəsində NASA laboratoriyasında tədqiqatlara başlayıb
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun aparıcı elmi işçisi Bəhruz Əhədov “2024-2025 Fulbright Visiting Scholar” proqramının qalibi kimi ABŞ-nin prestijli elmi-tədqiqat mərkəzi olan NASA-nın Reaktiv Hərəkət Laboratoriyasında (NASA Jet Propulsion Laboratory-JPL) postdoktoral tədqiqatçı kimi fəaliyyətə başlayıb. 
 
İnstitutdan "Azərbaycan müəllimi"nə bildirilib ki, "Fulbright" proqramı çərçivəsində tədqiqatçı “Azərbaycanda zəlzələlər və palçıq vulkanları arasında qarşılıqlı əlaqənin InSAR texnologiyası ilə təhlili” (“InSAR Analysis of the Interplay Between Earthquakes and Mud Volcanoes in Azerbaijan”) mövzusu üzrə NASA laboratoriyasında tədqiqatlar aparacaq, Yer qabığının deformasiyası, palçıq vulkanlarının aktivliyi və Xəzər dənizinin səviyyə dəyişikliklərinin sahil xətti dinamikasına təsiri kimi qlobal əhəmiyyətli layihələr üzərində çalışacaq.
 
Bu tədqiqatların, xüsusilə, Xəzər dənizi ilə bağlı mövcud problemlərin öyrənilməsi və həllinə, dünyanın müxtəlif bölgələrində baş verən təbii hadisələrin daha yaxşı anlaşılması və gələcəkdə potensial risklərin idarə edilməsinə böyük töhfələr verəcəyi gözlənilir. 
 
Tədqiqat nəticəsində InSAR texnologiyası ilə əldə olunan yeni datalar (NISAR) ilk dəfə olaraq Azərbaycan ərazisi üçün tətbiq olunacaq.


31.08.2024 | 18:03