Kəlbəcər Təhsil Kompleksinin ərazisində məktəb, bağça, peşə emalatxanaları, STEAM mərkəzi yaradılacaq
Ümumi sahəsi 2,2 hektardan çox olan Kəlbəcər Şəhər Təhsil Kompleksinin ərazisində 80 yerlik uşaq bağçası, peşə emalatxanaları yaradılacaq. Burada STEAM zona, məktəbdənkənar hazırlıq məkanı və digər zəruri obyektlər də təşkil olunacaq.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsinin müdiri Vəfa Yaqublu jurnalistlərə açıqlamasında deyib.
 
Onun sözlərinə görə, sözügedən təhsil kompleksində 528 şagird yerlik ümumtəhsil məktəbi ilə yanaşı, peşə sinifləri, məktəbdənkənar fəaliyyət mərkəzi, məktəbəqədər təhsil müəssisəsi, STEAM mərkəzi, həmçinin kompleksdə yataqxana da fəaliyyət göstərəcək.
 
V.Yaqublu qeyd edib ki, burada şagirdlərə ənənəvi peşələr: dərzi, bərbər, santexnik, elektrik, məişət avadanlığı ustası kimi peşələrlə yanaşı, İT ustalığı da öyrədiləcək.
 
Şöbə müdiri, həmçinin diqqətə çatdırıb ki, artıq bir neçə ildi davam edən "Peşə təmayüllü siniflər" layihəsi çərçivəsində 10-11-ci sinifdə oxuyan şagirdlər öz seçimlərinə görə hər hansı peşəni öyrənirlər və nəticədə, onlar orta təhsil haqqında attestat almaqla bərabər, peşəyə də yiyələnmiş olurlar.


03.09.2024 | 22:24