Adı ilə müqəddəslik qazanan “Azərbaycan müəllimi”nə... – Tanınmışlar qəzetimizi belə təbrik etdilər

İnsanın hansı sahədə çalışmasından, hansı yaşda olmasından asılı olmayaraq hər zaman müəllimə ehtiyacı olur. Müəllim həyatımızın bütün mərhələlərində öz təcrübəsi ilə əlimizdən tutur, yolumuzun üzərini qaranlıq alanda bizə işıq olur. 90 ildir ki, müəllimlərin xalqın yoluna saçdığı işığı işıqlandıran bir mətbu orqanı var. Bu məsul vəzifəni "Azərbaycan müəllimi" qəzeti bir əsrə yaxındır ki, öz üzərinə götürüb.

 

On illərdir, qəzet təhsil sahəsində yayımlanan və bu sahədəki xəbərləri, təhlilləri, elmi araşdırmaları, tədris metodlarını və müəllimlərin işlərini əks etdirən əsas nəşrlərdən biridir. 1934-cü ildən bəri yayımlanan bu qəzet, ölkənin təhsil siyasətini, müəllimlərin fəaliyyətini və təhsil sistemindəki yenilikləri işıqlandırır. Qəzet, həmçinin müxtəlif təhsil tədbirləri, konfranslar və müsabiqələr haqqında məlumat verir, müəllimlərin təcrübə mübadiləsi və peşəkar inkişafını təşviq edir. Həmçinin, müəllimlərin fəaliyyətini qiymətləndirən, onlara dəstək olan və təhsil sahəsindəki uğurları qeyd edən məqalələr dərc edir.

 

Bu gün istənilən sahədə uğur qazanan şəxslərin hər birinin nailiyyəti zamanında ona yol göstərən, elm verən müəllimləri ilə bağlı olub. Bu mənada müxtəlif sferalarda fəaliyyət göstərən tanınmış ictimai şəxslər “Azərbaycan müəllimi”nə öz ürək sözlərini bildirməyi unutmadı.

 

İctimaiyyət və mədəniyyət xadimlərinin təbriklərini təqdim edirik:

 

Bakı Dövlət Universitetinin Mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli:

 

“Klassik mətbuat sistemində öz yeri olan “Azərbaycan müəllimi” qəzeti həm də adı ilə müqəddəslik qazanıb. Çünki “Azərbaycan müəllimi” müəllimlik kimi şərəfli peşənin formalaşmasına, təhsil prosesinin gedişinə nəzarət edən və işıqlandıran bir qəzetdir. Bu qəzet bütövlükdə Jurnalistika fakültəsinə çox doğmadır. Fəaliyyətə başladığı dövrdən qəzetin redaktorları, şöbə müdirləri, əməkdaşları həm də jurnalistika fakültəsini bitirmiş jurnalistlərdən ibarət olub. Klassik jurnalistikamızın tədqiqində misilsiz rol oynamış Şirməmməd Hüseynov 1948-1950-ci illərdə bu qəzetin şöbə müdiri kimi çalışıb.

 

Qəzetin indiki əməkdaşlarının əksəriyyəti də Jurnalistika fakültəsini bitirmiş və jurnalistikanın bütün sirrlərindən hali olan jurnalistlərdən ibarətdir. “Azərbaycan müəllimi” hər zaman təhsilimizin yüksəlməyinə xidmət etmiş və elmə bağlı olmuşdur. Bu qəzetin kollektivini və müəlliflərini Bakı Dövlət Universiteti, xüsusilə Jurnalistika fakültəsi adından ürəkdən təbrik edirəm. Onlara bu şərəfli yolda uğurlar arzulayıram”.

 

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi,  professor Kərim Tahirov:

 

“Təhsil və mətbuat hər bir xalqın taleyini müəyyən edən müstəsna dəyərlərdir. Bunların hər ikisini öz səhifələrində bir araya gətirən “Azərbaycan müəllimi” qəzetinin Respublikamızda təhsil islahatlarının həyata keçirilməsində, təhsilin və elmin inkişafında, bütövlükdə milli təhsilimizin uğurlarında rolu əvəzsizdir.

Öz fəaliyyətində hər zaman obyektivlik, dəqiqlik, operativlik prinsiplərinə əsaslanan, ölkənin ən nüfuzlu mətbuat orqanlarından olan, daim xalqın, millətin rifahına xidmət edən, cəmiyyətin maariflənməsində misilsiz xidməti olan “Azərbaycan müəllimi” qəzetinin bütün heyətini 90 illik yubiley münasibətilə təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram. Sözünüz qılıncdan kəsərli, qələminiz iti olsun!”

 

Xalq şairi Nəriman Həsənzadə:

“Vaxtilə Mətbuat evində “Ədəbiyyat və İncəsənət” qəzetində baş redaktor kimi çalışanda bizimlə eyni mərtəbədə “Azərbaycan müəllimi” də fəaliyyət göstərirdi. O qəzetdə çalışanlar və oranın müəllifləri ilə əlaqələrim çox yaxşı idi. Redaksiyaya çox böyük ziyalılar, alimlər, müəllimlər gəlirdi. Bu mənada “Azərbaycan müəllimi” yarandığı gündən bu günə qədər bütöv bir təhsil sistemini əhatə edib. Hazırda qəzet təhsil prosesinin inkişafında mühüm rol oynayır. Fürsət olduqca “Azərbaycan müəllimi”ni oxuyuram və hər dəfə qəzetdəki yazıların məzmununu təhlil edirəm. Müşahidələrimə əsasən deyə bilərəm ki, bu qəzet ölkəmizdə fəaliyyət göstərən nüfuzlu qəzetlərdən biridir.

 

Bu mənada “Azərbaycan müəllimi”nin qarşısında böyük vəzifələr var. Şübhə yoxdur ki, qəzet təhsil sahəsindəki prosesləri çox yaxşı şəkildə işıqlandırır. “Azərbaycan müəllimi”ni 90 illik yubileyi münasibətilə təbrik edir, ona bu məsul vəzifədə uğurlar arzulayıram. Həmişə qabaqcıl olsun və təhsil sistemimizi qorusun. Çünki təhsilli xalqa heç kəs toxuna bilməz”.  

 

Xalq artisti Mənsum İbrahimov:

““Azərbaycan müəllimi” qəzeti birbaşa bizim, müəllimlərin qəzetidir. Təbii ki, mən də bir müəllim olaraq “Azərbaycan müəllimi”ni mütəmadi izləyirəm. Bu qəzetin böyük bir tarixi var. Sovet dönəmindən başlayaraq müxtəlif adlarla fəaliyyət göstərib və hazırda “Azərbaycan müəllimi” qəzeti kimi müəllimlərimizin, təhsilimizin fəaliyyətini, müəyyən problemlərini işıqlandırır.

 

“Azərbaycan müəllimi” qəzetinin bütün kollektivini 90 illik yubiley münasibətilə ürəkdən təbrik edirəm. Bu fədakar peşə sahibləri, kollektiv həqiqətən peşəkar insanlardır. Şübhəsiz, təhsili və bu peşəni sevən insanlar orada çalışırlar və onların hər birinə bu gözəl, şərəfli işlərində uğurlar arzu edirəm. O gün olsun 100, 150  və 200 illiklərini qeyd eləsinlər. Əziz “Azərbaycan müəllimi” qəzetinin kollektivi, yubileyiniz mübarək olsun!”

 

Xalq artisti Nurəddin Mehdixanlı:

“Yaxın günlərdə Azərbaycanın mətbuat tarixində çox unikal, çox gözəl bir yubiley olacaq. Bu, Azərbaycanın yazılı mətbuat tarixində öz dəsti xətti olan uzun ömürlü “Azərbaycan müəllimi” qəzetinin 90 illik yubileyidir. Müəllim deyəndə gözümüzün önünə mənsub olduğu millətə işıq, nur, elm, mədəniyyət gətirən, dünyanı tanıdan, taleyimizi və tariximizi bizə öyrədən, bizi bizə tanıdan müqəddəs peşə sahibləri gəlir. Müəllim bir millətin gələcəyini hazırlayan, bizə elmin qapılarını, həyatın qapılarını açan şəxsiyyətdir. Mənə elə gəlir ki, həm həyatda, həm seçdiyi peşəsində uğur qazanmış nə qədər insan varsa, onlar bütün uğurlarını hər şeydən öncə müəllimlərinə borcludur.

Bu gün müqəddəs peşə sahiblərinin həyatını, fəaliyyətini işıqlandıran, bizə tanıdan Azərbaycan müəllimi qəzetinin 90 yaşı tamam olur. Bu illər ərzində “Azərbaycan müəllimi” qəzeti Azərbaycanın təhsilinə xidmət edib. “Azərbaycan müəllimi” qəzeti müqəddəs insanlar haqqında salnamə yazan bir qəzetdir. “Azərbaycan müəllimi” qəzetinin bütün kollektivini, ümumiyyətlə bütün təhsil işçilərimizi bu yubiley münasibətilə təbrik edirəm. Hər birinə ayrılıqda cansağlığı arzulayıram. Millətimizin ölkəmizin qüdrətlənməsi naminə gördükləri və görəcəkləri bütün işlərin bundan sonra da davam edəcəyinə əminəm. Bu həm də millətimizə, xalqımıza işıq paylayan müəllimlərimizin, Azərbaycan mətbuatının bayramıdır. Bayramınız mübarək olsun!”

 

Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi:

““Azərbaycan müəllimi”nin 90 yaşı tamam olur və bu yubiley münasibəti ilə qəzetin bütün əməkdaşlarını, orada əziyyət çəkən hər bir kəsi təbrik eləmək istəyirəm, onların gördüyü müqəddəs bir işdir. Çünki bu mətbu orqanının obyekti birbaşa müəllimdir, müəllim isə bizə həm bir pedaqoq kimi elm, həm də bir valideyn kimi həyatı öyrədən şəxsiyyətdir. Ona görə də, müəllimlər bizim üçün hər zaman müqəddəsdir. İstənilən yaşda biz öz müəllimlərimizi unutmuruq, onları xatırlayırıq.

 

Məsələn, biz bu gün konservatoriyada gənclərə öz sənətimizin sirlərini öyrədirik. Bizim yetişdiryimiz tələbələr sabah Azərbaycan mədəniyyətini yaşadan, onun ömrünü uzadan şəxslər olacaq. Buna görə də, biz onlarla bir-bir məşğul olanda bu işin nə qədər çətin olduğunu yox, o tələbələrin gələcəkdə Azərbaycan mədəniyyətini yüksəklərə qaldıracağı barədə düşünürük. Müəllimlik, əslində, hər şeydən əvvəl tələbənin, şagirdin gələcəyini düşünməkdən ibarətdir.

 

“Azərbaycan müəllimi” qəzeti də müəllimin bu müqəddəs əməyini işıqlandıraraq, onun ucalarda olan əməyini daha da yüksəklərə qaldırır. Bu əhəmiyyətli işdə qəzetin əməkdaşlarına yüksək müvəffəqiyyət və yeni nailiyyətlər arzulayıram. Azərbaycan müəlliminin adını hər zaman belə uca tutun. Bayramımız mübarək”.

 

132-134 nömrəli təhsil kompleksinin müdiri, əməkdar müəllim Sara Xanlarova:

“Bu gün Azərbaycan təhsil sistemində çalışan hər bir pedaqoji işçinin həyatında mühüm bir gündür. Çünki 90 illik qocaman mətbu orqanı olan “Azərbaycan müəllimi”nin yubileyidir. Bu qəzetin hər bir müəllimin həyatında xüsusi rolu var. İllərin müəllimi olaraq topladığım böyük təcrübələrin bir hissəsində “Azərbaycan müəllimi”nin rolu dayanır. “Azərbaycan müəllimi” daim Azərbaycan müəlliminin maariflənməsinə, inkişafına, həyatda öz pedaqoji yolunu tapmasına, ümumiyyətlə, hər bir halda müəllimin inkişafına işıq tutan bir mətbu orqanıdır. Bugünkü “Azərbaycan müəllimi” bütövlükdə simasını dəyişmiş, yeni bir formatda, yeni bir inkişaf yolunu izləyən qəzetdir.

 

“Əkinçi” qəzetindən başlayaraq bu günə qədər müxtəlif dövrlərdə fəaliyyət göstərən bir çox qəzetlərimiz olub. Ancaq bütün müəllimlərə əziz olan bir mətbu orqanı var, o da bizim sevimli “Azərbaycan müəllimi”dir. Orada çalışan jurnalistlərin hər biri “Azərbaycan müəllimi”nin həyatında gözəl izlər buraxıb. Mən böyük məmnuniyyətlə “Azərbaycan müəllimi”nin kollektivini, habelə bütün təhsil işçilərimizi təbrik edirəm. 90 illik tarix yaşayan “Azərbaycan müəllimi” haqda ürək sözləri demək mənim üçün böyük fəxrdir. Bu maarif qəzetinə gələcək fəaliyyətində böyük uğurlar arzulayıram”.

 

Vətən müharibəsi iştirakçısı, Azərbaycan dili və ədəbiyyatı müəllimi Əli Abbasov:

“1934-cü ildən nəşr olunan “Azərbaycan müəllimi” qəzeti fəaliyyətə başladığı gündən tanınmış elm xadimləri ilə əməkdaşlıq edib. Bu qəzet müəllim fəaliyyətində, müəllim həyatında, müəllim təcrübəsində böyük rol oynayıb. Təhsil sahəsində dünya təcrübəsinin əlaqələndirilməsi, Azərbaycan müəlliminin bu əlaqələrlə, qabaqcıl təcrübələrlə tanış olmağı təhsilimizə böyük töhfə olub.

 

44 günlük Vətən müharibəsi zamanı Azərbaycan müəlliminin səngərdəki qəhrəmanlığını, siniflərdə yetişdirdiyi şagirdlərlə çiyin-çiyinə, qələmini silaha dəyişərək Vətəni müdafiə etdiyini bu mətbuat orqanı işıqlandırmışdı. Bir sözlə, “Azərbaycan müəllimi” qəzeti öz müəllimini addım-addım izləmiş, dəstək olmuşdur. Azərbaycan müəllimi də ona dəstək olan bu mətbuat orqanının yanındadır və onu 90 illik yubileyi münasibətilə təbrik edir, fəaliyyətində uğurlar diləyir.Yaşasın Azərbaycan, yaşasın Azərbaycan müəllimi və ona dəstək olan Azərbaycan müəllimi qəzeti! Bayramımız mübarək!”

 

Günel ABBAS

 



05.09.2024 | 11:00