Ucarda yeni məktəb binasının açılışı olub
Sentyabrın 5-də Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin Sədri Elnur Nəsibov, Ucar Rayonu İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Müdiri Elçin Kərimov  Ucarda Əziz Əliyev adına Qazyan kənd 2 nömrəli tam orta məktəbinin yeni binasının açılış tədbirində iştirak ediblər. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, açılış zamanı rəsmilər əvvəlcə yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, yenidən tikilmiş məktəb 264 şagird yerlikdir. 
 
Qeyd etmək lazımdır ki, məktəb iki mərtəbəlidir. Məktəbin 1-ci mərtəbəsində direktor otağı, müəllimlər otağı, 5 sinif otağı, 1 tibb otağı, idman zalı, 2 geyinib-soyunma otağı,  idman müəlliminin otağı, bufet,  texniki işçilərin otağı, 2(gözətçi) mühafizə otağı  və 2  sanitar qovşağı yerləşir. Binanın 2-ci mərtəbəsində isə təlim-tərbiyə işləri üzrə direktor müavinin otağı, 6 sinif otağı, fizika, kimya, biologiya, informatika və hərbi kabinet, qızlar və oğlanlar üçün ayrılıqda xidmət edəcək 2 texnologiya otağı və 2 sanitar qovşağı yerləşir.İkinci mərtəbədə 108 yerlik iclas zalı, kitabxana da vardır.
 
Açılış zamanı bildirilib ki, Qazyan kəndində belə bir tədris binasının istifadəyə verilməsi ölkə təhsilinə, o cümlədən Ucarda tədrisin keyfiyyətinin yüksəldilməsinə göstərilən qayğının bariz nümunəsidir. 


06.09.2024 | 14:43