Elm və təhsil nazirinin müavini "Azərbaycan müəllimi" qəzetinin əməkdaşlarını 90 illik yubiley münasibətilə təbrik edib

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Azərbaycan müəllimi" qəzetinin 90 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.

 

Təbrikdə deyilir:

 

90 yaşı tamam olan qəzetin adına nəzər yetirəndə Ulu öndər Heydər Əliyevin sözləri yada düşür: “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq".

 

Bu illər ərzində "Azərbaycan müəllimi" qəzeti milli təhsilimizi işıqlandıran, cəmiyyətdə müəllimin rolu və nüfuzunu göstərən qəzet şərəfli bir inkişaf yolu keçib, 90 yaşlı qəzetin taleyi Azərbaycanın həyatı ilə sıx bağlı olub və hər zaman xalqın müasirlənmək arzularına cavab verib. "Azərbaycan müəllimi" qəzetində hər zaman Azərbaycanın elm, təhsil, mədəniyyət, ədəbiyyat sahəsində görkəmli yer tutmuş qələm sahibləri müxtəlif mövzularda yazılarla çıxış ediblər:

 

Akademiklər Mehdi Mehdizadə, professorlar Bəkir Çobanzadə, Mərdan Muradxanov, Əhməd Seyidov, Əbdüləzəl Dəmirçizadə, Mir Cəlal Paşayev, Əbdül Əlizadə, Şirməmməd Hüseynov və başqaları doğma qəzetin həm yazarları, həm də daimi oxucuları olub.

 

Cəsarətlə deyə bilərik ki, "Azərbaycan müəllimi" qəzeti ölkəmizdə təhsilin salnaməsini yaradıb. Bu salnamədə məktəblərimizin, müəllim və şagirdlərimizin, bütövlükdə təhsil sisteminin inkişaf yolları, yeniliklər öz əksini tapıb. O, gənc nəslin təlim-tərbiyəsində, pedaqoji kadrların elmi-metodiki biliklərinin zənginləşməsində mühüm rol oynayıb, pedaqoji ictimaiyyətin sevimli qəzetinə çevrilib, deyərdim ki, təhsil işçilərinin stolüstü qəzeti olub.

 

"Azərbaycan müəllimi" torpaqlarımızın düşmən işğalından azad olunması və ərazi bütövlüyümüzün bərpası, Böyük Zəfərlə nəticələnmiş 44 günlük Vətən müharibəsində əsas fəaliyyət sferası olan sinfini ön cəbhəyə - döyüş səngərinə dəyişmiş qəhrəman müəllimlərimizin şücaətindən bəhs edən silsilə yazıları ilə hər zaman ictimaiyyətin diqqətini cəlb edib.

 

90 yaşlı qəzet bu gün də öz missiyasına sadiq qalaraq ölkəmizdə elm və təhsilin inkişafı sahəsində aparılan genişmiqyaslı islahatları və davamlı inkişafı yollarını göstərməklə oxucuları keyfiyyətli, məzmunlu yazılarla təmin etməkdədir.

 

Eyni zamanda qeyd edilməlidir ki, mətbuat, KİV aləmində, ümumiyyətlə dünyada qəzetin bu günü və gələcəyi ilə bağlı çoxsaylı müzakirələr gedir.

 

Dörd yüz illik fəaliyyəti dövründə dünyada qəzet çapı kifayət qədər çətin bir yol keçib. O həftəlik jurnal olaraq başladı. 1609-cu ildə Almaniyada ilk qəzetlərin meydana çıxdığı zaman baş verən hadisə bu dörd əsrdə informasiya funksiyasını başqaları ilə xüsusən də iqtisadi və reklamla birləşdirən ən mühüm quruma çevrilməsinin yalnız başlanğıcı idi.

 

Haqlı olaraq çoxları indi yazır ki, radio yarananda deyirdilər ki, qəzetlərə ehtiyac olmayacaq, televiziya yarananda deyirdilər ki, radioya ehtiyac olmayacaq. Artıq internet yaranıb - yenə də eyni söhbətlər - qəzetlər internetlə rəqabətə tab gətirməyəcək. Bu gün mobil jurnalistika yaranıb - və bu, qəzeti "dəfn etmək üçün yeni səbəbdir. Hazırki vaxtda, təbii ki, mobil və geniş formatlı internet informasiyanın çatdırılma sürəti və oxucu ilə interaktiv ünsiyyət imkanları ilə dəstəklənir.

 

Çap mətbuatının artıq sıradan çıxması ilə bağlı çox danışılır, lakin buna baxmayaraq, müxtəlif qəzetlər çap olunmaqda davam edir: ciddi jurnalistika həvəskarları üçün "London Times", "New York Times", "Washington Post", Almaniyada "Frankfurter Allgemeine" (Frankfute Aygemayna) kimi qəzetlər, bahalı və yüksək keyfiyyətli qəzetlər olmaqla qalmaqdadır. Artıq Moskvada yeni qəzetlər "Moskva xəbərləri" qəzeti yenidən nəşrə başlayıb.

 

Təbii ki, hər ölkənin öz keyfiyyətli qəzeti var. Və bu qəzetlər, əlbəttə ki, cəmiyyətin əsasını təşkil edir, çünki bu qəzetlər internetdə olduğu kimi təkcə xəbərlər yazmır, sizi dünyanın necə inkişaf etdiyini izləməyə, dünyada dünən, bu gün və sabah baş verənlər haqqında düşünməyə vadar edən mürəkkəb bir prosesləri təhlil edir, insanları düşünməyə səsləyir.

 

Qəzetlər nəhəng tədqiqat işləri aparır, müasir dünyanın inkişafını gündəlik xəbərlər prizmasından tədqiq edir, bu xəbərləri şərh edir və sabaha nəzər salmaq üçün istifadə etməyə kömək edir.

 

Keyfiyyətli qəzetlər təkcə ciddi və vacib brend deyil, onları itirmək təhlükəsi olan bir növ milli simvoldur, milli dəyərlər rəmzidir.

 

Biz tez-tez bir qəzetin yalnız bir günlük yaşaması haqqında danışırıq. Bu yanlış yanaşmadır. "Azərbaycan müəllimi qəzetini götürək. Bu gün oxusanız, onun "bir gündən çox yaşadığına" əmin ola bilərsiniz. Ölkə üçün təhsilin, müəllimin böyük əhəmiyyət kəsb etdiyinə həsr olunmuş birinci nömrəsini nəzərdə tuturam.

 

Bu gün də müxtəlif problemləri dərk etməyə kömək edən mədəniyyət institutu kimi "Azərbaycan müəllimi" qəzetinin rolu son dərəcə böyükdür. Çünki qəzetdə mühüm mənəvi ədəbi dəyərlər yarada bilən jurnalist və yazıçı kadrları var. Bu, müasir həyatın vacib elementidir.

 

İftixar etməli haldır ki, çağdaş milli dövlətçiliyimizin memarı ve qurucusu Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyevin müəyyənləşdirdiyi elm və milli təhsil quruculuğu strategiyasının gerçəkləşməsinə "Azərbaycan müəllimi qəzeti də öz layiqli töhfələrini verməkdədir. Əminəm ki, milli maarifimizin salnaməsi olan 90 yaşlı qəzetimiz öz üzərinə düşən tarixi missiyanı bundan sonra da ləyaqətlə davam etdirəcəkdir.

 

Qəzetin kollektivini, qəzetin sadiq oxucularını, dəyərli yazarlarını "Azərbaycan müəllimi" qəzetinin 90 illiyi münasibətilə təbrik edirəm.

 



04.09.2024 | 15:16