Ümumi təhsil müəssisələrinin növbəti tədris ili üçün tədris planları təsdiqlənib - ƏMR
Ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üçün tədris planları təsdiq edilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb .
 
Əmrdə deyilir:
 
1. Azərbaycan Respublikasının tədris Azərbaycan dilində və digər dillərdə aparılan, azsaylı xalqların dilləri öyrədilən ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üçün aşağıdakı tədris planları və “Tədris planlarına dair qeydlər” təsdiq edilsin: 
 
1.1. Ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün tədris planları (1, 2 nömrəli əlavələr);
 
1.2. Azsaylı xalqların dilləri öyrədilən ümumi təhsil müəssisələrinin müvafiq sinifləri üçün tədris planları (3, 4, 5, 6 nömrəli əlavələr); 
 
1.3. “Tədris planlarına dair qeydlər” (7 nömrəli əlavə).
 
2. Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (Eşqi Bağırov) tapşırılsın ki, ümumi təhsil müəssisələrinin fəaliyyətinin müvafiq tədris planları əsasında təşkilinə nəzarət etsinlər.
 
3. Elm və Təhsil Nazirliyi Aparatının Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsi (Rəşad Xanlarov) bu əmrin surətinin aidiyyəti struktur bölmə və qurumlara göndərilməsini təmin etsin.
 
4. Elm və Təhsil Nazirliyi Aparatının İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi (Səbuhi Rzayev) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.
 
5. Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə olunsun.


06.09.2024 | 11:39