Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və bacarıqların artırılması
“Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və bacarıqların artırılması” layihəsi çərçivəsində Koreya Respublikasının paytaxtı Seul şəhərində startap təlimatçıları üçün təlim-seminar keçirilib. “Azərbaycanla 2024 K-İnnovasiya Tərəfdaşlığı Proqramı” üzrə keçirilən təlimlərdə Yüksək Texnologiyalar Parkının (YTP) İnkubasiya və Texnologiyaların Transferi Mərkəzinin şöbə müdiri Bünyamin Seyidov, Bakı Mühəndislik Universiteti Texnoparkının direktoru dosent İsa Qasımov, həmin Texnoparkın startaplar üzrə mütəxəssisi Nərmin İsmayılova, ADA Universitetinin dosenti Muhammedfoik Bahadırov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri Günel İmamquliyeva, Odlar Yurdu Universitetinin Startap və İnkubasiya Mərkəzinin rəhbəri Rəvanə Göyüşlü iştirak ediblər.
 
YTP-dən "Azərbaycan müəllimi"nə bildirilib ki, təlimlərin əsas məqsədi biznes modelinin inkişafı üzrə Azərbaycandan seçilmiş startap təlimatçılarının bacarıqlarının artırılması və Koreyanın startaplara dəstək proqramı ilə praktiki təcrübənin qazanılması olub. Təlimlər çərçivəsində xarici texnologiya startap təcrübəsinin mübadiləsi, Koreya “I-Crop” təcrübəsinin öyrənilməsi üzrə Koreyanın Seul Milli Universiteti, Seul Milli Elm və Texnologiya Universiteti, “Delta Tech Korea” və “Insightors” şirkətlərinin nümayəndələri, eləcə də Koreya Elm və Texnologiya Siyasəti İnstitutunu (STEPI) təmsil edən ekspertlərin mühazirələri dinlənilib. Həmçinin 6 nəfər azərbaycanlı mütəxəssis iki qrupda startaplar üçün biznes modelin inkişaf etdirilməsinə dair layihələrini təqdim edib. Layihələr koreyalı mütəxəssislər tərəfindən müsbət dəyərləndirilib.
 
İkigünlük təlimlərin sonunda iştirakçılara sertifikat verilib. Azərbaycanlı mütəxəssislər layihənin icrası, nəticələri və gələcək əməkdaşlıqla bağlı videomüsahibələr veriblər.
 
Həmçinin koreyalı tərəfdaşlara Yüksək Texnologiyalar Parkının bazasında yaradılacaq SABAH.city innovasiya klasteri haqqında məlumat verilib, Koreyanın müvafiq təşkilatları ilə gələcək əməkdaşlıq imkanları müzakirə edilib.
 
Azərbaycanlı startap mütəxəssisləri xarici texnologiya startap nümunələrinin öyrənilməsi məqsədilə İnçon şəhərində yerləşən “Habsida” şirkətinə gedərək baş icraçı direktor Vladi Mun ilə görüşüblər. Həmçinin Koreyanın “I-Corp” proqramı üzrə uğurlu təcrübələrin öyrənilməsi məqsədilə “Kakao Mobility” şirkətinin rəhbəri İnsil Baekin təqdimatı dinlənilib.
 
Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfiri Ramin Həsənovla görüşüb. Görüş zamanı Azərbaycanda innovasiya ekosisiteminin cari vəziyyəti, startapların inkişafı ilə məsələlər müzakirə olunub. Ramin Həsənov bu istiqamətlərdə səfirliyin lazımi kömək göstərməsinə, o cümlədən Koreyanın müvafiq təşkilatları ilə əlaqələndirmənin təşkilinə hazır olduğunu ifadə edib.

 



02.09.2024 | 20:18